Üzərlik... Bizim mifik inanclarımızın həqiqi təcəssümü... Azərbaycan mifologiyasında, inanclarında və elə indiki məişətində də üzərlik digər bitkilərdən bədnəzərdən qorumaq xüsusiyyətinə görə seçilir. Yəqin ki, çoxlarınız əksər evlərdə ona rast gəlmisiniz. Bəlkə, öz evinizdə də var. Qonşuluğumuzda yaşlı bir qadın var idi, Tutu nənə. Bu qadın üzərlikdən ev üçün müxtəlif asılqanlı bəzəklər düzəldib satırdı. O vaxt qonşularımızın hamısı Tutu nənədən həmin əşyaları alıb evinə asırdı. Hətta bizim evdə o, hələ də qalır. Özü də illərdir, olduğu yerdə. Evin qapısından içəri keçən kimi ilk olaraq gözüm ona sataşır.
Qara qüvvələri qovmaq və evdəki insanları bədnəzərdən qorumaq məqsədilə ondan hərə bir cür istifadə edir. Kimisi, qeyd etdiyim kimi, evində saxlayır, kimisi də vaxtaşırı yandırıb tüstüsünü ətrafına, evinə yayır. Deməli, üzərliyin yumru, yəni toxumlu hissələri qırılır, bir qədər sarımsaq və duz götürülür. Sağ əldə üzərliyin toxumları, sarımsaq qabığı və duz ailə üzvlərinin hər birinin başı üzərində tutularaq üç dəfə fırladılır və belə deyilir: “Kimin nəzərinə gəlmişik, onun nəzərini yandırırıq”. Daha sonra qazda və ya ocaqda qızdırılmış dəmir parçasının üzərinə atılaraq yandırılır. Hətta çox vaxt ocaqda yanan və qızaran üzərlik toxumları haqqında deyirlər ki, bunlar yanan gözlərdi. Üzərliyi yandıranda kimi bədnəzərdən qorumaq istəyirlərsə, o adam üzərliyi iyləməlidir.
Əgər evi bədnəzərdən qoruyurlarsa, bu halda yanan üzərliyi evin hər yerində, xüsusilə də künclərində gəzdirir və deyirlər:
Üzərliyim tüstülən
Bədnəzəri kor elə.
Qohum olsun, ya özgə,
Qoy qapıdan girməsin.
Uşağı bədnəzərdən qorumaq üçün üzərlik yandırıb deyirlər:
Göstər hökmünü, üzərlik.
Bir, iki, üç, dörd,
Çırtlasın, pırtlasın,
Yaman gözlər pırtlasın.
Qədim inanclara görə, bu otun tüstüsü evləri qara qüvvələrdən təmizləyir. Bundan əlavə, yeni doğulmuş uşaq olan evdə də bu bitkinin toxumları mütləq yandırılırdı. Bununla bizim qədim əcdadlarımız uşağı həm qara qüvvələrdən, həm də infeksiyalardan qoruyurdular. Elmi şəkildə sübut edilib ki, əslində, üzərliyin tüstüsü mikrob və infeksiyalara öldürücü təsir edir, evin havasını çox yaxşı təmizləyir. Evdə qrip və ya soyuqdəymə xəstəsi varsa, evin havasını mikrob və infeksiyalardan təmizləmək məqsədilə üzərlik yandırmaq məsləhət görülür.
Üzərlik çoxillik bitkidir. O, Naxçıvanda, demək olar ki, bütün bölgələrimizdə bitir. Ən maraqlı xüsusiyyəti, əsasən, qəbiristanlıq ərazilərində yayılmasıdı. İnternetdə rastlaşdığım bir məqalədə belə qeyd olunur ki, hətta üzərliyin rus dilində adlarından biri də “moqilnik”dir. Bu da tərcümədə “köhnə qəbiristanlıq” deməkdir. Yunan dilində isə üzərliyin adı “kömək etmək, xilas etmək” kimi tərcümə olunur.
Üzərliyi evlərin qapılarından, dükanların girəcəyindən asırlar ki, burada da məqsəd yenə bədnəzərdən qorunmaqdır. Toy məclislərində yandırıb məclis iştirakçılarının arası ilə gəzdirirlər. Maraqlıdır ki, İslam ilahiyyatçılarının fikrincə, bədnəzərlik cismani deyil, nəfsi xəstəlik sayıldığından onun müalicəsi də yalnız duanın köməyi ilə ola bilər.
Təbii ki, bütün bunlar bizim inanclarımızdan irəli gəlir. İnanclara inanmasanız da, arabir üzərliyi başınıza fırlayıb odun üstünə atın. Onun tüstüsünün bədnəzəri qovub-qovmaması elmi sübuta yetməsə də, hər halda, başağrısını yox edir. Çünki yanan üzərliyin qoxusu beyin damarlarını genişləndirir, qan dövranını yaxşılaşdırır.
Bəs gəlin görək insanları bədnəzərdən qoruyan bu bitkinin başqa hansı faydaları var?
İlk olaraq onu qeyd edək ki, üzərliyin toxumlarından xalq təbabətində geniş istifadə olunur. Bu bitkinin əsas faydalarından biri sinir sisteminə müsbət təsir göstərməsidir. O, əsəbləri sakitləşdirərək zehni və fiziki gərginliyi aradan götürür, sağlam və dərin yuxunu təmin edir. Hətta üzərlikdən hazırlanmış dəmləmə və cövhərlərin oynaq ağrılarına da yaxşı təsir göstərdiyini iddia edənlər var. Orta əsr alimləri üzərliklə kəskin əsəb xəstəliklərini, epilepsiyanı, iflici, zəifgörməni müalicə edirdilər.
Üzərliyin dəmləməsi soyuqdəymə xəstəlikləri, qarqara şəklində damaqların möhkəmləndirilməsi üçün də istifadə olunur. Xalq təbabətində üzərliyin dəmləməsinin mərkəzi sinir sistemi xəstəlikləri zamanı faydalı olduğu deyilir.
Sonda onu da qeyd edək ki, istər üzərlik olsun, istərsə də xalq təbabətində adıçəkilən hər hansısa bir vasitə, mütləq həkim məsləhəti ilə istifadə edilməlidir.
Fatma BABAYEVA