23 Dekabr 2024, Bazar ertəsi

(Oçerk)

Azərbaycanın Milli Qəhrəmanı şəhid ­İbrahim Məmmədov haqqında hazırlayacağım yazıya başlayarkən 5 yaşlı nəvəm yazı masama yaxınlaşıb İbrahimin şəklini əlinə götürdü: – Baba, bu kimdir ki?
– Qəhrəmandır.
– Qəhrəman necə olur ki?
– Böyüyəndə bilərsən, – dedim və uşağın başa düşəcəyi qədər ona İbrahim Məmmədov haqqında məlumat verdim. İstəyirəm ki, onu tanımayan oxucularımıza da ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanımız barədə danışım...
...Paytaxt Naxçıvan şəhərindəki Şəhidlər xiyabanının yanından tez-tez keçirəm. Burada öz əzizlərini ziyarət etməyə gələnləri hər gün görmək olar. Bu günlərdə yolum yenə xiyabana düşmüşdü. Şəhidlərimizin uyuduğu həmin məkana daxil olub bir qədər ətrafa nəzər saldım. Dalğın baxışları ilə gözlərini şəhid məzarlarına zilləmiş analar diqqətimi cəlb etdi.

Onlardan biri başını qaldırıb ətrafa baxır. Onunla çoxdankı tanış kimi başımla salamlaşıram. O da salamıma elə o tərzdə cavab verir. Gözlərinin dərinliklərində bir nisgil, intizar görürəm. Bir anda bu mənzərəni qürurla baxan gözlər əvəz edir. Düşünürəm ki, yəqin şəhidin anasıdır, belə oğul böyütdüyünü xatırlayır. Çox güman ki, onu doğma torpaq uğrunda ölüm-dirim müharibəsinə göndərdiyi gün yadına düşür.
...İbrahim 1958-ci ildə anadan olmuşdu. Onda ailələri Bakı şəhərində yaşayırdı. Bir qədər sonra Naxçıvana qayıdıblar. İbrahim Naxçıvanda boya-başa çatıb. O, hələ orta məktəbdə oxuduğu illərdə bir sıra şəxsi keyfiyyətləri ilə həmyaşıdlarından seçilib. Həyatının sonrakı dövrlərində bu keyfiyyətlər İbrahimi tanıyanlara onu sevdirən amillər olub. Orta məktəbi yüksək qiymətlərlə bitirib. Müstəqil həyata əmək cəbhəsində qədəm qoyub. Sonra iki il sovet ordusu sıralarında hərbi xidmətini başa vurub. Moskva şəhərində yaşayan gənc həmyerlimiz Bakı Dövlət Universitetinin Tarix fakültəsində qiyabi yolla təhsilini davam etdirməyə başlayıb.
Azərbaycanda baş verən hadisələri Moskvada izləyən gələcək Milli Qəhrəman doğma Vətənə qayıtmağı qərara alıb. Bu qayıdışla onun cəbhə həyatı başlayıb. Bir sıra döyüş bölgələrində – Ağdərədə, Zəngilanda, Füzulidə erməni faşistlərinə qarşı döyüşlərdə könüllü vuruşan eloğlularımıza nümunə olub. Ancaq könüllü batalyonların ləğvi İbrahimin arzularına müvəqqəti olaraq sədd çəkir. Məsələ onda idi ki, İbrahim Məmmədovun Rusiya vətəndaşı olması onun Azərbaycan Ordusu sıralarına qəbul edilməsinə maneə yaradır. Qəlbi doğma torpaqlarımızın azad edilməsi istəyi ilə döyünən İbrahim çıxış yolunu ulu öndərimiz Heydər Əliyevə müraciət etməkdə görür.
Haşiyə. Bir neçə gün İbrahim özündə olmayıb. Küçəyə çıxıb, evə qayıdıb, ailə üzvlərinin suallarına könülsüz cavab veribmiş. Yemək rejimi də pozulubmuş. Buna 1993-cü il noyabr ayının 8-də son qoyulub. Ulu öndərimiz­ Heydər Əliyev İbrahimin Azərbaycan Ordusu sıralarına qəbul edilməsinə razılıq verir. O gün İbrahim leytenant rütbəsində ordu sıralarında xidmətə başlayır.
Bir ay sonra İbrahim Məmmədov bölük komandiri təyin olunur. Neftçalada yerləşən hərbi hissə 1994-cü ilin fevralında Goranboya göndərilir. Kəlbəcər ərazisində gedən döyüşlərdə iştirak edir. İbrahimin rəhbərliyi ilə bu döyüşlərdə igid eloğullarımız böyük qəhrəmanlıqlar göstərir, torpaqlarımızın müdafiəsində canlarından belə, keçməyə hazır olduqlarını nümayiş etdirirlər. Bu döyüşlərdə İbrahim düşmənin bir ədəd zirehli texnikasını, sonra isə 40 nəfər düşmən əsgərini mühasirəyə alaraq məhv edir. Bundan daha da azğınlaşan düşmən hücumlarını bir qədər də genişləndirir. Lakin qəhrəman eloğlularımız bu hücumların qarşısını yerindəcə alır, düşmən böyük itki ilə geri çəkilir. İbrahim Məmmədovun əsl komandirlik bacarığı bu döyüşlərdə üzə çıxır. Əsgərlərimiz onun simasında bütün qanı və canı ilə doğma torpağa bağlı hərbçi görürlər. O, düşmən qarşısında mərdliklə dayanan, ölümün gözünə dik baxan əsgərlərimizin mənəvi-psixoloji durumunu düzgün dəyərləndirməyi diqqətdə saxlayır, hər bir əsgərin yaxın sirdaşına çevrilir.
İbrahim Məmmədovun döyüş yolunda yaddaqalan hadisələr çoxdur. Bu hadisələrin hər birində Vətən torpağının düşmənlərdən azad olunması üçün şücaət və qəhrəmanlıq var. Bugünkü gənclik üçün örnək olan həmin hadisələrdən biri 1994-cü il fevral ayının ­16-da Kəlbəcər rayonunun strateji əhəmiyyətli Yanşaq kəndi ərazisindəki döyüşlərdə onun və yoldaşlarının göstərdikləri qəhrəmanlıqdır. İbrahim Məmmədov həmin gün düşmənin iki tankını məhv etdikdən sonra üçüncü tankla üz-üzə gəlir, həmin tankı da sıradan çıxarır, qeyri-bərabər döyüşdə şəhidlik zirvəsinə ucalmaqla öz yoldaşlarını ölümdən qurtarır.
Xalqımızın bu igid oğlunun qəhrəmanlığı bir neçə gün respublikamızda çap olunan qəzetlərin səhifələrində işıqlandırılır, televiziya kanallarında göstərilir. Mətbuat və televiziya vasitəsilə belə övlad böyüdən valideynlərə minnətdarlıq hissləri ifadə olunur.
Bir neçə ay sonra qəzetlərdə İbrahim İsmayıl oğlu Məmmədova Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı dərc edilir. 20 iyun 1994-cü il tarixli bu fərmanla xalqımızın ümummilli lideri Heydər Əliyev neçə ay əvvəl Azərbaycan Ordusu sıralarına qəbul edilmək üçün ondan kömək istəyən bir qəhrəman Azərbaycan övladını ölkənin ən böyük mükafatına layiq bilir. Ötən illərdə Bakının Yasamal rayonunda Azərbaycanın 9 milli qəhrəmanı sırasında İbrahim Məmmədovun da büstü ucaldılıb.
... 6 bacının 1 qardaşı olsa da, onu ərköyün böyütməmişdilər. Ancaq rəhmətlik atası İsmayıl müəllim övladının sərbəst böyüməsini istəyirdi, onun müstəqil qərarlar qəbul etməsinə hörmətlə yanaşırdı. Atanın belə qərarlar qəbul etməsi, qohum-qonşu arasında birmənalı qarşılanmırdı. Çoxları qınayırdı ki, ziyalılar ailəsinin bir oğlan övladı olan İbrahim orta məktəbi yaxşı qiymətlərlə bitirsə də, nə üçün ali məktəbi yox, zavodda fəhlə işləməyi üstün bildi? Ancaq İbrahimin hərəkətlərini təbii qəbul edənlər də vardı. Çünki İbrahimin qəlbində Vətənə sevgi, yurda məhəbbət, el-obaya hörmət hissləri çox güclü idi. İbrahim belə oğul idi. Qızı İradə deyir ki, nənə, mən İbrahim Məmmədov kimi bir insanın övladı olmağımla qürur duyuram. Fəxr edir ki, onun atası ərazi bütövlüyümüz uğrunda şəhid olub. Bu, hər kəsə nəsib olan ömür deyil.
İbrahim Məmmədov öz şərəfli ölümü ilə ölümsüzlüyə qovuşmağın nümunəsini göstərməklə onu tanıyanların, ümumilikdə, bütün Azərbaycan xalqının qəlbində əbədi yaşamaq hüququ qazanıb. Ömrü yarımçıq qırılsa da, anası, bacıları, yaxın qohum-əqrəbaları onunla qürur duyurlar. Çünki İbrahim bizə ata-baba əmanəti olan torpaqlarımız, ərazi bütövlüyümüz, müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda həlak olub.
Qəbrin nurla dolsun, İbrahim!

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR