“Ali təhsil alıram, amma ixtisasım üzrə işləməyəcəyəm, əsas əlimdə diplomun olmasıdır”. Bəzi gənclərin dilindən bu ifadəni eşitməmiş olmazsınız. Universitetdə oxuduğum illərdə qrup yoldaşlarımın da bəzilərindən eşitdiyim bu cümlə məni həmişə düşündürürdü. Axı insan arxasınca getməyəcəyi bir sahəyə ömrünün 4-5 ilini boş yerə niyə sərf etsin ki?
Bəzi valideynlərlə də söhbət zamanı başa düşdüm ki, gəncin ali məktəbdə necə təhsil alması, onun gələcəkdə hansı sahədə çalışacağı onların da bəzilərini maraqlandırmır. Baxmayaraq ki, valideynlər övladlarının ali təhsil alması üçün əllərindən gələni əsirgəmir, az qala aylıq gəlirlərini onların hazırlıq xərclərinə sərf edirlər. Valideynləri düşündürən məsələ övladlarının əlində diplomun olmasıdır. Məsələn, mən onların dilindən çox eşitmişəm ki, deyirlər, nə olur-olsun, övladımın əziyyət çəkməyinə imkan vermərəm. Amma mən dünyanı tutub qalası deyiləm, nə qədər ki, sağ-salamatam, bu uşağı oxutdurub əlinə bir kağız parçası verə bilsəydim, o dünyaya gözüaçıq getməzdim.
Hər hansı bir mövzuda valideynlərimizə qarşı çıxdığımızda eşitdiyimiz ilk cümlə “məni indi yox, valideyn olanda başa düşəcəksən” olur. Əslində, bir tərəfdən onların iradlarını qəbul etmək olar, haqlıdırlar da. Heç şübhəsiz, valideynlərimiz bizim yaxşılığımızı istəyirlər. Onları bizim gələcəyimiz düşündürür. Hər biri bizim yaxşı, firavan yaşamağımızı, çətinliklərdən mümkün qədər uzaq olmağımızı arzu edir. Bəs yaxşı, əgər belədirsə, onda niyə bizi yaxşı bərbər, xarrat, yaxud da dərzi olaraq yox, sənətini sevməyən müəllim, həkim, memar kimi görmək istəyirlər? Yoxsa diplomun bütün qapıları üzümüzə açacağı inamına qapılıblar?
Fikrimcə, bu doğrudan da, bir bəladır. Hamımızın ətrafında əlində ali təhsil diplomu olduğu halda, fərqli işlərdə fəaliyyət göstərən onlarla insan var. Çox vaxt ixtisas seçimində valideynlərlə övladları arasında müəyyən anlaşılmazlıq baş verir. Hətta bəzi uşaqlar valideyn məcburiyyəti ilə ixtisas seçir. Əlbəttə ki,valideyn uşağa məsləhət verməli, onu istiqamətləndirməlidir. Amma heç bir məcburiyyət olmadan. Yaxşı olar ki, valideynlər uşaqlara sərbəstlik verib hansı peşəni seçməsi ilə bağlı, sadəcə, yol göstərməklə kifayətlənsinlər. Əgər uşaq valideynin istəyi ilə bir peşəni seçirsə, zamanla özünü orada tapa bilmir. Ali məktəbi bitirdikdən sonra isə həvəsində olduğu sahəyə meyillənir, onunla məşğul olur.
Elə uşaqlar var ki, ali təhsil almaqdan imtina edir, özünü hansısa peşənin sahibi olaraq görür, gələcəkdə də bu işdə qərarlaşmaq istəyir. Lakin valideyn təkid edir ki, o, mütləq ali təhsil alsın. Bəzən də deyirlər ki, ali təhsil al, əgər istəyərsənsə, digər işlə də hobbi kimi özün üçün məşğul olarsan. Axı uşaq özünü hansısa peşəyə aid hiss edirsə, onunla niyə əsas iş olaraq deyil, hobbi kimi boş vaxtında məşğul olmalıdır? Niyə ömrünün ən məhsuldar illərini sevmədiyi bir işə sərf etməlidir?
Bu gün muxtar respublikamızda yeni müəssisələrin, zavod və fabriklərin yarandığını, turizm sahəsinin genişləndiyini, kənd təsərrüfatının və tikinti sektorunun sürətlə inkişaf etdiyini nəzərə alsaq, bütün bunlar onu deməyə əsas verir ki, bizim müxtəlif ixtisaslı peşə sahiblərinə tələbatımız var. Bu sahəyə son dərəcə diqqətlə yanaşılır, peşə məktəbləri fəaliyyət göstərir, peşə təhsili alan şəxslərə qayğı ilə yanaşılırsa, niyə valideynlər bu istiqaməti bir qədər geridə qalmış bir mərhələ kimi qiymətləndirirlər?
Bəzən belə bir qəribə halla da rastlaşırıq. Filan ixtisasın sahibi olsan, yaxşı məvacib alacaqsan, gələcəkdə yaxşı bir vəzifəyə də keçə bilərsən və sair gümanlarla uşağı müəyyən bir sahəyə istiqamətləndirirlər. Deməli, valideynlər tərəfindən seçim daha çox maddiyyata görə edilir.
Məsələyə bir başqa tərəfdən yanaşsaq, hər bir valideynin istəyi, hər şeydən əvvəl, cəmiyyətə faydalı, vətənə, xalqa, sahəsindən asılı olmayaraq, sadiq şəkildə xidmət edəcək bir övlad yetişdirmək deyilmi? Elə isə nədir bu inadla diplom istəyi? Bəlkə də, sadəcə, rəqabət – filankəsin uşağı ali məktəb məzunudur, mənim övladım sadə peşə adamı ola bilməz. Övladınızı başqalarının həyatına, istəklərinə uyğun istiqamətləndirsəniz, itirən başqası deyil, siz və övladınız olacaq. Gəlin bu barədə düşünək.
Fatma BABAYEVA