Qarşıdan Yeni il gəlir. Hamı bu bayramı gözəl əhval-ruhiyyə ilə qarşılamağa hazırlaşır. Evlərdə, mədəniyyət və təhsil müəssisələrində, insanların bayram şənliyinə kütləvi toplaşdıqları yerlərdə müvafiq hazırlıq işləri aparılır. Bu vaxt əsas şərtlərdən biri şənliklərin təşkili və keçirilməsi zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasıdır.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi bildirir ki, Yeni il şənliyi keçirilərkən şamlardan, qığılcımsaçanlardan istifadə etmək, şam ağacının oyuncaqlarla, eləcə də pambıqla bəzədilməsi və işıqlandırılması qadağandır. Bayram şənlikləri keçirilən otaqların elektrik xətlərinin izolyasiyası saz vəziyyətdə olmalıdır. Yolkanın yanında azyaşlı uşaqlar nəzarətsiz buraxılmamalıdırlar. Bayram şənlikləri zamanı şam yandırılarkən onu öz ərintisi ilə stol, kibrit qutusu üzərinə və digər yanar materiallara yapışdırmaq yolverilməzdir. Yolka qurulan otaqlardan xaricə iki sərbəst çıxış yolu olmalıdır və həmin çıxışların qapıları mütləq çıxış istiqamətinə açılmalıdır. Həmin qapıların qarşısına kənar əşyalar yığılmamalıdır.
Yeni il şənlikləri keçirilən yerlər ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir. Həmin yerlərdə siqaret çəkmək, zalın keçidlərinə stul qoymaq, köçürmə çıxış qapılarını bağlamaq və otağa təyin olunmuş normadan artıq adam yerləşdirmək qadağandır.
Qeyd olunanlarla bağlı baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının vaxtında alınması istiqamətində hamı diqqətli olmalı və yanğın təhlükəsi ilə üzləşdikdə dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinə məlumat verilməlidir.
Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı