23 Dekabr 2024, Bazar ertəsi

İnsanın yaşayış keyfiyyətini müəyyən edən əsas göstəricilərdən biri sosial həyatın, asudə vaxtın səmərəli keçirilməsidir. Bu mənada, həm naxçıvanlılar, həm də muxtar respublikamıza gəlmiş qonaqlar şəhərimiz­dəki müasir və dəbdəbəli restoran və digər iaşə müəssisələrinin xidmətlərindən tez-tez istifadə edir, istirahətlərini yaxşı keçirməyə çalışırlar. Naxçıvan şəhərinin tarixiliklə müasirliyin qovuşduğu bir məkanında yerləşən “Nuh yurdu” restoranı da fəaliyyətə başladığı dövrdən belə ünvan kimi tanınmağa başlayıb. 

Muxtar respublikamızda əhalinin həyat səviyyəsinin yüksəlməsi insanları daha çox keyfiyyətli xidmətlər almağa sövq edir. Artıq əvvəlki dövrlərdən fərqli olaraq həyatımızın bütün sahələrində baş verən keyfiyyət dəyişiklikləri sosial-mədəni sahədə də açıq görünməkdədir. Elə “Nuh yurdu” restoranında da bunun bir daha şahidi olduq. Havanın gözəl olmasını fürsət bilən müştərilər restorana axın edirdi.
“Nuh yurdu” restoranı Naxçıvan şəhərinin Atabəylər məhəlləsində yerləşir. Tarixi Naxçıvanqalanın yaxınlığında, gözəl Araz mənzərəli, səs-küydən uzaq, yaşıllıqlar arasındakı bu ailəvi istirahət məkanına təşrif buyuran müştərilər üçün hər cür rahatlıq yaradılıb. Şübhəsiz, insan həyatı üçün nə qədər fiziki və estetik komfortluluq, erqonomik rahatlıq yaradılıbsa, bu, son nəticədə, daha məzmunlu mədəni istirahət və yaradıcı fəaliyyət deməkdir. Ona görə də insanlara nə qədər gözəl xidmətlər göstərilsə, onları nə qədər razı sala bilsək, bu, təkcə bizim işimizin uğuru deyil, həm də müştərilərimizin də razı qalması deməkdir. Muxtar respublikamıza gələn turistlərin sayının artdığı bir dövrdə bu, xüsusilə vacibdir. Müəssisənin rəhbəri Ceyhun Seyidovla söhbətimizdən də bir daha bu qənaətə gəldik.

“Nuh yurdu” restoranı 2015-ci ilin yayında fəaliyyətə başlayıb. Keçən müddət ərzində müəssisənin xidmətlərindən istifadə edənlərin sayı daha da artıb. Ümumi tutumu qışda 500, yay aylarında isə 650 nəfərdən çox olan restoranda müştərilərə keyfiyyətli xidmətlər göstərilməsi üçün hər cür təminat vardır. Restorana gəlmiş müştərilər istəklərinə görə Nuh Peyğəmbərin gəmisini xatırladan 70 nəfərlik gəmi maketli kafedə və ya 48 yerlik ailəvi oturma səbətlərində, yaxud da 100 və 130 nəfərlik banket zallarında yer seçib əyləşə bilərlər. Bunlardan əlavə, restoran ərazisindəki göldə yaradılmış 10 nəfərlik üzən qayıqlarda, 36 nəfərlik mağarada və qonaqlar üçün nəzərdə tutulmuş VİP məkanda nahar və ya şam edənlər buradakı xidmətləri uzun müddət xatırlayırlar. Gülərüz personalın göstərdiyi səlis və operativ xidmətlə yanaşı, buraya gəlmiş qonaqlar üçün qeyri-adi tərtibat, habelə həzin musiqi, sürətli internetə qoşulma imkanları, qışın soyuğunda istilik və yayın istisində sərinlik də təmin olunub. Xeyli sayda işçinin çalışdığı restoranda qonaqları qarşılayıb yola salan qarsonların və digər xidməti personalın peşəkarlığına, əcnəbi dil bilməsinə xüsusi fikir verilir, onların əməkhaqqının yüksək olması diqqətdə saxlanılır, işçilərə nəqliyyat xidmətləri göstərilir.
Hər bir restoran müəssisəsinin fəaliyyətində hazırlanan və müştərilərə təqdim olunan yemək çeşidləri həmişə maraq kəsb edir. “Nuh yurdu” restoranı da bu baxımdan öz müştərilərinə geniş çeşid təklif edir. Xalqımızın milli mətbəxində, xüsusən Naxçıvana xas olan yeməklərin ustalıqla hazırlanıb yüksək zövqlə masalara təqdim olunması üçün hər kiçik detala diqqət edilir, keyfiyyət tələbinə ciddi yanaşılır. Menyudakı ənənəvi kabablarla yanaşı, sac, qazan, tava yeməklərini, restoranın ərazisindəki göldən tutulmuş təzə balığı elə buradakı təndirdə bişirilmiş təzə Naxçıvan lavaşı ilə dadan müştərilər “Nuh yurdu”na bir daha gəlmək istəyirlər. Restorana məxsus “Nuh yurdu spesial” yeməyi, kətələr, yerli tərəvəz məhsullarından hazırlanmış salatlar və təbii üsulla bəslənmiş quş ətindən çəkilən kabablar və şübhəsiz, Naxçıvana məxsus ağartı çeşidləri qonaqların ən çox sifariş verdiyi yeməklərdəndir. Sifariş demişkən, “Nuh yurdu” restoranı evində qonaqları üçün təamlı süfrə açan naxçıvanlıları da unutmur. Qəbul edilmiş sifarişlər sürətli servislər vasitəsilə qısa zamanda şəhərin istənilən ünvanına çatdırılır.
İstənilən xidmət müəssisəsi, o cümlədən restoran üçün zəruri infrastrukturun yaradılması işin keyfiyyətini müəyyən edən əsas amillərdəndir. “Nuh yurdu” restoranında bu cəhətə də xüsusi diqqət yetirilir. Restorana gəlmiş qonaqların avtomobilləri üçün nəzərdə tutulmuş ümumi tutumu 70-80 avtomobil olan 2 dayanacaq yeri, bütün restoran ərazisinin işıqlandırılması, fasiləsiz elektrik enerjisi, ibadət otağı və digər təmizlik şəraiti ən tələbkar müştərilərə də lazımi xidmətlər göstərilməsi üçün yaradılıb. Şübhəsiz, təkcə ölkəmizin deyil, dünyanın ən təmiz, gözəl şəhərlərindən biri olan Naxçıvanda fəaliyyət göstərən istənilən sosial-­mədəni xidmət müəssisəsi üçün bütün bunlar vacib şərtlərdəndir. Bu mənada, İslam Mədəniyyəti Paytaxtı kimi bu il Naxçıvana təşrif buyuracaq çoxsaylı əcnəbi turistlərin qarşılanması üçün “Nuh yurdu” restoranında da ciddi hazırlıq işləri aparılır. Müştərilərlə əlaqələrin qurulması, korporativ müştərilərə, o cümlədən tələbələrə xüsusi qiymətlərlə xidmət göstərilməsi, reklamın genişləndirilməsi, sosial şəbəkələrdə paylaşımlar edilməsi, habelə müştərilərin istəyinə görə onlara peşəkar foto servisinin də göstərilməsi diqqətdə saxlanılır. Bütün bunlar “Nuh yurdu” restoranında mənalı saatlar keçirib, ailəsi və dostları ilə istirahət etmək istəyən naxçıvanlıların və turistlərin rahatlığı üçün yaradılıb. Məqsəd isə adı Nuh Peyğəmbərlə bağlı, sivilizasiyanın, şəhər mədəniyyətinin beşiyi olan Naxçıvanın zəngin süfrə ənənələrinin, qonaqpərvərlik elementlərinin qonaqlara daha yaxşı tanıtmaq, insanlara keyfiyyətli xidmət göstərib onlara xoş ovqat bəxş etməkdir.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR