Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq aztəminatlı ailələrin özünüməşğulluqlarının təmin edilməsi üçün müxtəlif sosial layihələr həyata keçirilir. Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə uzun müddət ünvanlı dövlət sosial yardımı alan və fərdi təsərrüfatlarını qurmaq üçün müraciət edən ailələrə köməklik göstərilməsi nəzərdə tutulub.
Verilmiş tapşırığın icrası ilə əlaqədar müraciət edənlər içərisində Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonları üzrə, ümumilikdə, 16 aztəminatlı ailə müəyyənləşdirilib. Həmin ailələrdən 11-nə yanında balası olan iribuynuzlu mal-qara, 5-nə isə hər birinə 10 ədəd olmaqla, xırdabuynuzlu heyvan verilib.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların sosial reabilitasiyası və məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Sonra aztəminatlı ailə təmsilçilərinə verilən mal-qara ilə bağlı sənədlər təqdim olunub.
Culfa rayon Camaldın kənd sakini Elgün Abdullayev göstərilən qayğıya görə minnətdarlığını bildirib, ailə təsərrüfatından səmərəli yararlanacaqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, bu il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən 38 aztəminatlı ailəyə özünüməşğulluğunun təmin edilməsi üçün müvafiq köməklik göstərilib.
Nail ƏSGƏROV