23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycanda 42 növ həmərsin bitkisi var. Bunların 36-sı yabanıdır. Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və qırışıq həmərsinlərdir. 20-25 il ömrü olan qəhvəyi həmərsin 2 metrə qədər boyu olan kollar halında bitir.
Çiçəkləri açıq və tünd-çəhrayı rəngdə olmaqla, ətirlidir. Meyvəsi avqust-sentyabrda yetişir. Meyvənin tərkibindəki C vitamini yetişmə müddətində daha da artır. Ona görə də yetişmiş meyvələr şaxtalar düşənədək yığılmalıdır. Onu da bildirək ki, bitkinin meyvələrinin tərkibindəki C vitamini birinci dəfə 1931-ci ildə tapılmışdır. Lakin bundan çox əvvəl Rusiyada həmərsin bitkisinin meyvələrindən hazırlanan dərmanla dişlərin dibindən qanaxmaya, yəni ­ C-avitaminoza qarşı müalicə tətbiq edilirdi.

Öz zəngin tərkibinə görə həmərsinin insan sağlamlığı üçün saymaqla bitməyən A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, potasyum, sodium, maqnezium, kalsium və fosforla zəngindir. Belə ki, bitkinin tərkibində C vitaminin miqdarına görə əsl “çempiondur”. Fitoterapevt həkimləri həmərsini “təbii vitamin-­mineral kompleksi” adlandırırlar. Həmərsinin meyvəsindən, çiçəyindən dəmlənmiş çay immuniteti gücləndirir, iltihabi proseslərin qarşısını alır, soyuqdəymə zamanı olduqca xeyirlidir. O, sinir sistemini sakitləşdirir, böyrəklərdə və öd kisəsində daşların əmələgəlmə riskini azaldır, mədə ağrılarını götürür, ürək-damar xəstəlikləri üçün faydalıdır, iştahanı açır, qan təzyiqini aşağı salır, maddələr mübadiləsini normallaşdırır, orqanizmin ümumi tonusuna müsbət təsir göstərir. Xüsusilə qış fəslində müntəzəm istifadə etmək daha xeyirlidir. Bu ərəfədə orqanizmin vitaminlərə olan tələbatının bir qismini həmərsin bitkisi ilə təmin etmək mümkündür.
Həmçinin həmərsin çayı damarları təmizləyir və möhkəmləndirir, qanazlığı zamanı kömək edir. Həmərsin çayını gün ərzində 2-3 dəfə 1/2 stəkan (100 ml) olmaqla qəbul etmək olar. Çaya zövqə görə bal əlavə etməklə, onun faydalı xüsusiyyətlərini daha da artıra bilərik. Lakin nəzərə almaq lazımdır ki, balı isti çaya əlavə etmək olmaz. Bu halda onun faydası kəskin azalır. Həmərsinin çiçəyindən dəmlənmiş çay qızdırmaya qarşı təsiredici vasitədir. Bu çay immun sistemini stimullaşdırır və möhkəmləndirir, bakteriya əleyhinə təsir edir, iltihabı azaldır.
Xalq təbabətində bu bitkinin meyvəsindən arıqlamaq üçün də istifadə etmək olar. Bunun üçün 1 litr qaynar suya 3 xörək qaşığı həmərsin meyvəsi əlavə etməli və 12 saat saxlanılmalıdır. İki həftə ərzində hər gün yeməkdən 30-40 dəqiqə əvvəl bir stəkan içməklə istənilən nəticəni əldə etmək olar.
Digər faydalı bitkilər kimi həmərsindən də qədərində istifadə etmək lazımdır. Xüsusilə mədə xorası olan insanlar bu bitkidən məhdudiyyətlə istifadə etməlidirlər. Əgər hər hansı xroniki xəstəlik varsa, bu çayı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Çünki bəzi xəstəliklər zamanı həmərsin çayının qəbulu ziyanlı ola bilər.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR