23 Dekabr 2024, Bazar ertəsi

  Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi muxtar respublikada həyata keçirilən sosial siyasətin tərkib hissəsidir. Əmək ehtiyatlarından daha səmərəli istifadə edərək əhalinin məşğulluğunun təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı xarakter almasını təmin edib. 

Proqramda işaxtaran vətəndaşların məşğulluq səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi zəruri tələb kimi qarşıya qoyulub. Bu gün dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə muxtar respublikada əmək bazarının tələbləri nəzərə alınmaqla, əmək yarmarkaları təşkil edilir. Məşğulluq xidməti orqanları tərəfindən muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlardan boş iş yerləri haqqında məlumatlar toplanılır, həmin yerlər əmək yarmarkalarında işaxtaranlara təqdim olunur. Nəticədə, işaxtaranlar öz peşə və ixtisaslarına uyğun işlə təmin edilirlər. Bu da onlar tərəfindən yüksək dəyərləndirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, 2017-ci ilin 11 ayı ərzində işaxtaranların məşğulluğunun təmin olunması, peşə hazırlığı ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Bəhs olunan dövrdə, ümumilikdə, muxtar respublika üzrə məşğulluq xidməti orqanları tərəfindən 2693 nəfər münasib işlə təmin olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə bu göstərici 86 nəfər çoxdur. Kənd xidmət mərkəzlərində isə ümumilikdə, 67 nəfər müvafiq işlə təmin edilib. Həmin dövrdə iş ilə təmin olunanlardan 990 nəfəri gənc, 8 nəfəri hərbi xidmətdən təxris olunan, 91 nəfəri sağlamlıq imkanları məhdud şəxs, 1 nəfəri cəzaçəkmə müəssisəsindən azad edilən, 89 nəfəri isə aztəminatlı ailələrin əməkqabiliyyətli üzvləridir.

İl ərzində keçirilmiş əmək yarmarkalarında, ümumilikdə, 832 nəfər peşə və ixtisasına uyğun iş ilə təmin olunub. Bu göstəricini 2016-cı ilin 11 ayı ilə müqayisə etsək, bu rəqəm 183 nəfər çoxdur. Bu gün əmək bazarının tələbi istehsal və xidmət sahələrini orta təhsil almış işçi deyil, müəyyən peşəyə yiyələnmiş mütəxəssisdir. Bu məslədə muxtar respublikanın müxtəlif bölgələrində fəaliyyəti təmin edilmiş peşə məktəbləri mühüm rola malikdir. Hər il Naxçıvan, Ordubad və Şərur şəhərlərində fəaliyyət göstərən belə təhsil müəssisələrini yüzlərlə gənc bitirir, onlar işlə təmin olunur.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq cari ilin 11 ayı ərzində müxtəlif peşə sahələri üzrə kurslar təşkil olunub. Müvafiq dövr ərzində 396 nəfər, o cümlədən 36 nəfər Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində kurslara cəlb edilib. Peşə kurslarına cəlb olunan vətəndaşlardan 134 nəfəri gənc, 18 nəfəri sağlamlıq imkanları məhdud şəxs, 1 nəfəri isə hərbi xidmətdən təxris ­olunandır.
Bununla yanaşı, muxtar respublikamızda aztəminatlı ailələrin də özünüməşğulluğu diqqət mərkəzində saxlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən muxtar respublikanın rayonlarından olan 38 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün müvafiq köməklik göstərilib.
Həmçinin məhdud fiziki imkanlı 19 qadın tərəfindən toxunan 2807 cüt yun corab və 214 ədəd yun şərf hərbi hissələrə təhvil verilib. “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial­yönümlü haqqıödənilən ictimai işə 7 nəfər xalçatoxuyan evdar qadın cəlb edilib.
Göründüyü kimi, 2017-ci ili muxtar respublikada əhalinin məşğulluğunun təmin edilməsi baxımından uğurlu illərdən biri saymaq olar. Bu, muxtar respublikamızda insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter almasının göstəricisidir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR