İstənilən halda vətəndaş məsuliyyəti,vətəndaş mövqeyi önə keçməlidir
Vətənpərvərlik... Bu ali hissin mahiyyəti Vətənə məhəbbət və onun yolunda şəxsi maraqlarını qurban verməyə əsaslanan bir bağlılıq üzərində qurulub. Bu bağlılıq həm də milli heysiyyət və ya milli qürur kimi də səciyyələndirilə bilər. Tarixi təcrübədən də aydındır ki, millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik millətin və dövlətçiliyin inkişafının ümummilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir. Müstəqilliyimizin bərpa edilməsindən sonrakı dövr də daxil olmaqla müasir dünya düzənindəki qloballaşma deyilən və bu gün də davam edən hadisə və proseslər axını bizi hər bir məsələyə milli maraqlar çərçivəsində baxmağa məcbur edir; bu məcburiyyət isə ən əvvəl bizdən əsl vətəndaş olmağı tələb edir. Bəs bu gün hər birimiz əsl vətəndaş ola bilirikmi? Və ya əsl vətəndaş olmaq üçün hansı keyfiyyətlərə malik olmaq lazımdır? Suala aydınlıq gətirməzdən əvvəl “vətəndaş” sözünün mahiyyətinə varaq.
“Vətəndaş” dedikdə müəyyən dövlətlə hüquqi və siyasi bağlılıq münasibətləri olan fərd başa düşülür. Ancaq biz məsələnin hüquqi yox, necə deyərlər, fəlsəfi tərəfinə toxunmağa, mənəvi ucalığından bəhs etməyə çalışacağıq. Dilimizin təbii çalar zənginliyindən irəli gəlir ki, bir çox dillərdən fərqli olaraq, Azərbaycan dilində işlədilən “vətəndaş” sözü “vətən” sözündən yaranmışdır. Dolayısı ilə, vətəndaş olmaq mənsub olduğumuz Vətəndə təkcə hüquqi imkanlar yaratmır, eyni zamanda onu sevmək və ona layiqli övlad olmaq təmənnası qoyur qarşımızda. Vətən təmənnası isə seviləndir, müqəddəsdir. Deməli, vətəndaş olmağın yolu vətənpərvər olmaqdan keçir.
Tarix boyu Azərbaycan xalqı vətənpərvər şəxsiyyətləri ilə tanınmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyev isə, sözün əsl mənasında, ən böyük vətənpərvər və dahi şəxsiyyət idi. O da bir həqiqətdir ki, vətənpərvər olmadan, öz Vətənini sevmədən dahi olmaq mümkün deyil. Ancaq bu əvəzolunmaz şəxsiyyətin böyüklüyü onda idi ki, hələ sovetlər dövründə – hər kəsin Vətən haqqında düşüncələri böyük imperiya fonunda yer tuturdusa, O, vətənpərvərlik fəlsəfəsinin əsl təzahürünü öz ana torpağına, dilinə və adət-ənənələrinə bağlı milli dövlətçiliyin qurulmasında görürdü. Məhz bu amalın fövqündə ulu öndər Azərbaycanın müstəqil olacağına bütün varlığı ilə inanır, bu yolda bütün təzyiqlərə baxmayaraq, müəyyən addımlar atırdı. Öz milli kimliyini, mənsubiyyətini və nəhayət, vətəndaşlıq ünvanını fəxrlə “Mən Azərbaycanlıyam” deyə ifadə etməsi böyük insanın yüksək vətənpərvərlik mədəniyyətinin təntənəsi idi. Ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra bir çox sahələr üzrə aparılan islahatlar, xüsusilə ölkədə vətəndaş cəmiyyətinin qurulması ilə bağlı görülən işlər dövlətçiliyimizin formalaşmasında əsas prioritet təşkil edir. Qeyd edək ki, vətəndaşlardan ibarət hər cəmiyyət vətəndaş cəmiyyəti deyil. Vətəndaş cəmiyyəti insanların layiqli həyat şəraitini təmin edən effektli sosial siyasətdən tutmuş vətəndaşların təbii hüquqlarının tanınması və qorunması, həmçinin fikir, söz, mətbuat azadlığına qədər bir çox istiqamətləri özündə birləşdirir. Bu məqsədlə həyata keçirilmiş və davam etdirilən tədbirlər ölkəmizdə dövlətin öz vətəndaşına olan diqqət və qayğısını ortaya qoyur. Ölkə başçısının Vətənə və onun vətəndaşına sevgisindən irəli gələrək söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm” ifadəsi isə vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasının təsdiqidir. Deməli, “vətənpərvər” və “vətəndaş” ifadələri zahirən fərqli görünsə də, mentallıq baxımından oxşar mənaları ifadə edir.
Ancaq bəzən vətənpərvərliyi və ya vətəndaş olmağın məsuliyyətini tam dərk edə bilmirik. Çoxumuz vətənpərvərliyi təkcə əldə silah düşmənlə üz-üzə dayanmaqda görürük. Ancaq bu, əsla belə deyil. Vətənpərvər müəllim, həkim, jurnalist, yazıçı və sair olmaq, cəbhədə düşmənlə vuruşmaq qədər müqəddəs və şərəfli işdir. Hər hansı bir sənət və ya peşə sahibi olmazdan əvvəl hər kəs vətəndaşdır. Vətəndaş isə Vətən qarşısında, öz dövlətçiliyi qarşısında məsuliyyət daşıyandır.
Yuxarıda qeyd etdik ki, vətəndaş cəmiyyətində yaşayırıq. Vətəndaş cəmiyyətinin isə öz tələbləri var. Əgər cəmiyyətdə müəllim-şagird, məmur-vətəndaş, həkim-pasiyent, jurnalist-cəmiyyət arasındakı tarazlığın hətta nisbi şəkildə belə, pozulması halına rast gəlinirsə, bu tarazlığın bərpası və qorunması məsuliyyəti birincilərin üzərinə düşür. Çünki bu şəxslər həm öz səlahiyyətləri, həm də qazanmalı olduqları bilik və təcrübə ilə digərlərinə qarşı məsuliyyət daşımağı bacarmalı olan şəxslərdir. Buradan isə belə nəticəyə gəlmək mümkündür ki, səlahiyyət sahibləri istənilən məsələyə, hər şeydən əvvəl, vətəndaş mövqeyindən yanaşmalı, dövlətçilik maraqlarını öndə tutmalı və beləliklə, yüksək vətənpərvərlik mədəniyyəti nümayiş etdirməlidirlər. “Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşıdır. Siyasət Azərbaycan vətəndaşının sosial rifahının, təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət etməlidir. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz” , – deyən ölkə başçısı cənab İlham Əliyev dövlət tərəfindən vətəndaşlara göstərilən xidmətin yüksək səviyyədə həyata keçirilməsini hər bir dövlət qulluqçusu qarşısında başlıca vəzifə olaraq qoymuşdur.
Ancaq burada ikinci tərəfin, yəni vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Həm də nəzərə alaq ki, bu vətəndaş kütləsi cəmiyyətin daha böyük hissəsini əhatə edir. Fikrimizi sadə bir misal üzərində cəmləşdirməyə çalışaq. Bu gün muxtar respublikamızda diqqət edilən əsas məsələlərdən biri ətraf mühitin qorunmasıdır. Geniş şəkildə aparılan abadlıq, yaşıllaşdırma işləri bu tədbirlərin fövqündə dayanır. Uzağa getməyək, etiraf edək ki, elə muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərinin müxtəlif yerlərində qoyulan tullantı qutularından düzgün istifadə olunmur, çox zaman tullantı qutunun içərisinə yox, kənarına atılır. Və ya başqa bir misal. Yeni tikilmiş, yaxud əsaslı şəkildə təmir olunaraq istifadəmizə verilən obyektlərə (xüsusilə ictimai yaşayış binalarına) münasibətimizi bəzi hallarda divar üzərindəki müxtəlif “yaradıcılıq nümunələri” ilə ifadə edirik. Doğrudur, qeyd etdiyimiz və etmədiklərimizlə bağlı ümumi vəziyyət acınacaqlı həddə deyil. Ancaq, hər halda, vətəndaş məsuliyyətini ortaya qoyur. Məsələnin digər bir tərəfi isə ondan ibarətdir ki, ölkəmizdə, həmçinin muxtar respublikamızda dövlətin hər bir sahəyə göstərdiyi diqqət və qayğı, həyata keçirilən kompleks tədbirlər bəzən vətəndaşlarda bu və ya digər məsələnin həllinin yalnız dövlətdən asılı olduğu, dövlət tərəfindən həllini tapmalı olduğu qənaətini yaradır. Bu, yanlış düşüncənin məhsuludur. Bəs bizim vətəndaş mövqeyimiz və fəaliyyətimiz nədən ibarət olmalıdır? Bütün problemlərin həllini dövlətdən gözləməməliyik. İstənilən halda vətəndaş məsuliyyəti, vətəndaş mövqeyi önə keçməlidir.
Hər kəs Vətənini sevir. Dünyanın hansı ölkəsinə getsək, bunu eşidəcəyik. Vətəndaşına yüksək dəyər verilən, qədim tarixə, zəngin mədəniyyətə, əsrarəngiz təbiətə malik Azərbaycanımızın isə sevilməyəcək zərrə qədər “qüsuru” yoxdur. Elə bu möhtəşəmlikdən, müqəddəslikdəndir ki, Vətənini qibləgahı olaraq qəbul etmiş ümummilli liderimiz Heydər Əliyev də, ömrü boyu vətən daşı olmağı arzulayan Məmməd Araz da bizi Vətənə layiq olmağa çağırırdı. Gəlin vətəndaş olmağı bacaraq. Çünki sevgili Vətənimizə yaraşan da budur!
Səbuhi HƏSƏNOV