İnformasiya təhlükəsizliyinin təmin olunması probleminin vacibliyini və aktuallığını şərtləndirən səbəblərdən ən əsası istənilən tipli məlumatın praktik olaraq maneəsiz yayılmasına şərait yaradan qlobal internet mühitinin inkişafıdır. İnternet mühiti genişdir və bu gün həyatımızı onsuz təsəvvür etmək mümkün deyil. Bu baxımdan internetdən istifadə edən uşaqların təhlükəsizliyini təmin etmək mühüm məsələlərdən biridir.
Sirr deyil ki, bu gün kimisi bu texnologiyalardan istifadə edərək özünə lazım olan məlumat əldə edir, kimisi də onlardan yalnız vaxt keçirmək və əylənmək məqsədilə yararlanır. Bu sırada gənclər və azyaşlılar daha çox üstünlük təşkil edirlər. Bir çox hallarda valideynlərinə “kompüterdən dərs öyrənirəm”, – deyən uşaqların böyük hissəsi bu bəhanə ilə monitor önündə saatlarla oturaraq gələcək həyatlarını müəyyən mənada riskə atmış olurlar.
İnternet uşaqlara oyunlar, filmlər, musiqi, yeni biliklər əldə etmək və öz qabiliyyətini inkişaf etdirmək imkanları verir. Lakin bu imkanlar bir sıra mürəkkəb çətinliklərlə də müşayiət olunur. Uşaqlar internetdən istifadə edərkən həm onlara qarşı, həm də kompüterə yönəlmiş bir sıra təhlükələr mümkündür: belə ki, internetdən istifadə edərkən uşaqlar bədniyyətli şəxslərlə təmasda olmaq təhlükəsi ilə üzləşə, cinayətkarların potensial hədəflərinə çevrilə bilərlər. Cinayətkarlar uşaqlarla, əsasən, ani məlumat mübadiləsi zamanı müxtəlif oyunlar, çatlar, forumlar və elektron poçtlar vasitəsilə təmas qururlar. İnternetdə ünsiyyətin anonimliyi dostluq və inam münasibətlərinin tez yaranmasına kömək edir. Bir çox hallarda cinayətkarlar anonimliyin bu üstünlüyündən təcrübəsiz yeniyetmə və gənclərlə ünsiyyət qurmaq üçün istifadə edirlər. Bundan əlavə, yetkinlik yaşında olan, fərd kimi formalaşmayan uşaqlar dini, irqi, milli, sosial nifrəti qızışdıran məlumatlar və ya digər müxtəlif xarakterli informasiyalar ala, eyni zamanda pirat materialları (məsələn, musiqi və videofaylları) yükləyə və onların kompüterin müxtəlif ziyankar proqramlara yoluxması baş verə bilər.
Uşaqların internetdə çox vaxt keçirməsi əksər valideynləri narahat edir. İnternetdə ünsiyyət və interaktiv oyunlar uşaqları cəlb edə bilər ki, nəticədə, onlar zaman, məkan, reallıq hissini itirə bilərlər. Uşaqların çoxu internetdə əyləncə (məsələn, oyunlar) axtarmağı çox xoşlayırlar. Oyunların və əyləncələrin əksəriyyəti yeniyetmələr üçün təhlükəsiz olsa da, onların internet saytlarında ödənişli oyun oynaması yolverilməzdir.
Bu da məlumdur ki, uşaqlar aqressiv oyunlara, yəni sürətlə maşınsürmə səhnələri, döyüş, amansız qətl, müharibə oyunlarına daha çox üstünlük verirlər. Bu isə psixoloji fəsadsız ötüşmür. Kompüter oyunlarının qəhrəmanı uşağın şüuraltına daxil olur. Uşaq ətrafdakılara münasibətini dəyişir.
Qeyd edək ki, son zamanlar internetdə “Mavi balina” adlanan daha bir təhlükəli oyun da yayılıb. Bu oyunun şərtlərinə əsasən iştirakçılar qollarını kəsib şəklini yükləməli, qorxulu videolara baxmalı, hündür yerdə fotosunu çəkib göndərməli və sair qorxunc və təhlükəli tapşırıqlar yerinə yetirməlidir. Bir sıra ölkələrdə bu oyunun təsiri altına düşən xeyli sayda yeniyetmə intihar edib. Oyun artıq Azərbaycanda da yayılmağa başlayıb. Həmin oyunlar, adətən, sosial şəbəkələr, müxtəlif qruplar, heşteqlər, linklər vasitəsilə yayılır. Bu oyunların bəlli bir mənbəyi olmadığına görə onların qarşısını almaq o qədər də asan deyil. Bu zaman valideynlərin üzərinə xüsusi məsuliyyət düşür. Çünki uşaqlarda hər hansı psixi problemlər, bədəndə yaralar və kəsiklər olduqda, bu barədə mütləq tədbir görməlidirlər. Unutmaq olmaz ki, dünyanın müxtəlif ölkələrində, ümumilikdə, 200-dən çox yeniyetmə və gənc bu bəlaya aludə olaraq intihara cəhd edib. Buna görə də valideynlər övladlarının “Mavi balina” oyununu oynadığının fərqinə vardıqda, ilk növbədə, bütün elektron alətlərdən internetə daxilolmanı kəsməlidirlər.
Kompüter arxasında çox oturan insanlar real ünsiyyətə çətinlik çəkirlər. İnternetə çox aludə olanlarda psixoloji gərginlik yaranır, beyin fəaliyyəti kütləşir. Eyni zamanda kompüterin müxtəlif ziyankar proqramlarla yoluxması baş verə bilər ki, bu halda həm də kompüterin təhlükəsizliyinə xələl gəlmiş olur.
İnternetdə uşaqlar müdafiəsizdir, valideynlərin onları necə müdafiə edə bilmələri haqqında məlumatlı olmaları çox vacibdir.
Sadaladığımız riskləri minimuma endirmək mümkündür. Bunun üçün internetfiltrləmə proqramlarının köməyindən istifadə edərək uşaqların müəyyən kontentlərə çıxışını məhdudlaşdırmaq olar.
Digər yol müasir brauzer və antiviruslardır. Müasir brauzerlərin, eləcə də bəzi antivirus proqramların sonuncu versiyalarında azyaşlı istifadəçilərlə bağlı tədbirlər var ki, bu da əsas şübhəli saytlara birbaşa keçidləri blok edir.
Ancaq unutmaq olmaz ki, heç bir texnoloji məhdudiyyət uşaqların internetdə nə ilə məşğul olmasına valideyn nəzarətini əvəz edə bilməz.
Cavid MUSTAFAYEV
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin əməkdaşı