23 Dekabr 2024, Bazar ertəsi

Bir il də beləcə gəlib keçdi… Təqvimin yarpaq tökümünə xitam veriləcək, saatın əqrəbləri dördnala çaparaq bizi yeni ilin astanasından adladacaq. Tarixin qədimliyindən köksü qabaran, keçmişindən bu gününə qürurla boylanan, mahir bir nəqqaşın Vətən eşqi əməli ilə min bir gözəllikli lacivərd dona bürünən ana yurdum Naxçıvanımın ötən ildəki uğurlarına boylandıqca bu sətirlər dolaşır dilimdə:

Naxçıvanam! Azərbaycan gözəliyəm,
Sözün, eşqin, düz ilqarın əzəliyəm.
Mən bir eləm,
Nurlu şəlaləyə dönən,
İşıqların gurşadında şölələnən
Araz üstə Çənlibeləm...
Odum, suyum məlhəm olmuş
İgidlərin yarasına.
Od çaxarlı, sel axarlı
Havaların sırasına
Mən “Cəngi”ni gətirmişəm

Belə bir məqamda istər-istəməz ötənlərin nostalgiyası ilə gələcəyə ümid qarışıq qəribə hisslər bürüyür insanı. Şair demişkən:

 Keçmişi təzədən yaşayıram mən,

Ömrün üfüqündə gülür dan yeri.

Ömür sarayımızdan düşən kərpiclərlə yaş adlı qalamızı bir boy da ucaltdıq demək. Yaşadıqlarımızın arxasınca boylandıqda isə qazandıqlarımızı kafi saymayıb, itirdiklərimizə daha çox heyifsilənirik. Ən böyük itkimiz isə, həmişə olduğu kimi, yenə də vaxt itkisidir. Zamanı yetərincə dəyərləndirdiyimiz, zamanı qabaqlaya bildiyimiz anlarda da, “vaxt öldürdüyümüz” məqamlarda da vaxtdan vaxt əsirgəyə-əsirgəyə gileylənmişik vaxt qıtlığından.
Zamansa nəhəng dəyirmandaşı kimi anları, dəqiqələri üyüdüb günə, aya, ilə çevirib. Bir də baxmışıq ki, bir göz qırpımı qədər ani bildiyimiz bir ilmiş sən demə ötüb keçən. Sevinciylə, nəşəsiylə, kədəriylə ömrümüzə yazılan bir il:

İllər, illər, illər,
Sizdə nəyim qaldı?
Ağac altı, bulaq başı dincliyim,
O dincliyi yiyəsinə qaytarın!

Təkcə ötən ilin son gecəsi yox, hər zaman bilək ömrümüzdən gedən hər anın, hər dəqiqənin qədrini.
Heç kəsin və heç nəyin əbədi olmadığı bu fani dünyada yalnız xeyirxah əməllərimizlə, saf niyyətimizlə iz qoyaq:

Vaxt var ikən
bircə qələm vur,
bir budaq peyvənd elə.
Demə, o necə, mən də elə.
Düşmənə amansız ol, dosta xoşqılıq!
Vaxt var ikən
elə yaşa, elə çalış,
bir gün sən olmayanda
hər kəsə aydın görünsün
yerində qalan boşluq.

Vaxt var ikən yaşayaq, yaşadaq! Deyək, gülək, sevək, sevilək! Vaxt var ikən bilək yurd, yurddaş, el-oba qədir-qiymətini! İldə bir yol anmayaq həmrəy, həmdərd, sirdaş olduğumuzu. Vaxt var ikən bir ocağın istisinə, sevincinə, kədərinə şərik çıxaq. Qəlbimizin hərarəti ilə isidək Vətən həsrətinin göynərtisindən üşüyən eloğullarımızı.
Qarşıda ümid dolu sabah, xoş gələcək gözləyir bizi.
Bayırda, yolka ətrafında əl-ələ, qol-qola oynayan o balaca dəcəllərin bəxtəvər gülüşləri heç zaman sarsılmasın. Qoy onlar bu xalqın, bu elin şad, firavan günlərinin ləzzətini doyunca dadıb gələcəyin layiqli vətəndaşları olsunlar! Sevilə-sevilə qurulan, abadlaşdırılan, cənnətə çevrilən bu Vətəni ata mirası, göz bəbəyi kimi qorusunlar!Yeni ilin ilk günündəki kimi həyat onlara daim xoş sürprizlər, hədiyyələr ərməğan etsin.
Qarşıda ümid dolu sabah var, xoş gələcək var. Gəlin bu gələcəyi ötən ilin son gecəsindən özümüz quraq, yaradaq:

Qoparıb tək qalan son vərəqləri,
Yeni təqvimləri asın həvəslə!
Gülsün üzünüzə açılan səhər –
Yeni il, yeni iş, yeni fikirlər!
Hamı iş başına hər səhər erkən!
Elə başlayaq ki, birinci gündən
Peşiman olmayaq sonuncu gündə.

Qoy üzümüzə gələn il xoş müjdələr, zəfərlər ili olsun! Qoy yeni il arzuların çin olan ili olsun! Ruzi-bərəkət, sülh, əmin-amanlıq ili olsun!
Xoş müjdəli, sevinc dolu günlərinlə, xoş gəlmisən Yeni il!

 Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR