Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2018-ci il 9 fevral tarixli Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır və bu sərəncam pensiya təminatında artım dinamikasının, ümumən, əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin cari ildə də uğurla davam etdirildiyini təsdiq edir.
Həmin sərəncama əsasən əmək pensiyalarının sığorta hissəsi və fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı 2017-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 5,7 faiz artırılmışdır.
Ölkə başçısının bu sərəncamının icra edilməsi, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması məqsədilə fondun şəhər və rayon şöbələrinə müvafiq tapşırıqlar verilmişdir.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 2017-ci il 10 mart tarixli Azərbaycan Respublikasının Qanunu”na əsasən 1 iyul 2017-ci il tarixdən əmək pensiyasının baza hissəsi ləğv olunaraq, pensiyaların baza və sığorta hissələri birləşdirilərək vahid məbləğ kimi müəyyən edildiyindən artımlar əmək pensiyasının sığorta hissəsinin hamısına, yəni pensiyanın ümumi məbləğinə və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına tətbiq ediləcəkdir.
Artımlar muxtar respublika üzrə 47 min 994 nəfər əmək pensiyaçısına şamil ediləcək və pensiyalara yönəldilən aylıq vəsaitdə, ümumilikdə, 478 min manat artım olacaqdır. Muxtar respublika üzrə fərdi uçot sistemində qeydiyyatda olan 168 min 935 sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi də xüsusi proqram vasitəsilə avtomatlaşdırılmış şəkildə həyata keçiriləcəkdir.
Artım şamil olunacaq şəxslərin əmək pensiyalarının məbləğləri müxtəlif olduğundan pensiyalarda artımların məbləğləri də fərqli olacaq. Məsələn, 200 manat məbləğində olan əmək pensiyası üzrə hesablama aparsaq, indeksləşdirmə nəticəsində həmin pensiyanın məbləği 5,7 faiz, yəni 11,40 manat artırılaraq 211,40 manata çatdırılacaq.
Dövlət qulluqçusu, hərbi qulluqçu, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və digər belə kateqoriyalardan olan şəxslər kimi pensiyaya çıxmış vətəndaşların pensiyalarına bu artımlar tətbiq olunmayacaq.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən indeksləşmə 1 həftə ərzində yekunlaşdırılaraq bütün növ əmək pensiyaları ürzə hesablanmış artımlar, Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq 2018-ci ilin fevral ayının pensiya ödənişində yanvar ayının artımları da daxil olmaqla əmək pensiyaçılarına ödəniləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti