23 Dekabr 2024, Bazar ertəsi

Yaxın günlərdə Naxçıvan şəhərindəki Əziz Əliyev prospektində yeni qurulan yerüstü piyada keçidinin yanındakı dayanacaqda avtobus gözləyərkən müşahidə etdiyim mənzərə məni bu haqda yazmağa vadar etdi. Yolun digər tərəfində bazar və ticarət mərkəzi olduğundan bu istiqamətdə hərəkət edən avtomobillərin və piyadaların sayı çoxluq təşkil edir. Elə bu səbəbdən qanun keşikçiləri yol hərəkət qaydalarına riayət etməyən piyadaların təhlükəsizliyi məqsədilə onlara keçiddən istifadə etmək lazım olduğunu bildirirlər. Lakin, nədənsə, onların bəziləri nə özləri, nə də sürücülər üçün yaratdıqları təhlükəni dərk etmirlər. Hər kəsin isə dilində bir bəhanə var: tələsirəm. Kimisi işə tələsir, kimisi evə, kimisi həkimə... Ancaq düşünmürlər ki, keçidlərdən istifadə etmədikləri halda, yetişmək lazım olduqları yerə yox, ölümə tələsirlər.

Nəqliyyat vasitələrinin və piyadaların hərəkətini tənzimləmək və təhlükəsizliyini təmin etmək üçün yollarda işıqforlar quraşdırılır, keçidlər inşa olunur. Lakin piyadaların bir çoxunun işıqfora və keçidlərə əhəmiyyət vermədiyini görürük. Nə üçün bu qaydanı polislər məcburən həyata keçirməlidirlər? Axı polis yollarda dayanıb hər kəsə piyada zolağından istifadə etməyi və işıqfordankeçmə qaydasını öyrədə bilməz. Şəhərimizdə kifayət qədər piyada keçidlərinin olmasına baxmayaraq, piyadaların əksəriyyətinin onlardan istifadə etməmələrinin səbəbi nədir? Piyadalar üçün kifayət qədər maarifləndirici tədbirlərin aparılmamasımı, yoxsa cəmiyyətimizdə hələ də piyada mədəniyyətinin formalaşmamasımı? Tanıdığım bir neçə piyada ilə bu barədə söhbət zamanı belə məlum oldu ki, insanların keçidlərdən istifadə edib-etməməsi təhlükəsizliklə bağlı maarifləndirmənin yetərli olmamasıdır.

Həmin ünvanda görüşdüyüm piyada Ziyəddin Tağıyevin fikrincə, bəzi insanların yerüstü keçidlərdən istifadə etməmələrinin səbəblərindən biri müəyyən sayda pilləkənləri qalxıb-enməyin onlar üçün zaman itkisindən ibarət olduğunu düşünmələridir. Ancaq nəzərə alsaq ki, etdiyimiz qanun pozuntusunun qarşılığında müəyyən qədər cərimə oluna bilərik, bəlkə də, o zaman keçidlərdən istifadə etməyə bu qədər biganə yanaşmarıq. Keçiddən istifadə etməyənlər öz təhlükəsizliklərinin qeydinə qalmamaqla yanaşı, sürücülərin də həyatlarını təhlükə altına atmış olurlar. Ziyəddin müəllim düşünür ki, hər şeydən əvvəl, piyada keçidlərindən istifadəni bir vərdişə çevirmək lazımdır. Birmənalı olaraq insanlar anlamalıdırlar ki, yol hərəkəti qaydaları yalnız cərimələnmək üçün yaranmayıb. Bu qanunlar insanların təhlükəsiz yaşaması üçün yazılıb. Qanunu pozanlar isə cəzalandırılmalıdırlar ki, təhlükə yaradan hallara yol verilməsin.
Digər müsahibimiz Ədalət Ziyadov da bu haqda ürəyidolu vətəndaşlarımızdan biridir. O, başına gələn əhvalatı bizimlə bölüşür: “Yayda Bakıya getmişdim. Səhərçağı səhhətimlə bağlı xəstəxanaya getməli oldum. Tələsirdim deyə, keçiddə vaxt itirməmək üçün qadağan olunmuş ərazidən keçməyə çalışdım. O zaman həmin ərazidə xidmətdə olan polis işçisi məni saxladı və xəbərdarlıq etdi ki, əgər bir də bu hal təkrarlanarsa, cərimə yazılacaq. O gündən daha diqqətli olmağa çalışıram. Gedəcəyim yerə nə qədər geciksəm də, piyada keçidlərindən istifadə edirəm. Lakin sözügedən problemi yalnız cərimə tətbiq etməklə aradan qaldırmaq mümkün deyil. Onlar piyada keçidindən cərimədən yayınmaq üçün deyil, öz təhlükəsizlikləri üçün istifadə etməli olduqlarını anlamalıdırlar. Bunun üçün maarifləndirmə işləri aparılmalıdır. Belə maarifləndirmə isə ilk olaraq uşaq bağçalarından, məktəblərdən başlanılmalıdır. Hər kəs kiçik yaşından dərk etməlidir ki, istər özünün, istərsə də başqalarının həyatını təhlükəyə atmamaq üçün piyadalar yol hərəkət qaydalarını pozmamalıdırlar. Bundan əlavə, insanları bu barədə maarifləndirmək üçün sosial çarxlar çəkilib telekanallar vasitəsilə nümayiş də oluna bilər.
Digər müsahibimiz Naxçıvan Dövlət Universitetinin tələbəsi Aytac Dilqəmovanın fikrincə isə yol hərəkət qaydalarını pozan piyadaları qanuna uyğunlaşdırmağın ən yaxşı yolu cərimələrdir. Aytac düşünür ki, tətbiq olunan cərimələr piyadaların xeyrinədir. Çünki keçiddən istifadə edilmədiyi halda, həm özləri, həm də sürücülər üçün təhlükə yaradırlar. Onun fikrincə, baş verən qəzanın qarşısını almaq üçün keçidlərdən istifadə ən optimal variantdır: Bu gün şəhərimizdə piyadaların hərəkətini tənzimləmək istər onların, istərsə də sürücülərin təhlükəsizliyini təmin etmək üçün müxtəlif tədbirlər həyata keçirilir. İnsanların təhlükəsizliyi məqsədilə keçidlərin qurulması həmin tədbirlərin əyani sübutudur. Məncə, insanların təhlükəsizliyinin bu qədər düşünüldüyü, onlara sonsuz qayğı göstərildiyi halda, bəzilərinin özlərinin və başqalarının da həyatını təhlükə altına atması məsuliyyətsizlik və biganəlikdən başqa bir şey deyil. Fikrimcə, keçidlərdən istifadə etməyən piyadaları intizama dəvət etməyin ən yaxşı yolu elə cərimələrdir.
Bu kimi problemlərdən çıxış yolunun yalnız cərimələrlə deyil, maarifləndirici tədbirlərlə də həyata keçirilməsinə üstünlük verənlər var. Naxçıvan şəhər sakini Nəzakət Haqverdiyeva deyir ki, yol-nəqliyyat hadisələrinin yaranmasında piyadaların rolu az deyil. Düşünürəm ki, əksər hallarda piyadalar özləri qəzaya şərait yaradırlar. Onların əksəriyyəti piyada keçidlərindən istifadə etməkdə maraqlı deyil. Son illər şəhərimizdə piyada keçidləri inşa olunaraq əhalinin istifadəsinə verilib. Onların funksiyası yol hərəkətini tənzimləmək, piyadaların təhlükəsizliyini təmin etməkdir. Amma, təəssüf ki, əhali keçidlərdən kütləvi şəkildə istifadə etmir. Həmin piyadaların məsuliyyətsizliyi isə sürücüləri də çətin vəziyyətdə qoyur. Bu məsələdə günah piyadalarda olsa da, onların məsuliyyətsizliyindən yaranan qəza faktlarında bir çox hallarda sürücülər təqsirkar hesab edilir. Bu da, fikrimcə, düzgün deyil. Odur ki, bu kimi halların qarşısını almağın ən yaxşı üsulu insanları maarifləndirməkdir. Hər şeydən əvvəl, bu barədə küçələrdə, yollarda müxtəlif maarifləndirici plakatlar, afişalara yer ayrılsa, düşünürəm ki, daha səmərəli nəticə əldə olunar. Bu işdə polis əməkdaşlarının kütləvi informasiya vasitələri ilə birgə fəaliyyət göstərməsi məqsədəuyğundur. Çünki media ictimaiyyəti maarifləndirməkdə, ictimai fikrin formalaşmasında əvəzsiz rol oynayır. Bu haqda davamlı olaraq müxtəlif sosial çarxlar, reklamlar, müxtəlif layihələrin hazırlanıb efirə verilməsi, mətbuatda maarifləndirici yazıların dərc olunması əhəmiyyətli nəticə verə bilər.
Həmin ərazidə xidməti vəzifəsini yerinə yetirən Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı Nazim Orucov söhbət zamanı bildirdi ki, piyadaların qayda pozuntusunun qarşısını almaq üçün ilk olaraq piyada mədəniyyəti formalaşdırılmalıdır. Bu işdə yol polisi ilə yanaşı, valideynlərin, müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Biz onsuz da yol polisi olaraq vəzifəmizi hadisələrin sayını azaltmağa yönəltmişik. Təhlükənin baş verməməsi üçün əməkdaşlarla birlikdə xidmət aparır, strateji əhəmiyyətə malik ünvanlar üzrə təhlükəsizliyin tam təmin edilməsi üçün öz vəzifəmizi həyata keçiririk. Ancaq yol polisi hər yerdə insanları xoşagəlməz hadisələrdən qoruya bilməz. Elə yerlər var ki, nə işıqfor var, nə də polis. Bu, o demək deyil ki, orada hökmən yol-nəqliyyat hadisəsi baş verməlidir. Yaşımızdan, tutduğumuz mövqeyimizdən asılı olmayaraq, yol hərəkəti qaydalarını öyrənməli və yerinə yetirməliyik. Hər birimiz yol hərəkəti haqqında qanunu və bu qanundan irəli gələn tələbləri bilməliyik.
Müsahibimiz deyir ki, insanlar istədikləri yerdə yolu keçməyin mümkünlüyünü düşünürlər. Bəzi piyadalar vəzifələri haqqında çox səhv məlumatlara malikdirlər. Həmin məlumatlara əsasən də hərəkət edirlər. Məsələn, deyirlər ki, piyada ayağını yola atdısa, sürücü harada olmasından asılı olmayaraq, saxlayıb yol verməlidir. Qanunların təbliği zəif aparıldığı üçün belə problemlər ortaya çıxır. “Yol hərəkəti haqqında” Qanunun 40-cı maddəsində piyadaların vəzifələri sadalanır. Piyadaya deyilir ki, piyada keçidinə daxil olmazdan əvvəl sağa-sola baxmalı, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin olub-olmamasına fikir verməli, onun təxmini sürət həddini nəzərə almalıdır. Düşünməlidir ki, həyatı hər seydən qiymətlidir.
Müsahibimizin fikrincə, nəqliyyat hadisələrinin baş verməsinə əsas səbəb sürücü səhlənkarlığı və piyada diqqətsizliyidir. O deyir ki, baş verən qəzaların 98 faizi yol hərəkəti qaydalarının pozulmasından yaranır. Amma inanıram ki, bu istiqamətdə təbliğatın davam etdirilməsi yol hərəkəti mədəniyyətinin formalaşmasına öz təsirini göstərəcək.
Nazim Orucov onu da bildirdi ki, qarşıdan gələn qış mövsümündə bu məsələ daha da aktuallaşıb. Nəqliyyatın intensiv hərəkətinin təmin olunması üçün müəyyən qabaqlayıcı tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Əgər sürücülər və piyadalar üzərlərinə düşən vəzifələri yerinə yetirsələr onlar həyatlarını sığortalamış olarlar.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR