Ümummilli liderimiz Heydər Əliyev demişdir: “İslam dininin banisi həzrəti Məhəmməd Peyğəmbərin mövlud günü bizim böyük bayramımızdır”.
Hicri təqvimi ilə Rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən Mövlud gecəsi həzrəti Məhəmməd Peyğəmbərin doğum günüdür. İslam dininin təşəkkül tapmasında və bütün dünyaya yayılmasında böyük xidmətləri olan, daim insanları mənəvi saflığa və yüksək əxlaqi dəyərlərə səsləyən Məhəmməd Peyğəmbərin mövlud günü İslamın əziz bayramı kimi bütün müsəlmanlar tərəfindən qeyd edilir.
İnsanları humanizm və bəşəri ideyalar ətrafında birləşdirən İslam dini tarixən xalqımızın dünyagörüşünün formalaşmasında və dini-mənəvi dəyərlərimizin inkişafında müstəsna rol oynamış, Azərbaycanda islami dəyərlərin qorunub yaşadılmasına xüsusi diqqət yetirilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət-din münasibətləri bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, mütərəqqi dini dəyərlər və ənənələr həmişə uca tutulur. Naxçıvan Muxtar Respublikasında da islami dəyərlər qorunub yaşadılır, yeni məscid binaları tikilərək istifadəyə verilir, dini mərasimlər keçirilir. İslamın digər bayramları kimi, Məhəmməd Peyğəmbərin mövludu günü də hər il muxtar respublikada qeyd olunur.
Dekabrın 8-də Naxçıvan şəhərindəki “Came” məscidində Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə “Qurani-Kərim”dən ayələr oxunmuş, xalqımıza əmin-amanlıq, ölkəmizə sülh, inkişaf və tərəqqi arzulanmışdır.
Səbuhi HÜSEYNOV