El arasında belə bir deyim var: “Ağsaqqal olan yerdə urvat, ağbirçək olan yerdə mürvət olar”. Bu sözlər hər bir azərbaycanlının həyatında əsas meyarlardan biridir. Çünki xalqımız arasında ta qədimdən bu günədək ağsaqqal sözünə, ağbirçək nəsihətinə hər zaman ehtiyac duyulub, ağsaqqallar da, ağbirçəklər də həmişə gənclərə düzgün yol göstərib, onları doğru istiqamətə yönəldən olublar.
Gənc nəsil də hər zaman el ağsaqqallarına hörmət və ehtiram hissi ilə yanaşır, məsləhətlərinə qulaq asırlar. “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur”, – deyən ulu öndər Heydər Əliyev ağsaqqalları milli sərvət hesab edərək onlara böyük hörmət bəsləyib. Təsadüfi deyil ki, hələ ulu öndərimiz Naxçıvan Muxtar Respublikasında Ali Məclisin Sədri olarkən doğma diyarımızda Ağsaqqallar Şurasının yaradılması təşəbbüsünü irəli sürüb. Bəs bu gün Ağsaqqallar Şurasının fəaliyyəti necə qurulub? Ağsaqqallar onlara göstərilən diqqət və qayğıdan necə bəhrələnirlər? Elə bu və bu kimi suallara cavab tapmaq üçün şuranın yerləşdiyi ünvana yollandıq.
Şuranın sədri Məmməd Məmmədov dedi ki, bu gün muxtar respublikada yaşlı nəslin nümayəndələri xüsusi qayğı ilə əhatə olunublar. Onların bütün ehtiyacları ödənilir, asudə vaxtlarının səmərəli keçməsi üçün hər cür şərait yaradılır. Ağsaqqallar Şurasının yaradılması isə həmin insanların bir araya gələrək ictimai önəm kəsb edən məsələləri hərtərəfli müzakirə etmələrinə imkan verib. Şuranın 5 nəfərdən ibarət idarə heyəti vardır. Sevindirici haldır ki, bu gün üzvlərimizin sayı ötən illərlə müqayisədə xeyli çoxalıb. Regionumuzda yaşayış səviyyəsinin yüksəldilməsi uzunömürlü insanların da sayını xeyli artırıb. Daha dəqiq desək, hazırda muxtar respublikada 36 min ağsaqqal vardır. Ağsaqqallar Şurası 2008-ci ildən yeni binada fəaliyyət göstərir. Muxtar respublikanın hər bir rayonunda da şuralar yaradılıb. İl ərzində şura tərəfindən müxtəlif tədbirlər təşkil edilir. Ağsaqqalların həmin tədbirlərdə iştirakları təmin olunur, onların məsləhət və təklifləri dinlənilir.
Həmsöhbətim bildirdi ki, müxtəlif layihələrin həyata keçirilməsində ağsaqqallar fəal iştirak edirlər. Bu baxımdan 2010-cu ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Xeyir-şər mərasimlərində israfçılığın qarşısının alınmasının təbliğində ağsaqqalların rolu” adlı layihəni xüsusi qeyd etmək olar. Həmin məsələnin uğurlu həllində ağsaqqallar öz müdrik nəsihətləri, obyektiv münasibətləri ilə əhəmiyyətli rol oynadılar. Çünki xalqımızın adət-ənənələrinə görə, ağsaqqalların xeyir-şər mərasimlərindəki rolu danılmazdır. Görülən tədbirlər, aparılan maarifləndirici söhbətlər nəticəsində artıq Naxçıvanda yas mərasimlərində israfçılığın qarşısı alınıb. Lakin toy mərasimləri üçün eyni fikirləri demək olmaz. Toy mərasimlərində israfçılıq hər bir xırdalığı ilə özünü açıq şəkildə büruzə verir. Təəssüflə qeyd edək ki, bu gün milli toy görmək arzusu ilə məclislərimizə gələn əcnəbi qonaqlar da toylarımızdakı millilikdən uzaq, bayağı müasirliyi, israfçılığı yaxşı qarşılamırlar. Təbii ki, bu heç də müsbət hal deyil. Elə buna görə də milli dəyərlərin qorunması yönündə görülən işlər bundan sonra davamlı xarakter almalıdır.
Şura sədri onu da qeyd etdi ki, indiki ağsaqqalların çoxu savadlı, daha çox dünyagörüşə malik insanlardır. Kimliyindən asılı olmayaraq, ağsaqqal sözünə, məsləhətinə, hər kəs ehtiram və hörmətlə yanaşır. Üzərimizdə hər cür diqqət və qayğını daim hiss edirik. Bu diqqətin nəticəsidir ki, muxtar respublika ağsaqqallarının bir neçəsi dövlət qulluğu təqaüdü alır. Onlar arasında Prezident təqaüdçüsü olanlar da az deyil. Bütün bunlar biz ağsaqqalları yaşayıb-yaratmağa həvəsləndirir. Ağsaqqallara göstərilən belə diqqət və qayğı isə, heç şübhəsiz, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin bu gün muxtar respublikada uğurla davam etdirilən siyasəti hər bir sahədə böyük nailiyyətlər qazanılmasına imkan verib. Biz də bundan fərəh hissi keçirir, qədim diyarımızın artan inkişaf və tərəqqisinə ürəkdən sevinirik.
O vurğuladı ki, yeni obyektlərin inşa olunması, emal və istehsal sahələrinin fəaliyyətə başlaması və digər tədbirlər doğma yurdumuzun simasını tanınmaz dərəcədə dəyişdirib. Xüsusi qeyd etmək lazımdır ki, yeni obyektlərin açılışları zamanı Ali Məclisin Sədri mütəmadi olaraq ağsaqqallarla görüşür, onların qayğıları ilə maraqlanır.
Burada olduğumuz müddətdə bir neçə ağsaqqalla da görüşüb söhbət etdik. Onlardan Nizami Həmzəyev dedi ki, 70 yaşına çatmış hər bir adama ahıl demək olar. Ancaq daha böyük və dərin həyat təcrübəsinə malik, gənclərin həyatda düzgün yol seçmələrində mühüm rol oynayan şəxslər ağsaqqal kimi tanınırlar.
Müsahibim onu da qeyd etdi ki, Ağsaqqallar Şurası təkcə yaşlı insanların toplaşdığı təşkilat deyil. Buraya cəmiyyətdə sayılıb-seçilən, uzun illər xalqa ləyaqətlə xidmət etmiş elm adamları, siyasi xadimlər, eləcə də sadə və müdrik insanlar toplaşıblar. Biz ağsaqqallar göstərilən diqqət və qayğıdan çox razıyıq. Buna görə dövlətimizə minnətdarıq.
Digər müsahibim Əkrəm Məmmədli isə bildirdi ki, o, gənc yaşlarından hər zaman ağsaqqalların məsləhətlərini dinləyib, nəsihətlərə əməl etdiyi üçün bunun müsbət nəticəsini də çox görüb. O deyir ki, ağsaqqal sözü mənim üçün həmişə dəyərli olub. Bugünkü gənclərimiz də öz həyatlarında belə insanların məsləhətləri ilə hərəkət etsələr, hər zaman xeyir taparlar. Fərəhli haldır ki, bu gün muxtar respublikamızın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında ağsaqqallar yaxından iştirak edir, təşəbbüslərimiz nəzərə alınır. Bu, biz ağsaqqallara verilən ən böyük dəyərdir.
Gənclərdə Vətənə məhəbbət hissinin formalaşmasında, onların milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində ağsaqqalların böyük rolu vardır. Məhz buna görə də biz gənclər onlara daim hörmət və ehtiram göstərməli, adət-ənənələrimizi onlardan öyrənərək qoruyub yaşatmalıyıq.
Nail ƏSGƏROV