Tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı muxtar respublikada həyata keçirilən sosial siyasətin istiqamətlərindən biridir. Bu prinsip əsas götürülərək ən son yenilikləri özündə əks etdirən avadanlıqlarla təchiz olunmuş tibb ocaqlarının istifadəyə verilməsi muxtar respublikanın səhiyyə sisteminin müasirləşdirilməsi istiqamətində görülən işlərin tərkib hissəsidir. Bu tədbirlərin davamı olaraq bu il yanvarın 25-dən muxtar respublikanın sərhəd rayonu olan Sədərəkdə icbari tibbi sığortanın tətbiqinə başlanılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il mayın 3-də “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Ötən dövrdə bu məqsədlə bir sıra işlər görülüb, Rayon Mərkəzi Xəstəxanasında müasir avadanlıqlar quraşdırılıb, həkimlər təyin olunub. Yeni sistem ən müasir tələblərə uyğun qurulub. Sədərək rayonunda tibbi sığortanın tətbiqi sahəsində qazanılan təcrübə muxtar respublikanın digər rayonlarında da tətbiq olunacaq.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Vüsal Məmmədov bildirib ki, icbari tibbi sığortaya keçid, vətəndaşların tibbi xidmətlərə əlçatanlığını və keyfiyyətini artıraraq səhiyyə sisteminin maliyyə potensialını gücləndirəcəkdir. İcbari tibbi sığortanın baza zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ambulator müayinə və müalicə, stasionar müalicə, funksional-diaqnostik müayinələr, fizioterapevtik xidmətlər, laborator müayinələr, hamiləlik və doğuş xidməti, təcili vaksinasiyalar, uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiyası, cərrahi əməliyyatlar və müxtəlif xəstəliklər üzrə dispanser müşahidələr daxildir.
Muxtar respublikada icbari tibbi sığortanın elektron qaydada həyata keçirilməsi üçün its.naxcivan.az internet saytı və “Səhiyyə informasiya idarəetmə sistemi” yaradılıb. Saytda onlayn sığortalanma, müraciət və qeydiyyat bölmələri istifadəyə verilib. Bu da əhalinin internet üzərindən birbaşa elektron qaydada sığortalanmasına, qeydiyyatdan keçməsinə və onlayn müraciətlərin aparılmasına imkan verəcəkdir.
Sığortaolunan vətəndaş İcbari Tibbi Sığorta Şəhadətnaməsinin nömrəsini daxil etməklə müayinə tarixçəsi, müayinənin gedişi və nəticələrinə dair məlumatları əldə edəcəkdir. Sığortaolunanlara hər 6 aydan bir ümumi müayinələrə cəlb olunmaları haqqında milli peyvənd təqvimi, dispanser nəzarətə ehtiyacı olan xəstəliklərin müayinəsi barədə SMS vasitəsilə məlumatlar göndəriləcəkdir.
İcbari tibbi sığortanın tətbiqi səhiyyə işçilərinin əməkhaqlarına da təsir edib. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamına əsasən Sədərək Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib və xəstəxananın işçilərinin aylıq əməkhaqları 2018-ci il fevralın 1-dən 50 faiz artırılıb.
Sədərək Rayon Mərkəzi Xəstəxanasında 23 kompüter quraşdırılıb, rayon əhalisi qeydiyyata alınıb, vahid məlumat bazası və server otağı yaradılıb. Bu da imkan verəcəkdir ki, hər bir həkim müayinə etdiyi xəstə haqqında məlumatı sistemdə yerləşdirə bilsin. Həmçinin xəstəxanada ən müasir texnoloji yenilikləri özündə birləşdirən aparatlar quraşdırılıb.
Xəstəxanada olarkən rayon və kənd sakinlərindən icbari tibbi sığorta ilə bağlı müraciətlərində fəallıq müşahidə etdik. Onlardan Sədərək kənd sakini Tahirə Qasımova, Qaraağac kənd sakini Məhərrəm Seyidov icbari tibbi sığortanın tətbiqinin əhalinin sağlamlığının qorunmasına dövlət qayğısının ifadəsi olduğunu bildirdilər.
İcbari tibbi sığortanın ilk olaraq Sədərək rayonunda tətbiqinin də mühüm əhəmiyyəti var. Çünki Sədərək rayonu sərhəd yaşayış məntəqəsidir. Bu da rayonun strateji əhəmiyyətini artırır. Bu gün dövlətimiz tərəfindən rayonun inkişafına xüsusi diqqət yetirilir, əhalinin sağlamlığının qorunması da diqqət mərkəzində saxlanılır.
Qeyd edək ki, icbari tibbi sığortanın tətbiqi səhiyyə sistemini inkişaf etdirəcək, bununla yanaşı, tibb sahəsində çalışanların sosial-iqtisadi rifahını artıracaq, səhiyyə sistemində əhaliyə göstərilən tibbi xidmətlərin müasir standartlara uyğun yenilənməsini təmin edəcəkdir. Bunun nəticəsində mərkəzləşmiş xəstəxanalarla paralel şəkildə rayon xəstəxanaları və kənd ambulatoriyaları da inkişaf etdiriləcək və bu da, öz növbəsində, mərkəzi xəstəxanaların xidməti yükünü böyük ölçüdə azaldacaqdır.
Hüseyn ƏSGƏROV