“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların sosial müdafiəsinin güclənməsinə, səmərəli məşğulluq üçün əlverişli şəraitin yaradılmasına, özünüməşğulluq və peşə hazırlığı imkanlarının artırılmasına zəmin yaradıb. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət proqramının icrası istiqamətində 2017-ci ildə də bir sıra tədbirlər həyata keçirilib.
Belə ki, muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi üzrə nazirlik və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi tərəfindən 2017-ci ilin əvvəlində “Naxçıvan Muxtar Respublikasında əmək bazarının vəziyyətinə dair məlumat” hazırlanaraq muxtar respublikanın əmək bazarında tələb və təkliflər müəyyənləşdirilib, təhlillər aparılıb. Aprel və sentyabr aylarında müxtəlif peşə istiqamətləri üzrə kadrlara olan tələbatı müəyyənləşdirmək məqsədilə 167 müəssisədə sorğu keçirilib. Sorğuların nəticələrinə əsasən müxtəlif peşə istiqamətləri üzrə kadrlara olan tələbat müəyyənləşdirilib.
Əmək bazarında əcnəbi işçilərə olan tələbatı da öyrənmək məqsədilə təhlillər aparılıb, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən 2018-ci il üçün əmək miqrasiyası kvotası təsdiq edilib. Kvota müvafiq iqtisadi fəaliyyət sahələri üzrə 500 yerdən ibarətdir.
Görülən işlər sırasında aktiv məşğulluq tədbirləri də əhəmiyyətli yer tutur. Belə ki, 2017-ci ildə 3330 nəfər məşğulluq mərkəzləri tərəfindən işaxtaran kimi qeydiyyata alınıb. 3353 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub.
Muxtar respublika üzrə 374 nəfər müvəqqəti işlərə, 280 nəfər işaxtaran isə sosial əhəmiyyətli haqqıödənilən ictimai işlərə cəlb edilib. Bunlardan 832 nəfəri işlə təmin olunub. Tətil günlərində işləmək istəyən 40 tələbə mövsümi işlərə göndərilib. Hərbi xidmətdən yeni tərxis olunan şəxslərin məşğulluğunun təmin edilməsi də nəzarətdə saxlanılıb, bu qəbildən olan 33 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub, 1 nəfər isə peşə hazırlığına cəlb edilib.
Yeni iş yerlərinin yaradılmasında özəl sektorun əhəmiyyəti nəzərə alınaraq 2017-ci ildə Sahibkarlığa Kömək Fondu hesabına 18 layihənin maliyyələşdirilməsinə 458 min 700 manat vəsait yönəldilib. Bəhs olunan dövrdə özəl investisiya qoyuluşu hesabına kiçik və orta sahibkarlığın inkişafı sahəsində 17 layihənin maliyyələşdirilməsi başa çatdırılıb, 3 layihənin həyata keçirilməsi davam etdirilib. Bu dövrdə 615 yeni iş yeri yaradılıb.
Muxtar respublikada fəaliyyət göstərən banklar və digər kredit təşkilatları tərəfindən sənayenin inkişafına 566 min, tikinti sektoruna 70 min, ticarətin inkişafı üçün 6 milyon 361 min 400, nəqliyyat və rabitə sahələrinə 1 milyon, kənd təsərrüfatının inkişafına isə 2 milyon 256 min 300 manat həcmində güzəştli şərtlərlə kredit verilib. Kreditlərin 1 milyon 962 min manatı Sahibkarlığa Kömək Fondunun vəsaiti hesabına ödənilib.
Ötən dövrdə yerli xammal ehtiyatlarından istifadəyə, o cümlədən müasir texnologiyaların tətbiqi yolu ilə tələbatı idxal hesabına ödənilən muxtar respublikanın rayon, qəsəbə və kəndlərinin xammal və əmək ehtiyatları nəzərə alınmaqla yeni istehsal sahələrinin fəaliyyətə başlaması məqsədilə müxtəlif təyinatlı 55 layihə hazırlanıb və sahibkarlara təqdimatı keçirilib. Yerli resurslara əsaslanan yeni istehsal və xidmət müəssisələrinin yaradılması istiqamətində 38 müəssisə açılıb, 8 müəssisənin yaradılması istiqamətində işlər davam etdirilib.
Muxtar respublikada əhalinin məşğulluğunun təmin olunması, yeni istehsal və xidmət sahələrinin yaradılması məqsədilə banklar və kredit təşkilatları tərəfindən iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsi 2017-ci ildə də davam etdirilib, il ərzində real sektora 10 milyon 253 min 700 manat məbləğində kredit dəstəyi göstərilib.
Hesabat ilində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən əmək və xammal ehtiyatları nəzərə alınmaqla 8 müxtəlif təyinatlı, kiçikhəcmli layihə hazırlanıb və iqtisadi səmərəliliyi araşdırılaraq sahibkarlara təqdim olunub. Muxtar respublikanın rayonlarında il ərzində 24 fərdi təsərrüfat və kiçik müəssisə fəaliyyət göstərməyə başlayıb, 1 kiçik müəssisənin yaradılması istiqamətində işlər davam etdirilib. Ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək məqsədilə 13 təsərrüfata 243 min manat dövlət maliyyə dəstəyi göstərilib.
Muxtar respublikanın rayon və kəndlərində əsas məşğulluq istiqaməti olan əkinçilik və heyvandarlığın inkişafı üçün banklar və kredit təşkilatları tərəfindən kənd təsərrüfatı sahəsinə 2017-ci ilin yanvar-dekabr ayları ərzində 2 milyon 256 min 300 manat kredit verilib.
Hesabat dövründə sahibkarlığa yeni başlamaq istəyən şəxslərə müvafiq kursların keçirilməsi üçün tədris planlarının hazırlanması diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə İqtisadiyyat Nazirliyi tərəfindən “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində sahibkarlığa yeni başlamaq istəyən 63 müdavim üçün kurs təşkil olunub. Bununla yanaşı, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən rəsmi internet saytlarından alınmış materiallar əsasında muxtar respublikada fəaliyyət göstərən 84 müəssisəyə 3630 halda iqtisadi yönümlü informasiyaların çatdırılması təmin edilib. Adıçəkilən nazirliyin Operativ Əlaqə Sistemi və “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sahibkarlara 54 halda şifahi məsləhət xidməti göstərilib. Həmçinin İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə müxtəlif vaxtlarda muxtar respublikanın üç rayonunda arıçılıq təsərrüfatları sahibləri ilə görüş təşkil edilib, yaradılması nəzərdə tutulan layihələrin təqdimatları həyata keçirilib.
Muxtar respublikanın bütün rayonlarında xidmət mərkəzlərində mövcud olan vakansiyalar üzrə çalışmaq istəyən şəxslər müəyyənləşdirilib, Naxçıvan Regional Peşə Tədris Mərkəzində müvafiq peşələr üzrə 6 kurs təşkil olunub. Vakant yerlərdə 33-ü bərbər, 30-u bərbər-manikürçü və 9-u dərzi olmaqla, ümumilikdə, 72 nəfər işlə təmin edilib.
Əmək bazarının tələbinə müvafiq olaraq işaxtaranların peşə hazırlığının təşkili üzrə müvafiq dövr ərzində nazirlik tərəfindən təşkil edilmiş 27 kursu, ümumilikdə, 343 nəfər bitirib. Təhsil Nazirliyinin tabeliyində olan peşə məktəblərində isə ilk peşə ixtisası qruplarına 2930 müdavim qəbul olunub. Təşkil edilmiş peşə kurslarına, ümumilikdə, sağlamlıq imkanları məhdud 49 şəxs cəlb edilib.
2017-ci il ərzində xidmət sahələri üzrə peşəkar kadrların hazırlanması məqsədilə nazirlik yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzində müxtəlif peşələr üzrə kurslara 151 nəfər, Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində məhkumlar üçün aşpaz köməkçisi və bərbər peşələri üzrə kurslara 24 nəfər cəlb edilib. Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrini isə bufetçi, dayə, bərbər və bərbər-manikürçü ixtisasları üzrə 216 nəfər bitirib.
Bəhs olunan dövr ərzində nazirlik tərəfindən əmək bazarının tələblərinə uyğun milli və xalq tətbiqi sənəti növləri üzrə peşə kurslarının təşkili məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçı və ağac üzərində oyma peşələri üzrə kurslar təşkil edilib. İqtisadiyyat Nazirliyi tərəfindən “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyində yaradılmış Xalq yaradıcılığı emalatxanasının tərkibində ağac üzərində oyma, xalçaçılıq, rəssamlıq və dekorativ-tətbiqi sənət kimi qədim xalq sənəti sahələri üzrə bölmələrin fəaliyyəti davam etdirilib. “Dizayn Holdinq” Kommersiya Şirkətləri İttifaqının nəzdində misgərlik, dulusçuluq və ağac üzərində oyma peşələri üzrə emalatxana yaradılıb və kurslar təşkil edilib. Sədərək rayonunda fəaliyyət göstərən xalça emalatxanasının fəaliyyəti genişləndirilib, müəssisənin işçilərinə kurslar təşkil olunub. Təhsil Nazirliyi tərəfindən xalçaçı, çörək və qənnadı məmulatları ustası, arıçı, dərzi kurslarını 71 nəfər bitirib.
Muxtar respublikanın əmək bazarına daxil olan əcnəbi işçi qüvvəsinin keyfiyyət tərkibi nəzərə alınaraq, həmin sahələrin tələbatının yerli işçi qüvvəsi hesabına təmin edilməsi məqsədilə peşə hazırlığı kurslarının təşkili barədə maarifləndirici bukletlər hazırlanıb və işəgötürənlərə təqdim edilib.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində təşkil edilən müxtəlif peşələr üzrə kurslara, ümumilikdə, 36 nəfər məhkum cəlb edilib. Bu məqsədlə 17 nəfər məhkum əməyi ödənilməklə təsərrüfat işlərinə, 22 nəfər məhkum “Yaradıcılıq və istehsalat” binasında müxtəlif əl işlərinin düzəldilməsi işinə, 10 nəfər məhkum isə digər ödənişli işlərə cəlb edilib.
Sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu üzrə 2017-ci ildə 17 nəfər kvota yerləri üzrə işə göndərilib, cəzaçəkmə müəssisəsindən azad olunmuş 1 nəfər, ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edən və sosial müavinət alan şəxslərdən 93 nəfər işlə təmin olunub. Habelə aztəminatlı ailələrin özünüməşğulluğunun təmin edilməsi üçün 54 ailəyə 44 baş iribuynuzlu, 100 baş xırdabuynuzlu mal-qara verilib.
İl ərzində Şahbuz tikiş və Sədərək taxıl məhsulları emalı müəssisələrinin fəaliyyəti bərpa olunub, ümumilikdə, bu müəssisələrdə 10 nəfər, bununla yanaşı, peşə təhsilinə malik sağlamlıq imkanları məhdud 103 nəfər münasib işlə təmin edilib.
Bəhs olunan dövrdə nazirlik tərəfindən Novruz bayramı ilə əlaqədar sağlamlıq imkanları məhdud 8 qadın üçün sosial layihə həyata keçirilib. Belə ki, onlar tərəfindən yetişdirilən 1069 ədəd səməni bayram ərəfəsində haqqı ödənilməklə təhvil alınıb. Həmçinin “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosialyönümlü layihəyə 7 nəfər xalçatoxuyan evdar qadın cəlb olunub. Sağlamlıq imkanları məhdud qadınların müvəqqəti məşğulluqlarının təmin edilməsi məqsədilə şəhər və rayon məşğulluq mərkəzləri tərəfindən 19 nəfərlə müqavilə bağlanılıb, toxunmuş 214 ədəd yun şərf və 2807 cüt yun corab təhvil götürülüb.
Sağlamlıq imkanları məhdud şəxslərin hazırladıqları əl işlərinin satışının təşkili mütəmadi olaraq davam etdirilib, nazirlik tərəfindən 12 nəfərin ümumi dəyəri 566 manat olan 37 rəsm və əl işinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 298 qadının 9251 manat dəyərində 1403 əl işinin satışı təşkil olunub.
Müvafiq dövr ərzində nazirlik tərəfindən icbari sığorta müqaviləsi bağlanılmadığı aşkar edilən 443 işçinin siyahısı Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinə göndərilib, Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə 4535 nəfər sosial sığorta şəhadətnaməsi ilə təmin olunub. Dövlət Miqrasiya Xidməti tərəfindən isə iş yerlərində əməkçi miqrantların müvafiq iş icazəsinə malik olmaları araşdırılıb, onların qanunsuz əmək fəaliyyətinə cəlb edilməsinin qarşısını almaq üçün işəgötürənlər maarifləndirilib.
Nazirlik tərəfindən 2018-ci ildə də qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi davam etdirilir.
Muxtar MƏMMƏDOV