22 Dekabr 2024, Bazar

Yollar həmin yollar deyil

Redaksiyamızın sürücüsünə Culfa rayonunun Şurud kəndindən yazı hazırlayacağımı deyəndə bu yaşayış məntəqəsinə gedən yolun bərbad olduğunu bildirdi. Mən də: “Oqtay əmi, sən son dəfə nə zaman o kənddə olmusan?” – soruşanda cavab verdi ki, 20 il keçib üstündən. Ancaq necə əziyyətlə o kəndə gedib çatmağımızı heç unutmaram.
Budur, Şuruda gedən yoldayıq. Sürücümüzün yanıldığını gördükcə, düzünü deyim ki, sevinirdim. Gah yağış yağır, gah da külək əsirdi. Buludlar daş səltənətinə hökmranlıq edən Haça­dağın başına yığışdığından sanki yerlə göy birləşmişdi. Dağın ətəyinə qədər enən buludlar harasa tələsirmiş kimi sürətlə hərəkət edirdi. Fotomüxbirimiz Əli Xudiyev yol boyu qarşılaşdığımız gözəl təbiət mənzərələrini fotoaparatın yaddaşına köçürürdü. Yağışlı havada daha da möhtəşəm görünür sıralanan dağlar. Baxmaqdan doymursan. Bu yerlərdə gül-gülü, çiçək-çiçəyi çağırır. Dağların ətəyində qoyun sürüləri görünür. Kəklikotunun xoş ətri ətrafa yayılıb. Bu yerdə Aşıq Ələsgərin gözəl misraları yada düşür:

 

                     Kəkotu, qırxbuğum, qaymaq çiçəyi,
                     Bənövşə, qantəpər, qızlar örpəyi,
                     Qoyun mələşməsi, çoban tütəyi,
                     Çəkir uzaqlara xəyalı, yaylaq.

Yaylaq timsallı kənd və ya Əli babanın dedikləri...

Budur Şurud kəndi. O kənd ki, ilk dəfə torpaq islahatlarına burada başlanılıb. Kənd yolunun kənarında əkin sahəsini suvaran bir ağsaqqalla görüşdük, hal-əhval tutduq. “Baba, uzaq yol gəlmişik, danış bizə bu kəndin gəlmişindən-keçmişindən”, – deyə müraciət etdik. Üz-gözündən nur tökülürdü 80 yaşını haqlamış Əli babanın. Soruşur: “Ay bala, hardan gəlmisiniz?” Deyirəm ki, Naxçıvan şəhərindən, “Şərq qapısı” qəzetindən. De, ürəyindəkiləri qələmə alım.
Əli baba köksünü ötürür, keçmişə qayıdır: “Çətinliklərlə keçib həyatımız. Əvvəllər qışın soyuğunda, yayın istisində dağ cığırları ilə piyada, oradan da yük maşınları ilə Naxçıvan şəhərinə gedərdik. Şurudun başı çox bəlalar çəkib. Sizə hansından danışım? Andranikin kəndimizin əhalisinin başına açdığı müsibətlərdənmi? Yoxsa keçən əsrin 90-cı illərinin məlum hadisələrindən? O illəri ürəkağrısı ilə xatırlayıram. Bütün bunlara baxmayaraq, doğma yurda sevgini, işıqlı sabaha inamı itirməyən şurudlular yaşayıb-yaratmaq uğrunda mübarizə apardılar. İndi o ağır və məşəqqətli günlər öz yerini xoş güzərana verib. Həmişə bir-birinin xeyir-şərinə yarayan, bir-birinə dayaq olan kənd camaatı çiyin-çiyinə işləməklə gün-güzəranlarını yaxşılaşdırıblar”.
Mən deyəndə ki: “Maşallah, Əli baba, çox gümrah görünürsünüz” üzünə təbəssüm qondu. Dilləndi: – Ötən əsrin 90-cı illərinin əvvəllərinin ağır, məşəqqətli günləri olmasaydı, bu gün daha gümrah görünərdim.
Onun bu sözlərini isə tez dəftərçəmə yazdım: “Ürəyi, qəlbi geniş olan adamlar həmişə həyatda çox yaşayırlar. Gərək mənalı və faydalı bir ömür yaşayasan ki, Ulu Tanrı da sənə uzun ömür qismət edə”.
Əli babadan ayrılıb kəndə gedərkən “Şurud” etimologiyası haqqında filologiya elmləri doktoru Adil Bağırovun qənaətini xatırladım. Şurud kəndinin adı 1590 və 1728-ci illərdə Şurut kimi qeydə alınıb. Bu ad “ən birinci, ən yaxşı çay suyu” mənasında işlənir ki, bu da kəndin bulaqlarının suyu ilə əlaqədardır.

Kəndlə tanışlıq

Şurudda heyvandarlığın, arıçılığın inkişafı üçün imkanlar genişdir. Kənddə 520 baş iribuynuzlu, 2100 baş xırdabuynuzlu heyvan bəslənilir. Meyvəçilikdən xeyli gəlir götürən torpaq mülkiyyətçiləri də az deyil.
Deyirlər, ailə kəndin, şəhərin və bütövlükdə ölkənin kiçik modelidir. Məhz kənddə olarkən Şurudun, ümumiyyətlə, Azərbaycan kəndinin sosial-iqtisadi vəziyyətinin ümumi mənzərəsini bir ailənin timsalında açıb göstərmək istədik. Bu məqsədlə Səttarxan İmaməliyevin evində olduq. Bu ailənin qonaqpərvərliyi, mehribanlığı haqda geniş danışmaq olar. Çünki bu üstün keyfiyyətlər insanlarımıza gendən, qoynunda böyüdüyümüz bu gözəl torpaqdan, zəngin təbiətdən keçir. Səttarxan müəllim məktəbdə işləyir. Ancaq təsərrüfatdan da ikiəlli yapışıb. Soruşmuram, neçə xırdabuynuzlu, neçə iribuynuzlu heyvan saxlayırsan? Necə dolanırsan? Hər şey göz qabağındadır. Süfrəsinə gətirdiyi qaymaq, kərə, pendir, bal... Bu nemətlər ailənin gün-güzəranından xəbər verir. Deyir ki, Ulu Tanrı dövlətimizin bayrağını uca eləsin. Bütün problemlərimiz həll olunub. Heç nəyə ehtiyacımız yoxdur.
İldən-ilə Şurudda ailələrin sayı artır. Bu qədim yurd yerində gənc ailələrlə də söhbətləşdik. Səbinə Mustafayeva Bakı şəhərinin Hövsan qəsəbəsindəndir. Şuruda gəlin gəlib. Hazır­da kənd məktəbində ibtidai siniflərə dərs keçir. Gülnar Bayramova isə Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirib. O da bu kənddə ailə qurub və kənd məktəbində müəllimə işləyir
Şurudda hamı həyətyanı sahəsində meyvə-tərəvəz becərir. Məmməd düzündə isə dəmyə taxılçılığı inkişaf etdirilir. Əldə olunan məhsul kəndlinin tələbatını ödəməyə yetir. Şurud pendirinin, tut arağının, doşabının şöhrəti ölkəmizin paytaxtına qədər gedib çıxıb. Bu məhsulların xüsusi alıcıları var.
Arı ailələrinin sayı 900-ə çatıb. Ötən il hər arı ailəsindən 10 kiloqrama qədər məhsul götürən arıçılar bu sahənin daha da inkişaf etdirilməsində maraqlıdırlar. Bu il daha çox məhsul əldə etmək əzmi ilə səy göstərən mülkiyyətçilər arı ailələrini Göy dağının ətəyindəki “Yarpaqlı” deyilən sahəyə çıxarıblar. Yaşı yetmişi ötmüş Ələmqulu Orucov bu sahəni çox gözəl bilir. 50-dən artıq arı ailəsi saxlayır. Oğlu Fariz də artıq bu sahəni öyrənib.
Kəndlə tanış olarkən bir meyvə bağı diqqətimizi çəkdi. Bu bağ Ağaqulu Əhmədova məxsusdur. Dövlətdən aldığı kredit hesabına böyük bir bağ salıb. Artıq bəhrəsini də görür.
Bir məsələni də deyim ki, kənddə dolanışıq təkcə təsərrüfat hesabına deyil. Demək olar ki, hər ailə dövlətdən məvacib alır. Başqa sözlə, kimi icra nümayəndəliyində, kimi bələdiyyədə, kimi məktəbdə, kimi klubda, kimi kitabxanada, kimi həkim ambulatoriyasında işləyir, kimi isə pensiya alır.

Şurudlu gənclər rekord nəticə əldə edirlər

Şuruddan söhbət açmışkən son illərdə Şurud kənd tam orta məktəbinin təhsildə uğurlar qazanmasını da xüsusi vurğulamalıyıq. Biz məktəbə daxil olanda öyrəndik ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilir. Tədbir başa çatdıqdan sonra müəllimlərlə söhbətləşdik, repetitor yanında hazırlıq keçməyən, orta məktəbi “yaxşı” və yaxud “əla” qiymətlərlə başa vuraraq yüksək balla ali məktəblərə daxil olan şurudlu gənclərin uğurlarına nəzər saldıq.
Qeyd edək ki, təhsil ocağının binası 2000-ci ildə istifadəyə verilib. O zamana kimi burada natamam orta məktəb uçuq-sökük bir binada yerləşib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə kənddə yeni məktəb binası tikilib. Ancaq təhsil ocağının yeni binada fəaliyyət göstərməsinə baxmayaraq, 8 il müddətində bu məktəbdən ali təhsil müəssisələrinə qəbul olmaması narahatlıq doğururdu. Bu da bir həqiqətdir ki, təhsil işi bir ilə, iki ilə bəhrə verə bilməz. Təsadüfən deyilməyib ki, planın birillikdirsə, buğda ək, onillikdirsə, ağac ək, yüzillikdirsə, məktəb tik. Bəli, Şurud kənd tam orta məktəbində yaradılan şərait öz bəhrəsini verib. 2008-2009-cu tədris ilində məktəbi bitirən 3 məzundan bir nəfəri, 2009-2010-cu tədris ilində 4 məzundan 2 nəfəri ali məktəbə qəbul olunub. Bu uğurlardan ruhlanan məktəb kollektivi əzmlə çalışaraq 2010-2011-ci tədris ilində uğuruna daha bir uğur qatıb. Həmin il məktəbi bitirən 4 məzun ali məktəbə qəbul olunub. Ötənilki qəbul imtahanlarında məktəbi bitirən 8 məzunun hamısı tələbə adını qazanıb. Fədai Nuriyev 560 bal toplayıb. 2012-2013-cü tədris ilində məktəbi 5 nəfər bitirib. Onların ikisi sınaq imtahanlarında 500-dən yuxarı bal toplayır. Məktəbin direktoru İlham Şəkərəliyev deyir ki, həmin şagirdlərin 5-nin də tələbə adını qazanacağına şübhə yoxdur.
Hazırda məktəbdə 32 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 16 müəllim məşğul olur. Sevindirici haldır ki, müəllimlərin əksəriyyəti gənclərdir. Məktəb direktoru bizi təhsil ocağı ilə yaxından tanış edərkən dedi: “Uğurlarımız bizi arxayınlaşdırmır. Çalışırıq ki, məktəbi bitirən məzunların hamısı 600-dən yuxarı bal toplasın. Növbəti qəbul imtahanında hədəfimiz budur”.

Bu kənddə də milli dəyərlərə sadiqlik var

Şurudda gənclər ağbirçək və ağsaqqallara böyük hörmət, ehtiram göstərirlər. Onlar milli adət-ənənələrimizə, milli geyimlərimizə hörmətlə yanaşırlar. Xüsusən də xeyir-şər məclislərində birlik nümayiş etdirirlər. Bu səmimi və işgüzar adamlarla ünsiyyətdə olduqca onların yaşayıb-yaratmaq əzmi qarşısında heyrətlənməmək olmur. Culfanın heç bir kəndində şənliklər buradakı qədər sözlü-sazlı, duzlu-məzəli keçmir. Hamı böyük-kiçiyin yerini bilir. Şurudlular Şərurda məşhur olan “Qazı-qazı” yallısını da özlərinə məxsus şəkildə oynayırlar. Toy üçün heç kəsə dəvətnamə verilmir.

Artıq Şuruddan ayrılmaq vaxtı gəlmişdi. Növbəti dəfə Şuruda gələndə, heç şübhə yoxdur ki, burada tikiləcək kənd mərkəzindən, həkim ambulatoriyasından və başqa tikililərdən söhbət açacağıq. Bir daha dönüb dağlar arxasında dayanan bu məğrur yurd yerimizə səslənirəm: Odlar yurdumuzun bir parçası olan ulu torpaq! Sən bizim anamızsan, halımıza yananımızsan. Sən hikmətsən, sən qismətsən, sən qüdrətsən. Sən hünərsən, sən zəfərsən. Qızıldan da qiymətlisən, bərəkətli nemətlisən. Şən firavan həyatımız, qanadımız-qolumuzsan. Nur işıqlı yolumuzsan. Var olasan həmişə.

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR