23 Dekabr 2024, Bazar ertəsi

Deyirlər insanı qarşılıqsız sevgi ilə daha çox valideynləri sevər. Bu sevgiyə baxmayaraq, bəzən valideyn ilə övlad arasında müəyyən anlaşmazlıqlar da olur. Hətta belə hallarda vəziyyət o həddə çatır ki, valideyn başqalarıyla dil tapdığı halda, övladları ilə dil tapa bilmir. Bəs necə olur ki, valideyn-övlad münasibətləri bu həddə çatır? Daha doğrusu, övladları ilə aralarında olan bağı qoparmamaq üçün valideynlər nə etməlidirlər?

Mövzu ilə bağlı psixoloq Şahnaz Məmmədova söhbətimiz zamanı bildirdi ki, bəzi valideynlər övladlarını tərbiyə etməyə onları mühakimə etməklə, irad bildirməklə başlayırlar. Ancaq “Mən böyüyəm, hər zaman məsləhət verə bilərəm və məsləhətim də mütləq düzdür” fikri ilə uşağa heç nə aşılamaq mümkün deyil. Əksinə onda qıcıq yaradırlar. Belə hallarda uşaqlar özünü müdafiə etməyə çalışır, valideynin təzyiqlərindən yaxa qurtarmaq üçün müxtəlif vasitələrə əl atırlar.
Azərbaycan ailəsində valideynlərin öz övladlarına olan məhəbbəti, həssaslığı hamıya məlumdur. Onların bəzi səhvləri elə övlada olan sevgilərindən irəli gəlir, bunun ifrat dərəcədə olması bəzi fəsadlara gətirib çıxarır. Uşağa ilk olaraq özünəinam qazandırmaq lazımdır. Kiçik yaşlardan “sən yorulma, mən edərəm”, “sən getmə, mən gətirərəm”, “sən bacarmazsan, mən həll edərəm” deməklə onlara özünəinam hissi aşılaya bilməzlər. Belə olduqda uşaq gələcəkdə də valideynindən daimi olaraq nəsə etməyini gözləyir. Bunun özü də zamanla onlar arasındakı problemlərə səbəb olur.

Şahnaz Məmmədova qeyd edir ki, övlad böyüdükcə valideynin ondan gözlədikləri də artır. Deyək ki, məktəbəqədər yaşında olan uşaqdan təkcə sözə baxmasını, nadinclik etməməsini istəyirlərsə, böyüdükcə dərslərini yaxşı oxumasını, bacarıqlı şagird, yaxud da fərqlənən bir tələbə olmasını gözləyirlər. Qısaca, onlardan yaşıdlarından bir addım öndə olmalarını istəyirlər. İstədikləri kimi bir övlad olmayanda kiminləsə müqayisə etməyə çalışırlar. Bu müqayisələrlə uşaqlarda olan özünəinamı sındırmaqla bərabər, onunla olan bağları da qoparmış olurlar.
Hər bir valideyn istəyər ki, övladı savadlı, intellektli olmaqla yanaşı, eyni zamanda müxtəlif bacarıqlara da yiyələnsin. Yəni bir çox peşə və sənət sahələrində də özünə yer tapsın. Onu da bilmək lazımdır ki, valideynlərdən daha çox bunu məhz elə uşaqlar istəyir. Çünki kiçik yaşlarından çalışmaları, hərəkətləri, bir sözlə, etdikləri müsbət istiqamətli hər şey valideynin alqışını qazanmaq üçündür. Düşünür ki, əgər bunu etsəm, valideynim mənimlə fəxr edər. Lakin arzulara aludə olub, uşağı həddindən çox yükləmək də doğru deyil. Hər bir yaşın özünün qavrama həddi var və valideynlər bunu nəzərə almalıdırlar. Uşağın istirahətə, gəzməyə, ən əsası isə valideynlə ünsiyyətə də vaxtı qalmalıdır.
Psixoloq deyir: “Bəzən valideynlər uşaqlarının aqressiv olması ilə əlaqədar bizə müraciət edirlər. Uşaqla söhbətdən başa düşürük ki, problemin qaynağı valideynin övladı ilə ünsiyyət qurmaması, onunla arasında mənəvi bağ yaratmamasıdır. Uşaqlar diqqət istəyirlər. Bunu görməyəndə isə özlərinə qapanırlar. Yəni valideyn olmaq təkcə uşağı dünyaya gətirmək, maddi baxımdan təmin etmək demək deyil. Uşağa daim diqqət yetirmək lazımdır. Məsələn, onu maarifləndirməli, məsləhətlər verməli, problemlərini dinləməlidirlər. Yalnız övladı ilə deyil, onun ətrafındakı dostları ilə də maraqlanmalı, gün ərzində eyni mühiti paylaşdığı insanları da tanımalıdırlar. Övladını öz problemləri ilə bezdirməməli, onun qarşısında həmişə güclü görünməlidirlər. Həm də elə güclü ki, o, bütün problemlərini valideynin həll edə biləcəyindən əmin olsun. Könül rahatlığı ilə onu narahat edən nə varsa, valideyninə danışsın. Övladı üçün hər şey etməli, lakin hər fürsətdə bunu dilə gətirənlərdən olmamalıdırlar. “Mən sənin üçün bunu etdim”, “onu aldım”, “filan qədər pul xərclədim” və sair. Əks təqdirdə, bir müddət sonra o, valideyndən heç nə istəməyəcək qədər soyuyacaq, zamanla isə tamamilə yadlaşacaq”.
Texnologiyanın inkişaf etdiyi, gənclərin sosial şəbəkələrdə fəallıq göstərdiyi bir zamanda valideynlərin daha diqqətli olmasının əhəmiyyətini qeyd edən Şahnaz Məmmədova bəzi gənclərin onları mühakimə etmədiyinə görə tanımadıqları adamları həmsöhbət seçməyi daha üstün tutduqlarını vurğulayır. Bu isə bir sıra hallarda mənfi nəticələr verir.
Uşaq bir şeyi inadla istədikdə valideynlər bəzən özlərini haqlı sayaraq ona şiddət tətbiq edirlər. Onlar uşağın başa düşəcəyi dillə yox, öz yaşıdlarıyla danışırmışlar kimi davranırlar. Bu isə səhv bir addımdır. Cəza alan, döyülən uşaqlarda qorxu qalmır və azadlığa can atırlar. Onlar öz istədiklərini edirlər. Ailədaxili münaqişələri olan uşaqlarda istənilən mübahisəli mühit onlar üçün adiləşir.
Şahnaz Məmmədova bildirir ki, uşaqlarla başa düşəcəkləri şəkildə davranılmalı, onlarla yaşlarına uyğun tərzdə danışılmalıdır. Məsələn, əgər uşaq həddindən artıq şokolad yeyir və bu da valideyni narahat edirsə, dava-dalaşla, ağladaraq əlindən almaq yerinə müxtəlif misallarla ondan çox istifadənin verə biləcəyi ziyandan danışmalıdır. Ən yaxşı yol isə nağıllardır. Gecə kiçik bir nağıl danışa və nağıldakı qəhrəmanın çox şirniyyat yeməyin fəsadlarından xəbəri olduğu üçün ondan qədərində istifadə etdiyini və sair deyə bilərlər. Görəcəklər ki, səhəri gün siz heç nə etmədən uşağın özü könüllü olaraq şirniyyatdan bir qədər uzaq duracaq. Bütün narahatlıqları bu yolla aradan qaldırmaq olar. Lakin valideynlərin bəziləri laqeyd olur. Özünə qarşı hansı tərbiyə metodundan istifadə edilibsə, onu eynilə övladının da tərbiyəsində təkrarlayır. Halbuki zamanında özü də kiçik yaşlarında bu metodla razılaşmırdı. Bəs indi niyə öz övladına tətbiq edir?
Ənənəvi tərbiyə metodlarının bəzisi təsirli olsa da, hər bir valideyn bu işdə maariflənməli, öyrənməli, bəzi məsələləri araşdırmalıdır. Valideynlərin bir qismi düşünür ki, mən vaxtilə bunu tətbiq ediblər, mən də övladıma eynisini tətbiq edəcəyəm. Eləsi də var fikirləşir ki, məni filan şeydən məhrum ediblər, amma mən öz uşağımı sərbəst buraxacağam. Bunların hər ikisi səhv yanaşmadır. Hər valideynin özünəməxsus tərbiyə metodu olmalı, uşağın fərdi-psixoloji keyfiyyətləri nəzərə alınmalıdır.
Bəzi valideynlərin başqa bir valideynin təsirinə düşməsi halları ilə də rastlaşırıq. Məsələn, bir valideyn deyir ki, mənim də övladım əvvəl kompüterlə çox vaxt keçirirdi, mən filan addımı ataraq onu bundan uzaqlaşdırdım və sair. Valideyn gəlib birdən-birə həmin metodu övladına tətbiq edəndə uşaqda asistemlik yaranır. Yəni illərdir ki, öyrəşdiyi sistemdən ona tamamilə yad bir sistemə keçid alınır. Bu da həmişə yaxşı nəticələr vermir.
Qeyd edək ki, beyində olan dalğalardan asılı olaraq uşaq axşam yuxuya gedən vaxt verilən tövsiyələri daha yaxşı qavrayır. Çünki yuxuya gedən zaman onun şüuraltı açıq olur. Bəlkə də, buna görə nənələrimiz nağılları məhz elə yuxu saatlarında danışırmışlar. Ona görə ki, nağıllarda bizi pis yola çəkəcək heç nə yoxdur. Ümumiyyətlə, nağılın, laylanın hər birinin həyatımızdakı mahiyyətini dərk etməliyik. Təəssüflər olsun ki, bəzi valideynlər müasirlik adıyla bu ənənələri davam etdirmirlər. Lakin bu, heç də müasirlik deyil. Müasir insan bütün müsbət təcrübələri həyatında tətbiq etməlidir.
Psixoloq onu da bildirir ki, uşaq eşitdikləri ilə deyil, daha çox gördükləri ilə tərbiyə olunur. Yəni onlara nə deyilməsindən çox, özünün gördükləri daha vacibdir. Məsələn, gənclik illərində dərsdən qaçmağından, valideynin üzünə ağ olmağından, nadincliyindən danışan valideyn uşaqdan sağlam tərbiyə gözləyə bilməz.
Valideynlər övladlarını məcburiyyət qarşısında qoymadan onlara yol göstərməlidirlər. Bəzi valideynlər övladlarının ixtisas seçimindən tutmuş həyat yoldaşı seçiminə qədər bir çox qərarlarına qarışırlar. Qəbul etməliyik ki, bütün bunlar onu bizdən soyudan səbəblərdəndir. Valideynlər daha təcrübəli olduqlarından dost seçimində məsləhətlər verə, müdaxilələr edə bilərlər, lakin onların həyatında, necə deyərlər, kəskin söz sahibi olmaq düzgün deyil.
Psixoloqun fikrinə görə, valideyn arzusunun real sərhədləri olmalıdır. Bəzən gənclər sırf valideynlərinin arzusu ilə hərəkət edərək sevmədiyi ixtisası seçir, ancaq təhsilini başa vurduqdan sonra bu sahədə işləmək istəmirlər. Yəni, sizcə, bu zaman övladınızın ömründən illər almırsınızmı? Axı o, sizin arzularınızı yerinə yetirəcəksə, bəs öz xəyallarını nə vaxt reallaşdıracaq? Zənnimcə, valideyn-uşaq arasındakı problemlərin hamısı məhz elə buradan qaynaqlanır: onun həssaslıqla, bəzəyərək qurduğu xəyalları heçə saymaqla. Bundan sonra ona dəstək olub xəyallarına gedən yolda əlindən tutub yanaşı gedərək məqsədinə çatdırmağa çalışmaq da mümkündür. Lap elə bu məqaləni oxuduqdan sonra müəyyən mənada buna nail olmaq mümkündür. Sizcə də bir yerdən başlamaq lazım deyilmi?

 Fatma BABAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR