23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda əhalinin məşğulluğunun artırılması diqqət mərkəzində saxlanılan əsas məsələlərdəndir. Ona görə də noyabr ayında aktiv məşğulluq tədbirləri davam etdirilmiş, 275 nəfər vakant iş yerlərinə göndərilmiş, 59 nəfər müvafiq peşə kurslarına, 11 nəfər  ixtisasartırma kurslarına cəlb edilmiş, 11 nəfər isə kənd xidmət mərkəzlərində müvafiq işlə təmin olunmuşdur. İşlə təmin olunanlardan  8-i aztəminatlı ailələrdən, 1-i  hərbi xidmətdən yeni tərxis edilən, 9-u məhdud fiziki imkanlı şəxs olmuş, sosial müdafiəyə ehtiyacı olan 5 nəfərin isə kvota yerlərinə göndərilməsi təmin edilmişdir.

Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşə sahələri üzrə kurslar təşkil olunmuşdur. Ay ərzində qazanxana maşinisti və qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər peşə kurslarını 34 nəfər bitirmişdir. Hazırda ağac üzərində oyma, qazanxana maşinisti, qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər və bərbər manikürçü peşələri üzrə kurslar davam etdirilir. Bununla yanaşı, məhdud fiziki imkanlı 19 şəxs tərəfindən toxunmuş 1700 cüt yun corab hərbi hissələrə təhvil verilmişdir. Qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqaviləsinin bağlanması, onlara verilən əməkhaqlarının reallığı əks etdirməsi ilə bağlı tədbirlər davam etdirilmişdir.

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyası diqqət mərkəzində saxlanılır. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində bu kateqoriyadan olan uşaqların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlərin təşkili, müxtəlif sosial xidmətlərin göstərilməsi davam etdirilmişdir. Reabilitasiya təlimlərinə, ümumilikdə, 101 uşaq cəlb olunmuşdur. Tədrisə cəlb olunan hərəkət və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün distant dərslərin keçilməsi davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı”nın icrasına uyğun olaraq Şahbuz şəhərindəki 1 nömrəli tam orta məktəbdə Şahbuz rayonu üzrə ümumtəhsil məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların valideynləri, bu kateqoriyadan olan uşaqlara fənləri tədris edən müəllimlərin və məktəb psixoloqlarının iştirakı ilə görüş keçirilmişdir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində isə sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasında oyun terapiyasının əhəmiyyəti adlı maarifləndirici tədbir olmuş, sağlamlıq imkanları məhdud 282 məktəbli qış geyimi ilə təmin edilmişdir.
Bu dövrdə 242 ahıl və fiziki imkanları məhdud şəxslərə evlərində, həmçinin 10 nəfərə Ahıllar Evində stasionar sosial xidmət göstərilmiş, Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 21 şəxsin, Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 27 uşağın müalicəsi təşkil edilmiş, 23 nəfərə isə sanatoriya və pansionatlara göndəriş verilmişdir. Ay ərzində 2 nəfər texniki reabilitasiya vasitəsilə təmin olunmuş, 40 nəfərə protez-ortopedik xidmət göstərilmiş, 2 nəfərin sosial məişət şəraiti­nin yaxşılaşmasına, 3 nəfərin respublika daxilində müalicəsinə maddi köməklik göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR