1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm nazirliklərinin birgə təşkilatçılığı ilə uşaqlar üçün ekskursiya təşkil olunmuşdur.
Sağlamlıq imkanları məhdud, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrin uşaqlarından ibarət ekskursiya iştirakçıları əvvəlcə Heydər Əliyev Muzeyinə gəlmiş, burada ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında onlara geniş məlumat verilmiş, uşaqlar eksponatlarla tanış olmuşlar. Sonra uşaqlar Duzdağ Fizioterapiya Mərkəzinə, Naxçıvan Dövlət Tarix Muzeyinə, Möminə xatın türbəsinə, Açıq Səma Altında Muzeyə gəlmiş, onlara bu obyektlər barədə ətraflı məlumat verilmiş, Naxçıvan Dövlət Film Fondunda “Biz qayıdacağıq” adlı film göstərilmişdir.
Ekskursiya çərçivəsində “Gənclik kafesi”ndə uşaqlara çay süfrəsi açılmış və hədiyyələr verilmişdir.
Xəbərlər şöbəsi