23 Dekabr 2024, Bazar ertəsi

Məhdud fiziki imkanlı şəxslərin hüquqlarının qorunmasına, onların sosial müdafiəsinin təmin olunmasına ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının 14 oktyabr 1992-ci il tarixli qərarı ilə 3 dekabr Beynəlxalq Əlillər Günü kimi təsis edilib.
Ölkəmizdə məhdud fiziki imkanlı şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə əsası qoyulan bu siyasət hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu sahənin qanunvericilik bazası təkmilləşdirilir. Cəmiyyətin ümumi inkişaf prosesindən irəli gələn yeniləşmə, təkmilləşmə tendensiyasına müvafiq olaraq bu kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdıran, habelə ayrı-ayrı sosial məsələlərin həllinə imkanlar yaradan qanunlar qəbul edilir, eyni zamanda onların maddi təminatını gücləndirmək məqsədilə yeni təqaüd və müavinətlər təsis edilir, pensiyaların və digər sosial ödənişlərin məbləği mütəmadi artırılır.
Muxtar respublikada sosial-iqtisadi sahədə həyata keçirilən davamlı islahatlar sakinlərin həyat şəraitinin yaxşılaşması, rifahının yüksəlməsi ilə nəticələnmişdir. Müvafiq kateqoriyadan olan məhdud fiziki imkanlı şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb. Sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədilə hər ay təqaüd, aylıq və birdəfəlik sosial müavinətlər ödənilir. Hazırda muxtar respublikada 7121 əlilə sosial müavinət, 233 şəhid ailəsinə, 1644 müharibə əlilinə və birinci qrup ümumi səbəbdən əlillərə təqaüdlər ödənilir.

Hazırda sağlamlıq imkanları məhdud 35 şəxsə evlərində sosial-məişət xidməti göstərilir, onların zəruri sosial problemlərinin həlli və vaxtaşırı tibbi müayinədən keçmələri təmin edilir.
Məhdud fiziki imkanlı şəxslərin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın icrası məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin güclənməsinə əsaslı zəmin yaradır. Cari ilin 10 ayı ərzində əmək bazarının tələblərinə uyğun təşkil olunan müvafiq peşə kurslarına sağlamlıq imkanları məhdud 15 nəfər cəlb edilmiş, bu kateqoriyadan olan 82 şəxs münasib işlə təmin edilmişdir. Sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluqlarının təmin edilməsi məqsədilə 39 nəfər sosial xarakterli haqqıödənilən ictimai işlərə cəlb olunmuş, 16 nəfərə isə fərdi ailə təsərrüfatlarını formalaşdırmaq üçün köməklik göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası isə bu kateqoriyadan olan uşaqların təhsil almasına, onların reabilitasiyasına, cəmiyyətə daha fəal inteqrasiyasına yeni imkanlar yaradır. Hazırda bu qəbildən olan uşaqlardan 57-si məktəbəqədər təhsil müəssisələrinə, 931-i ümumtəhsil məktəblərinə, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən məktəbə gedə bilməyən 24 uşaq distant tədrisə cəlb olunmuşdur. Tədrisə cəlb edilmiş aztəminatlı sağlamlıq imkanları məhdud 281 şagird məktəbli geyimi və ləvazimatları, eləcə də qış geyimi ilə təmin olunmuşdur. Yay tətili günlərində sağlamlıq imkanları məhdud məktəbli uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə tərtib edilmiş tədbirlər planına uyğun olaraq uşaqların Naxçıvan şəhərində muzeylərə, tarix-memarlıq abidələrinə, istehsal və emal müəssisələrinə ekskursiyaları təşkil olunmuş, təhsildə fərqlənən məktəbli uşaqlar Ağbulaq İstirahət Mərkəzinə göndərilmiş, Naxçıvan Dövlət Kukla Teatrında tamaşalar nümayiş etdirilmiş, Naxçıvan şəhərindəki Əyləncə və İstirahət Mərkəzində istirahətləri təşkil edilmiş, onlar arasında “Tullantıdan əl işi“ adlı sərgi-müsabiqə ke­çirilmişdir. Dövlət proqramının icrasına uyğun olaraq uşaqlar arasında şeir müsabiqəsi, “Yurdumuzu tanıyaq” adlı bilik müsabiqəsi, eşitmə qabiliyyəti məhdud uşaqlar arasında yazı müsabiqəsi keçirilmiş, bu qəbildən olan uşaqların iştirakı ilə 4 kiçikhəcmli videokitab hazırlanmış, Bakı şəhərindən dəvət olunmuş eşitmə qabiliyyəti məhdud şəxslərin tədrisi ilə məşğul olan müəllimin müşayiəti ilə uşaqların tarixi abidələrə və muzeylərə ziyarətləri təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən nitq məhdudiyyəti olan, zehni inkişafın ləngiməsi, autizm və daun sindromlu uşaqlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirmək məqsədilə yeni tədris ilində Şərur və Ordubad rayonlarında Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin Defektoloji bölməsinin filialları təşkil edilmişdir.
Məhdud fiziki imkanlıların istedadlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin inkişafı məqsədilə də tədbirlər təşkil olunur. Belə ki, onlar arasında şeir, bilik, mütaliə, brayl yazı, rəsm və əl işləri üzrə müsabiqələr təşkil edilir, onların iştirakı ilə hazırlanan tamaşa nümayiş etdirilir, idmanın müxtəlif növləri üzrə yarışlar keçirilir. Sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu mütəmadi olaraq bayram tədbirlərində, eyni zamanda əsgərlər qarşısında konsert proqramı ilə çıxış edir.
Əlamətdar günlərdə məhdud fiziki imkanlı şəxslərin iştirakı ilə tədbirlərin həyata keçirilməsi ənənə halını alıbdır. Bu il muхtаr rеspublikа üzrə sağlamlıq imkanları məhdud 1630 şəxslə görüşlər keçirilmiş və onlara sovqatlar verilmişdir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisində avqustun 26-da 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşı­rıqların icrası ilə əlaqədar 68 nəfər tənha ahıl və əlil vətəndaşa ehtiyaclarına uyğun zəruri ləvazimatlar təqdim edilmiş və məhdud fiziki imkanlı 19 şəxs tərəfindən toxunmuş 2807 cüt yun corab və 214 ədəd yun şərf hərbi hissələrə təhvil verilmiş, həmçinin sağlamlıq imkanları məhdud şəxslər arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir.
Muxtar respublikada sosial-­iqtisadi sahədə dinamik inkişafın təmin olunması bundan sonra da məhdud fiziki imkanlı şəxslərin rifahının daha da yaxşılaşmasına imkan verəcəkdir.


Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR