Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi, əldə olunan iqtisadi inkişaf göstəricilərinin sosial və humanitar sahəyə transformasiya etdirilməsi Naxçıvan Muxtar Respublikasında əhalinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olan ən mühüm amil kimi diqqətləri cəlb edir.
Naxçıvanda həyat keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər hər keçən gün özünün müsbət nəticələrini göstərməkdədir. Xüsusən iqtisadi sahədə əldə olunan uğurlarla yanaşı, muxtar respublikanın ən ucqar dağ kəndlərində belə, yaradılmış müasir təhsil və səhiyyə infrastrukturu, kompleks abadlaşdırma istiqamətində aparılan işlər, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi, kənd yerlərində də şəhər həyatı standartlarının yaradılması insanlarda komfortlu həyata yeni baxışlar formalaşdırıb. Əhalidə yaranan işgüzarlıq fərdi evlərin tikintisinə, kiçik və orta sahibkar olaraq yeni layihələrin reallaşdırılmasında daha yaxından iştiraka stimul yaradıb. Nəticədə, dünya iqtisadiyyatında davam edən mürəkkəb iqtisadi şəraitə baxmayaraq, həm iqtisadi, həm də sosial inkişaf sahələrində qorunub saxlanılan yüksək dinamika Naxçıvanın müasir inkişafını xarakterizə edən ümumi göstərici kimi öz əhəmiyyətini ortaya qoyur.
Şübhəsiz, yüksək həyat səviyyəsinin əldə olunması mühüm iqtisadi nəticələr qazanılmadan mümkün deyil. Bu mənada, Naxçıvanda ümumi daxili məhsul istehsalındakı artımı, xüsusilə qeyd etmək lazımdır. Belə ki, ümumi daxili məhsul ölkə və ya regionda il ərzində yerli və xarici şirkətlər tərəfindən istehsal edilən bütün son hazır əmtəələrin və xidmətlərin məcmusunu ifadə etməklə iqtisadiyyatda hər kəsin ümumi gəlirləri, həmçinin əmtəə və xidmətlərin alınmasına çəkilən xərclərlə ölçülür. Məhz yüksək ümumi daxili məhsul insanların həyat səviyyəsinə də təsir edir və bu da onların gəlir səviyyəsinin, ömür uzunluğunun, savadlılıq dərəcəsinin və dolayısı ilə yaradıcı insan potensialının artmasına gətirib çıxarır. Bu baxımdan Naxçıvanda ümumi daxili məhsulun adambaşına düşən hissəsinin artımının təmin olunması həmişə diqqət mərkəzində saxlanılıb. Belə ki, cari ilin yanvar-oktyabr aylarında 2 milyard 112 milyon 48 min 200 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, onun da hər bir nəfərə düşən məbləği 4686,2 manata çatıb.
Əhali gəlirlərinin artımı insanların alıcılıq qabiliyyətinə mühüm təsir edir. Bu baxımdan muxtar respublikada əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi, öz növbəsində, istehlak bazarının da canlanmasına səbəb olub. Təkcə bir faktı qeyd edək ki, əgər Naxçıvan Muxtar Respublikasında 1995-ci ildə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı göstəricisi 15,9 manat səviyyəsində olubsa, 2017-ci ilin yanvar-sentyabr ayları üzrə bu göstərici 415,1 manat təşkil edib. Bu da həmin dövrlə müqayisədə 26 dəfədən çox artım deməkdir.
Muxtar respublikada yeni istehsal, xidmət müəssisələrinin və iş yerlərinin yaradılması, kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması da həyat səviyyəsinin yaxşılaşmasında öz sözünü deyir. Əhalinin məşğulluğunun artırılması üzrə dövlət proqramlarının uğurlu icrası da muxtar respublikada səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə geniş imkanlar yaradıb.
Bütün bunlar əhali tərəfindən əmtəə və xidmətlərin istehlakına da öz təsirini göstərməkdədir. Belə ki, muxtar respublikamızda təkcə yüksək tələbat kateqoriyasına daxil olan informasiya və rabitə xidmətləri üzrə baxsaq, 2017-ci ilin yanvar-oktyabr aylarında 42 milyon 835 min 500 manat dəyərində xidmətlər göstərildiyini və bunun da 2016-cı ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 1,9 faiz çox olduğunu görərik. İşgüzarlığın və dinamik həyat tərzinin göstəricisi olan mobil rabitə xidmətlərinin dəyəri isə bu dövrdə 35 milyon 592 min 400 manat təşkil edib ki, bu da bir il öncəyə nisbətdə 1,8 faiz çoxdur. Eləcə də avtomobil, lüks əşya və sosial-mədəni xidmətlərin alımındakı fəallıq da həyat səviyyəsinin artım meyillərini göstərir. Bunlardan başqa, Naxçıvanda sahibkarlığın dinamik inkişafını və eləcə də əhalinin həyat səviyyəsini əks etdirən göstəricilər kimi açılmış bank hesabları və sığorta xidmətlərindən istifadəni də qeyd etmək mümkündür. Belə ki, 1 noyabr 2017-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 62939, cari ilin yanvar-oktyabr aylarında bütün sığorta növləri üzrə daxilolmalar 6 milyon 474 min 300 manat olub. Bunlar da region əhalisinin yüksələn həyat səviyyəsindən xəbər verir.
Rəsmi statistikaya əsasən muxtar respublika əhalisinin sayı artıq 452 min nəfərə çatıb. Əhalinin hər təbəqəsinin normal həyat şəraitinin təmin edilməsi dövlətin diqqət mərkəzində olub, həyata keçirilən sosial siyasətyönümlü tədbirlərlə daim dəstəklənir. Əhali gəlirlərinin artırılması ilə yanaşı, müvafiq kateqoriyadan olan sağlamlıq imkanları məhdud şəxslərə minik avtomobillərinin, müharibə əlili və şəhid ailələrinə mənzil və fərdi yaşayış evlərinin verilməsi, onların bərpa mərkəzlərində müalicələrinin təşkili də muxtar respublikada insan amilinə göstərilən diqqətin nümunəsidir.
Ötən illərə nəzər yetirdikdə bütün bunların heç də asan başa gəlmədiyini bir daha görməkdəyik. Bəli, 1995-ci ildən başlayaraq muxtar respublikanın bugünkü inkişafına gedən yol bilavasitə ulu öndərin Naxçıvanla bağlı arzularının gerçəkləşdirilməsi və bunun üçün göstərilən fədakarlıqlarla xarakterizə olunur. Bu gün biz bir daha şahidi oluruq ki, Naxçıvanda görülən bütün işlər hansısa cari problemin həlli üçün deyil, ümumregion əhəmiyyətli, uzunmüddətli perspektivə hesablanmış uzaqgörən siyasətin bəhrələridir. Bunun əsasında isə ölkəmizin hər bir guşəsinin çiçəklənməsinə xidmət edən və ulu öndər Heydər Əliyevin müəllifi olduğu iqtisadi inkişaf strategiyası durur.
Əli CABBAROV