Dekabrın 28-də Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə Şərur Rayon İcra Hakimiyyətində tədbir keçirilib. Mədəni və yabanı dərman bitkilərinin mövsümə uyğun yığılması, qurudulması, onlardan bitki ekstraktlarının hazırlanması qaydaları ilə bağlı ailə təsərrüfatları üçün keçirilən tədbiri Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini İmran Əliyev açıb.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Əli Şərifov bildirib ki, muxtar respublikamızın təbii iqlim şəraiti, münbit torpaqları regionumuzda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, müalicəvi dərman bitkilərinin yetişdirilməsi və yayılmasını da təmin edib. Bu mənada, mədəni və yabanı dərman bitkilərinin yığılması, qurudulması, onlardan bitki ekstraktlarının hazırlanması bu işlə məşğul olan ailə təsərrüfatlarının müvafiq biliklərə malik olmalarını zəruri edir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı tədbirlər” haqqında 2017-ci il 22 noyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində müvafiq tədbirlər planı hazırlanıb. Planda həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən biri də mədəni və yabanı dərman bitkilərinin tədarükü ilə bağlı məlumatlandırıcı bukletlərin hazırlanması, ailə təsərrüfatları üçün müvafiq treninqlərin təşkilidir.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin müdiri, biologiya elmləri doktoru, professor Əliyar İbrahimov Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış dərman bitki xammalı tədarükünün təşkili, dərman bitkilərinin toplanması və qurudulması qaydaları haqqında məlumat verib.
95 ailə təsərrüfatı nümayəndəsinin iştirak etdiyi tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.
Tədbirə Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini İmran Əliyev yekun vurub.
Xəbərlər şöbəsi