Təbiətimiz hər fəsildə özünəməxsus gözəllikləri ilə göz oxşayır. Yaşıl yamacların da, qızılı rəngli çöllərin də öz gözəlliyi var. Qar isə yurdumuza bir başqa yaraşıq verir. Torpağın bəyaz donu yaşı min illərlə ölçülən Vətənimizə bir az da nuranilik, əzəmət, vüqar bəxş edir. Qar həm də paklıq, təmizlik rəmzidir. Bol qar həmçinin ruzi-bərəkətdən, bolluqdan da xəbər verir.
Bu il də ana təbiət yurdumuza ilk qarını gətirdi. Dağlarımız, düzlərimiz artıq qalın qar ilə örtülüb. Soyuq, şaxta olsa da, muxtar respublikamızda bu, demək olar ki, hiss olunmur. Çünki illər əvvəl bölgənin qazlaşdırılması işi tam başa çatdırılıb. Ən ucqar kəndlərdə belə, bu gün evlər təbii qazla qızdırılır. Artıq yeni nəsil kömür və odun sobalarını təsəvvür belə, etmir. Mavi qaz hər bir evə hərarət, istilik verir. Ən ucqarlarda belə, yaradılmış infrastruktur sayəsində kəndlərimiz şəhərdən seçilmir. Bu gün muxtar respublikamızda kənd mərkəzlərinin, yeni ticarət obyektlərinin, həkim ambulatoriyalarının və ən müasir məktəb binalarının olması, elektrik və qazın fasiləsiz verilməsi kənd sakinlərinin rahatlığını tam təmin edir.
Muxtar respublikamızın paytaxtında – Naxçıvan şəhərində də qar, soyuq heç kimi qorxutmur. Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 2017-2018-ci illərin qış mövsümünə hazırlıqla əlaqədar şəhərdə vaxtında bir sıra tədbirlər həyata keçirilmişdir. Qışa hazırlıq çərçivəsində bu il bir sıra istilik xətləri yeniləri ilə əvəz edilmişdir. Bu il Naxçıvan şəhərində 5 mərkəzləşdirilmiş və 38 fərdi qazanxana vasitəsilə 172 ictimai yaşayış binasının 7634 mənzili və 30 inzibati bina istiliklə təmin olunur. Havaların son günlərədək mülayim keçməsinə baxmayaraq, noyabr ayının 16-dan mənzil və inzibati binaları qidalandıran qazanxanalar artıq işə salınıb. Hazırda Naxçıvan şəhərində 16 məktəb, 9 bağça fərdi, 1 uşaq bağçası isə mərkəzləşdirilmiş qazanxana vasitəsilə qızdırılır.
Bu qarlı-şaxtalı günlərdə şəhər sakinlərinin nəqliyyat sarıdan da heç bir çətinliyi yoxdur. Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin kollektivi sərnişin daşınmasında əlindən gələni əsirgəmir, öz işinin öhdəsindən layiqincə gəlir. Bütün istiqamətlərdə nəqliyyatın intensivliyini təmin edən kollektiv qış mövsümünə yaxşı hazırlaşmış, şəraitə uyğun olaraq xəttə çıxan hər bir avtomobilin şinləri yenilənmiş və istilik sistemi qaydaya salınmışdır.
Bu soyuq günlərdə nəqliyyatın və şəhər sakinlərinin maneəsiz hərəkətini təmin edən kollektivlərdən biri də Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsidir. İdarənin kollektivi tabeçiliyində olan müasir texnikaların köməyi ilə şəhərin mərkəzi küçələrini və yardımçı yolları qar və buzdan təmizləyir, lazım olan yerlərə qum səpir. Şəhərin qardan təmizlənməsində kollektiv lazım olan yerlərdə əl əməyindən də istifadə edir, səkilərdəki qar kürənərək texnikalara yığılır və şəhərdən uzaqlaşdırılır.
Ümumiyyətlə, soyuq və şaxtalı hava bu gün Naxçıvan şəhərində heç bir çətinlik yaratmır. Şəhər sakinləri istədikləri yerə rahat şəkildə gedib-gələ bilirlər. Muxtar respublikamızın hər bir yerində məktəblər istiliklə tam təmin olunmuş, məktəbə gedən yollar qardan təmizlənmişdir.
Bir sözlə, mövsümün gətirdiyi çətinliklərə baxmayaraq, ən sərt iqlimə malik olan Naxçıvan Muxtar Respublikasında həyat öz axarı ilə davam edir.
Qafar QƏRİB