Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, təhsil naziri Məmməd Qəribov çıxış edərək bildiriblər ki, muxtar respublikamızda xüsusi qayğıya ehtiyacı olan uşaqlara həssaslıqla yanaşılır, onların hüquqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətə inte-qrasiya olunmaları diqqət mərkəzində saxlanılır. Bu qəbildən olan uşaqların ziyarət olunması, onlara hədiyyələrin verilməsi dövlətin uşaqlara diqqət və qayğısının bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva sağlamlıq imkanları məhdud uşaqlara göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Tədbirdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında tamaşalardan səhnəciklər göstərilib. Bayram şənliyində sağlamlıq imkanları məhdud 17 uşağa hədiyyələr verilib.
Həmin gün adıçəkilən qurumların əməkdaşları Ordubad şəhərindəki Məhəmməd Füzuli adına tam orta internat məktəbində də olub, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlarla, həmçinin aztəminatlı ailələrin uşaqları ilə görüşüblər. Görüşdə bu qəbildən olan 7 uşağa bayram hədiyyələri təqdim olunub.
Adıçəkilən təşkilatlar bu gün Naxçıvan şəhərində şəhid Qabil Orucəliyevin, Rasim Məmmədovun, Orxan Quliyevin, Şərur şəhərində şəhid Elnur Cəfərovun, Babək rayonunun Cəhri kəndində Cəfər Cəfərovun, Culfa rayonunun Gülüstan kəndində Abbas Zeynalovun ailələrinə də bayram sovqatı aparacaqlar.
Ramiyyə ƏKBƏROVA