23 Dekabr 2024, Bazar ertəsi

Yadımdadır, uşaq vaxtı uzun qış gecələrində nənəm qabdolusu heyvanı süfrəyə qoyar, başlayardı onu kəsib dilimləməyə. Bacımla mən isə onun başının üstünü kəsər, heyvanın tumlarını çıxarıb dilimlərini bizə verməyini səbirsizliklə gözləyərdik. Nənəm verdikcə onları ovcumuza yığar, iştahla yeyərdik. Onu da deyim ki, meyvənin özündən daha çox sevərdik onun tumlarını. Çünki həm özünün, həm də tumlarının insan orqanizmi üçün faydalarını da nənəm başa düşdüyümüz tərzdə bizə deyərdi. Bu faydalar nədən ibarətdir?

Əvvəlcə onu qeyd edək ki, qədim xalq təbabətində heyvadan müxtəlif xəstəliklərin müalicəsində istifadə edilib. Onun özü, qabığı, tumları, hətta yarpağı və çiçəyi ayrı-ayrılıqda min bir dərdə şəfadır. Bir sözlə, kalorisi az olan meyvənin faydaları saymaqla bitmir. Mövzu ilə bağlı kiçik bir araşdırma apardıq.
Havaların soyuması ilə əlaqədar qeyri-ixtiyari soyuqdəyməyə yaxalanırıq. Bu xəstəlikdən qurtarmaq üçün dərman preparatları ilə yanaşı, çoxumuz təbii vasitələrdən də istifadə edirik. Onlardan biri də heyvadır. Bu meyvənin unikal antivirus xüsusiyyətləri olduğu üçün ondan qrip və soyuqdəymənin müalicəsi zamanı geniş istifadə edirlər. Belə hallarda o, az miqdar suda bişirilir və qəbul olunur. Heyva şirəsi iltihab əleyhinə və bəlğəmgətirici təsirə malik olduğuna görə bronxit, bronxial-astma, müxtəlif soyuqdəymələr və iltihablar zamanı istifadə oluna bilər.

Heyva pektinlər, dəmir, kalium, kalsium, mis, fosfor, orqanik turşular, müxtəlif vitaminlərlə, beta-karotinlə zəngindir. Ondan skleroz, pankreatit, hipertoniya, anemiya və sair xəstəliklər zamanı da müalicə məqsədilə istifadə etmək olar.
Bəli, heyva antioksidant maddələrlə zəngindir ki, bu faydalı xüsusiyyət onu stress, depressiya zamanı, həmçinin xərçəng hüceyrələrinin əmələ gəlməsi ilə mübarizədə yaxşı təsir göstərir. O, dəmir mikroelementi ilə olduqca zəngindir. Uşaqlara heyva şirəsi və kompotları vermək məsləhət görülür.
Heyva tumunun bronxitə, mədə və bağırsaq problemlərinə müsbət təsiri danılmazdır. Onun tumu ciyərlər üçün də olduqca faydalıdır. Heyva yarpağı və çiçəkləri soyuqdəymədə və mikrob əleyhinə mübarizədə istifadə edilə bilər. Xalq təbabətindən də məlum olduğu kimi, heyva tumunu alma çəyirdəyi və bal ilə birlikdə qarışdırıb məcun halında qəbul etsəniz və ya su ilə qaynadıb içsəniz, öskürəyi kəsər. Yarpaqlarından hazırlanan çay ürək ağrılarına yaxşı təsir edir və insanı sakitləşdirir. Həmçinin yarpaqlarını qaynadıb, suyu ilə qarqara etmək, yarpaqlarını isə boğaza kompres kimi qoymaq boğaz ağrısının və şişməsinin keçməsinə kömək edir.
Heyva çiçəyini qaynadıb içmək ana südünü artırır, ürəyi möhkəmləndirir. Bu dəmləmə baş ağrısına da faydalıdır. Heyva, eyni zamanda dietik məhsuldur. Arıqlamaq məqsədilə tutulan pəhrizlər zamanı bu meyvədən istifadə effektiv təsir göstərir.
Heyva qədim zamanlardan kosmetik vasitə kimi də qiymətli meyvə hesab edilib. Belə hesab edilir ki, heyva qadının cavanlığını və gözəlliyini qoruyur. Kosmetologiyada heyva şirəsi yağlı dərinin təmizlənməsi üçün və çillərlə mübarizədə istifadə olunur. Heyvanın təzə şirəsi ilə gündə bir neçə dəfə dərinizi silin. Bu sadə üsul dərinin yağlılığını azaldır, onu təmizləyir və daha hamar və parlaq edir.
Bir çoxları heyvanı mövsümündə alıb saxlayır, qışboyu istifadə edir. İnsanlar tərəfindən sevilən bu meyvənin yetişdirilməsi ilə xüsusi olaraq məşğul olanlar var. Şərur rayonunun Arpaçay kənd sakini Abdulla Hacı­gözəlovun Çərçiboğan kəndi ərazisində 2500-ə yaxın heyva ağacı var. Ağacların nə qədər məhsul verməsinə gəldikdə isə bu, hər il dəyişir. Ötən il də demək olar ki, bağın məhsulu bol olub. Artıq 5 ildir ki, bu təsərrüfatla məşğul olan zəhmətkeş Abdulla əmi deyir ki, insanlar paytaxt Bakıya, yaxud da ölkəmizin hüdudlarından kənara belə, bu bağın meyvəsindən qohum-əqrəbalarına sovqat aparmaq üçün alırlar. İnsanlar faydalarından xəbərdar olduqları üçün bu meyvəni sevərək yeyirlər.

 Fatma BABAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR