23 Dekabr 2024, Bazar ertəsi

Müasir dövrdə avtomobil nəqliyyatından istifadə tələbatlarımızın mühüm bir hissəsini təşkil edir. Bununla yanaşı, insan həyatına vaxt qənaəti və rahatlıq gətirən avtomobillərlə hərəkət zamanı bəzən gözlənilməz hadisələr də baş verir. Əhalinin rifah halının yüksəlməsilə paralel olaraq avtonəqliyyat vasitələrinin sayının artması, xüsusən də qış fəslində qarlı havalarda qəza hallarının başvermə ehtimalını artırır. Bu da avtonəqliyyat vasitəsi sahiblərinə maddi zərər vurur. Buna görə də avtonəqliyyat vasitələrinin icbari sığorta olunması bu günlərdə daha da önəm qazanır. Çünki avtomobil sahibləri öz mülki məsuliyyətlərini sığorta etdirməklə baş verən bədbəxt hadisələrin vurduğu maddi zərərlərin əvəz edilməsinə nail olurlar.

Onu da qeyd edək ki, belə maddi zərərlər həm avtomobil sahiblərinə, həm də digər insanlara, yəni üçüncü şəxslərə dəyə bilər. Sığorta fəaliyyəti haqqında ölkəmizdə mövcud olan qanuna əsasən bədbəxt hadisələr zamanı üçüncü şəxslərə dəyə biləcək zərərləri ödəmək üçün avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası həyata keçirilir. Dəymiş zərərin əvəzinin şəxsin özü tərəfindən deyil, sığorta agentliyi tərəfindən ödənilməsi bu sığorta növünün əsas məqsədidir. Avtomobillərdən istifadə zamanı risk dərəcəsi yüksək olan elə hadisələr baş verir ki, bu zaman həm avtomobilin özünə, həm də baş verən hadisənin digər tərəfinə – üçüncü şəxslərin həyatına, sağlamlığına, mal və əmlakına da zərərlər dəyə bilər. Belə zərərlər vurulduqda avtomobil sahiblərinin çıxılmaz vəziyyətə düşməməsi üçün onların vaxtında sığorta olunması əsas şərtdir. Gözlənilən risklərin səviyyəsini nəzərə alaraq avtomobil sahibi olan hər bir şəxsin mülki məsuliyyətinin sığortası icbari qaydada tətbiq olunur.

Təcrübə göstərir ki, gözlənilməz qəza hallarında dəyə biləcək zərərin hansı məbləğdə ola biləcəyini əvvəlcədən demək çətindir. Elə sığorta hallarını misal göstərmək olar ki, bu zaman dəymiş zərərlər avtomobil sahibinin maddi imkanlarından dəfələrlə çox ola bilər. Qəza törətmiş avtomobil sahibinin mülki məsuliyyət sığorta müqaviləsi olduqda isə onun qarşı tərəfə vurduğu zərəri özü deyil, risklərini həvalə etdiyi sığortaçı ödəyir.
Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasının aparılması 2011-ci il 24 iyun tarixli “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aparılır. Bu qanuna görə, mühərrikinin həcmi 50 kubsantimetrdən artıq olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası icbaridir. Müəyyənləşdirilmiş normalara əsasən icbari sığortahaqqı bundan sonra baza məbləğinə əmsallar tətbiq olunmaqla aparılır. Hazır­kı sığortahaqqının baza məbləği 50 manat müəyyən edilib ki, bu da mühərrikinin həcmi 50 kubsantimetrdən 1500 kubsantimetrədək olan minik avtomobillərində tətbiq edilir. Mühərrikinin həcmi 1500 kubsantimetrdən yuxarı həcmli olan minik avtomobillərinin sığortahaqqı əmsallar tətbiq olunmaqla hesablanır. Məsələn, mühərrikinin həcmi 1500-2000 kubsantimetrədək olan minik avtomobilləri üçün 1,5 əmsal tətbiq olunaraq sığortahaqqı 75 manat müəyyənləşdirilir. Mühərrikinin həcmi 2000 kubsantimetrdən 2500 kubsantimetrədək olan minik avtomobilləri üçün 2,0 əmsal tətbiq olunmaqla, 100 manat sığortahaqqı müəyyən edilir. Mühərrikin həcmi artdıqca tətbiq olunan əmsalla sığortahaqqının məbləği də yüksəlir.
Yük avtomobilləri və onların bazasında istehsal olunmuş digər avtomobil nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütləsinə görə 3500 kiloqram olduqda 3,0 əmsalı tətbiq olunmaqla, 150 manat, 3500 kiloqramdan 7000 kiloqramadək olduqda 4,0 əmsal tətbiq olunmaqla, 200 manat, 7000 kiloqramdan artıq kütləyə görə isə 5,0 əmsal tətbiq olunmaqla, 250 manat sığortahaqqı hesablanır. Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələri üçün minik və yük nəqliyyat vasitəsi olmasından asılı olmayaraq, 1,2 əmsal əlavə edilir.
Sığorta haqlarının ödənilməsi formasına gəldikdə, burada son dövrlərdə tətbiq olunan mütərəqqi üsullar sürücülər üçün rahat şərait yaradıb. Belə ki, avtonəqliyyat vasitələri sahiblərinin sığorta müqaviləsinin bağlanılması elektron formada həyata keçirilir. Ümumi sistemə daxil edilmiş sığorta müqaviləsi sığortahaqqı ödəndikdən sonra avtomatik olaraq qüvvəyə minir. Belə elektron sığorta müqaviləsi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən elektron sığorta müqaviləsi sığortaçının elektron imzası ilə təsdiq edilən texniki və proqram vasitələrinin köməyi ilə bağlanılır.
Sığorta müqaviləsinin elektron qaydada bağlanılmasına keçməklə vətəndaşlar birbaşa elektron sığorta müqaviləsini əldə edə bilərlər. Həmçinin vətəndaşlar avtomobillərinin qeydiyyat şəhadətnaməsini və şəxsiyyət vəsiqəsində olan məlumatları seçdiyi sığorta şirkətinə və ya sığorta vasitəçisinə təqdim etməklə elektron sığorta müqaviləsini əldə edə bilərlər. Daha sonra bağlanılacaq sığorta müqaviləsi üzrə sığortalıya sığortahaqqının ödənilməsi üçün sığortalının müqavilədə göstərdiyi mobil telefon nömrəsinə qısa mesaj daxil olur. Sığortalı elektron poçt ünvanını təqdim etdiyi halda qısa mesaj ilə bərabər ödəniş kodu məlumatı sığortalının elektron poçt ünvanına da göndərilir. Məlumat və elektron məktubda avtomobilin dövlət qeydiyyat nişanı və ödəniş kodu, həmçinin sığortaçının adı qeyd olunur. Sığortahaqqı ödənildikdən sonra sığortalı ödənişlə bağlı təsdiqləyici mesaj alır və sığorta müqaviləsi dərhal qüvvəyə minir.
Avtonəqliyyat vasitələrinin sahibləri üçün ölkə daxilində tətbiq olunan standart mülki məsuliyyət sığortasından başqa digər bir mühüm sığorta növü də Yaşıl kart sığortasıdır. Belə ki, müasir dövrdə insanların səyahət etmək imkanlarının genişlənməsi ilə birlikdə öz avtomobili ilə xaricə səfər edənlərin sayında da artım vardır. Bu səfərlər zamanı fərdi avtomobili ilə xarici ölkələrə səyahətə çıxanlara təklif olunan Yaşıl kart sığorta şəhadətnaməsi muxtar respublikamızda da tətbiq olunmağa başlayıb. Bu yeni sığorta növü bir çox cəhətlərinə görə sürücülər üçün çox faydalıdır. Belə ki, ölkə ərazisində hərəkət zamanı tələb olunan standart mülki məsuliyyət sığortasından fərqli olaraq müəyyən müddətə belə sığorta şəhadətnaməsini alan avtonəqliyyat vasitəsi sahibləri xarici ölkələrə hər gedişi üçün yeni müqavilələr bağlamaqdan azad olurlar. Vətəndaşlar üçün bu sığorta növünün üstünlüyü ondan ibarətdir ki, onlar xaricə səfərə gedərkən sığorta agentliyi ilə bağladıqları Yaşıl kart sığortası zəmanəti ilə səyahət etdikləri ölkələrdə törətdikləri yol-nəqliyyat hadisələri nəticəsində vurduqları zərərin əvəzi hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyinə uyğun qaydada ödənilir.
Bütün bunlara yekun vuraraq deyə bilərik ki, avtonəqliyyat vasitələri sahiblərinin icbari sığortası müasir həyatımızın mühüm bir tələbatıdır. Bu tələbatın ödənilməsi üçün hər bir sürücünün vaxtında sığorta müqaviləsi bağlaması və öz hüquqlarından istifadə etməsi zəruridir.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR