23 Dekabr 2024, Bazar ertəsi

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanunu 2018-ci il yanvarın 1-dən qüvvəyə minir. Həmin Qanunun 6-cı maddəsində digər vəzifələrlə yanaşı, işçilərini işsizlikdən sığorta etdirmək, əməkhaqqı fondundan və sığortaolunanın əməkhaqqından bu qanunla müəyyən edilmiş tariflər əsasında sığortahaqqını sığortaçıya ödəmək, sığortahaqqının hesablanmasının və köçürülməsinin uçotunu düzgün aparmaq və bu barədə sığortaçıya hesabat təqdim etmək sığortaedənin vəzifələrinə aid edilmişdir.“İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tətbiqi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 30 dekabr tarixli Fərmanına əsasən işsizlikdən sığorta haqlarının daxilolmasına nəzarət və büdcənin gəlirlərinin yerinə yetirilməsi üçün müvafiq tədbirlərin görülməsi Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna tapşırılmışdır.
Göstərilənləri nəzərə alaraq aşağıdakılar diqqətə çatdırılır:

– Məcburi dövlət sosial sığortası məqsədləri üçün “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunda (bundan sonra Fond) uçota alınmış sığortaedənlər işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyata alınmış hesab edilirlər.
– Sığortaedənin məcburi dövlət sosial sığortası məqsədləri üçün Fond tərəfindən verilmiş uçot nömrəsi (SUN) eyni zamanda onun işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyat nömrəsi hesab edilir.
– Məcburi dövlət sosial sığortası üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu aparılan sığortaolunanlar (yalnız əmək müqaviləsi ilə işləyənlər) işsizlikdən sığorta üzrə Fondda qeydiyyata alınmış hesab olunurlar.
– Sığortaedənlər tərəfindən hesablanıb Fonda ödənilən işsizlikdən sığorta haqları barədə məlumatlar sığortaolunanların fərdi şəxsi hesablarında nəzərə alınmır.
– İşsizlikdən sığortahaqqı, hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi və işçinin əməkhaqqının 0,5 faizi miqdarında sığortaedən tərəfindən ödənilir.
– “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə işsizlikdən sığortahaqqının hesablanmasından azadolma müəyyən edilməmişdir.
– Hər ay üçün hesablanmış işsizlikdən sığortahaqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə Fonda ödənilir.
– Sığortaedənlər hər rüb üçün “İşsizlikdən sığorta üzrə rüblük hesabat”ı həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda Fonda məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatla birgə təqdim edirlər. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-si iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır.
– İşçilərin işsizlikdən sığorta etdirilməməsinə, sığortahaqqının hesablanmasının və köçürülməsinin uçotunun düzgün aparılmamasına və bu barədə sığortaçıya hesabatın təqdim edilməməsinə, sığortahaqqının vaxtında köçürülməməsinə görə inzibati qaydada məsuliyyət tədbirləri nəzərdə ­tutulmuşdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR