Kitab bilik mənbəyidir. Kitab oxumaq düşüncə qabiliyyətini inkişaf etdirir, söz xəzinəmizi artırır, dünyaya və ictimai-sosial hadisələrə baxış şəklimizi dəyişdirir, doğru qərarlar verib seçimlər etməyimizə kömək edir. Oxumaq çox geniş məfhumdur – beşikdən qəbir evinə qədər...
Bəli, kitabların insanın inkişafındakı rolunu danmaq olmaz. Kitab və mütaliə çox önəmli məsələdir. Keçmişdən bu günümüzədək yazılan bir çox kitab hər dövr üçün insanın tərbiyə olunmasında, dünyagörüşünün artmasında böyük rol oynayıb. Kitab bəzək əşyası deyil, kitablar oxunmaq üçün yazılır. Doğrudur, oxunan hər kitabda təbliğ olunan fikirlərlə razılaşmaya bilərik, ancaq bir fikri oxumadan tənqid etmək də düzgün deyil.
Həm uşaqların, həm də gənc nəslin tərbiyə olunmasında kitablar böyük əhəmiyyət daşıyır. Oxumaq bizi məqsədimizə aparacaq vasitədir və bu vasitə bizim seçdiyimiz məqsədin doğru və yanlış olması barədə qərar verməyimizə kömək edir. Necə ki Volter demişdir: “Oxumaq ruhu ucaldar”.
Müasir dövrdə gənclərin çoxu mütaliə üçün internet məlumatlarını üstün tuturlar. Ancaq heç bir informasiya, heç bir qısa xülasə oxunan kitab qədər dolğun məlumat verə bilməz. Müasir dövrümüzdə gənc nəslin əksər nümayəndəsi vaxtının çoxunu internet resurslarında keçirir, istədiyi məlumatı internet vasitəsilə əldə edir. Kitab oxumamaq gənclərdə nitq pozulması, özünüifadə edə bilməmə kimi fəsadlara gətirib çıxarır.
Bir yapon ildə 25, bir isveçli ildə 10, bir fransız isə ildə 7 kitab oxuyur. Türkiyədə isə 6 kitab oxunur. Lakin Azərbaycanda bu rəqəmin dəqiqliyi müəmmalıdır. Gəlin razılaşaq ki, dövrümüzdə nəşr olunan bəzi kitablar da nəinki heç bir əhəmiyyət kəsb etmir, hətta, kobud ifadə etsək, “söz yığını”dır.
Avropaya meyil, postmodernist ənənələrə olan heyranlıq gənclərin keçmişimizdən uzaqlaşmasına gətirib çıxarır. Doğrudur, bu ənənələrdən Vətənimizin, ədəbiyyatımızın xeyri üçün istifadə edənlər də yox deyil. Amma onlar barmaqla sayılacaq qədər azdır.
Son dövrdə kitabxanalarımız müasir tələblər səviyyəsində inkişaf etdirilib, müxtəlif mövzularda yazılmış əsərlər dilimizə tərcümə olunub. Xüsusilə bədii əsərlərin dilimizə tərcümə edilməsi çox böyük inkişafdır. Bu yolla insanlar dünya ilə Vətənimizi müqayisə etmək imkanı əldə edir, mənfi və ya müsbət keyfiyyətlərin birbaşa şahidi ola bilirlər.
Çox təəssüf ki, dövrümüzdə kitab yazmaq çox asan məsələdir. Təəssüf etməyimizə səbəb odur ki, maddi güc sayəsində bəzən xoşagəlməz kitablar da ictimaiyyətə təqdim oluna bilir. Təqdirəlayiq kitablarla yanaşı, “nə mənsəbə qulluq etdiyi”, hətta müəllifi tərəfindən belə, bilinməyən kitablar da mövcuddur. Yenə çox təəssüf ki, bu cür kitabların reklamı və təbliğatı daha güclü şəkildədir.
İnkişaf ruhda və düşüncədə olmalıdır; Vətənə, millətə xeyir gətirəcək yeniliklərin təbliği əvəzinə, gələcəyimizi təhdid altına alacaq fikirlərin təbliği həm Vətəni, həm də milləti uçuruma sürükləyər. Və yaxud heç bir tərbiyəvi əhəmiyyəti olmayan istər elmi, istər ictimai, istərsə də bədii kitabların günü-gündən çoxalmasına, yayılmasına icazə verərək dəyərli kitabları, mənbələri kölgədə qoymaq, ya da buna vasitəçi olmaq, millətin savadsızlaşmasına göz yummaq ən böyük cinayət deyilmi?
Doğru seçilmiş kitab insana keçmiş haqqında doğru, dəqiq və dolğun məlumat verib, ona oxumağı sevdirər, səhv seçilmiş kitab isə insanı başqa kitablardan da soyudar. Bu baxımdan millətimizin keçmişinin, gələcəyinin mühafizə edilməsində xəzinə rolu oynayan kitablarımızın hazırlanmasına, seçilməsinə (saf-çürük edilməsinə), yayılmasına və qorunmasına ciddi nəzarət etmək bizim hamımızın borcu olmalıdır.
Nərgiz İSMAYILOVA