23 Dekabr 2024, Bazar ertəsi

İnsan həyatının və sağlamlığının qorunması cəmiyyətin əsas qayğılarındandır. Bəzən istəməməyimizdən asılı olmayaraq, elə gözlənilməz hadisələr baş verir ki, bunun nəticəsində hər bir şəxsin həyatına və sağlamlığına ciddi xəsarət dəyir. Belə xəsarətlərin bərpa olunması üçün isə xeyli müddət və yüksək məbləğdə xərclər tələb olunur. Bu baxımdan baş vermiş qəza hallarında insanların məruz qaldığı xəsarətin aradan qaldırılması məqsədilə ehtiyac olan maddi tələbatın təmin olunması üçün fərdi qəza sığortası xüsusi əhəmiyyət daşıyır. Bu həm də vətəndaşların sosial müdafiəsinin təşkili kimi sığortanın əsas funksiyalarından biri hesab olunur.
Fərdi qəza sığortası müasir dünyada geniş yayılıb. O, öz formasına görə könüllü sığortadır. Bu sığorta növü tərəflərin qarşılıqlı razılaşması yolu ilə müəyyən olunmuş qaydalar əsasında aparılır. Digər icbari sığorta növləri ilə müqayisədə fərdi qəza sığortasının bir sıra üstünlükləri də vardır. Belə ki, istehsalatda bədbəxt hadisələrdən icbari sığorta yolu ilə sığortalanan şəxslərə yalnız iş vaxtı baş verə biləcək hadisələrdən təminat verilirsə, fərdi qəza sığortası olan insana onun harada olmasından və günün hansı saatından asılı olmayaraq, baş vermiş gözlənilməz, bədbəxt hadisələrdən maddi təminat verilir. Bu isə hər bir insanın həyatı üçün vacib şərtdir. Çünki gündəlik həyatımızda elə hadisələr baş verir ki, onların bəziləri insanların həyat və sağlamlığına zərərlər vurmaqla maddi vəziyyətlərinə ciddi itkilər törədə bilir. Belə hallarla daha etibarlı gələcək üçün sığorta agentliyi tərəfindən həyata keçirilən fərdi qəza sığortası hər kəs üçün əhəmiyyətlidir.

İnsan həyatında sağlamlığın və əmək qabiliyyətinin itirilməsi ilə nəticələnən qəfil, gözlənilməz bədbəxt hadisələrə həmişə, hər yerdə rast gəlmə ehtimalı vardır. İnsanların sosial fəaliyyətlərinin getdikcə daha çox artması, iqtisadi və mədəni həyatdakı sürətli dəyişikliklər, o cümlədən turizm səyahətlərinə yollanmalar belə ehtimalları daha da artırır. Fərdi qəza sığorta hadisəsi hesab olunan belə hadisələrə qarşı sığorta olunduqda sığortaçı tərəfindən zərərçəkmiş vətəndaşa verilən sığorta ödənişləri dəymiş zərərin qarşısının alınması üçün istifadə oluna bilər. Belə zərərlərin isə fiziki, kimyəvi, texniki xarakterli təsadüfi hadisələrdən baş verməsi mümkündür. Belə ki, insanın sağlamlığının və əmək qabiliyyətinin itirilməsi ilə müşayiət olunan qəfil yanğın, partlayış, donma, suda boğulma, elektrik cərəyanı, ildırım, günvurma, vəhşi heyvanların hücumu, tənəffüs yollarına yad əşyanın düşməsi, zəhərli bitkilərdən kəskin zəhərlənmə, eləcə də maşın, mexanizm və alətlərdən istifadə zamanı ona dəymiş zərərə görə sığortalı vətəndaşın özü və ya ailəsi sığorta müqaviləsində göstərilmiş məbləğdə sığorta ödənişi ilə təmin olunur.
Fərdi qəza sığortası tərəflər arasında razılaşdırılmış şəkildə sığorta müqaviləsi bağlamaqla həyata keçirilir. Bu müqaviləyə əsasən sığortalı şəxsin ödədiyi razılaşdırılmış sığortahaqqı müqabilində sığorta hadisəsi baş verdiyi zaman həmin müqavilədə göstərilən sığorta məbləğinin sığortaçı tərəfindən faydalanan şəxsə, yəni sığorta­olunana, sığorta­olunan bədbəxt hadisə nəticəsində vəfat etdiyi hallarda isə övladlarına verilməsi nəzərdə tutulur.
Fərdi qəza sığorta növü üzrə müqavilə bağlanarkən sığortalı şəxsin ödədiyi sığortahaqqı razı­laşdırılmış sığorta məbləğinə və sığortaolunanın peşəsi və məşğuliyyəti nəzərə alınmaqla müəyyənləşdirilən tarif dərəcəsinin sığorta məbləğinə nisbətdə hesablanmış pul məbləğidir. Bu məbləğ fərdi qəza sığortası üzrə tarif dərəcəsi risklərin səviyyəsindən asılı olaraq 0,5 faizdən 2 faizədək həcmdə müəyyənləşdirilir. Məsələn, aşağı risk dərəcəsində min manat dəyərində sığorta məbləği üçün 0,5 faiz tarif dərəcəsi ilə 5 manat sığortahaqqı ödəməklə müqavilə bağlamaq mümkündür. Beş min manatlıq sığorta məbləği üçün müqavilə bağlandıqda isə 0,5 faiz tarif dərəcəsi ilə 25 manat sığortahaqqı ödənilməlidir. Nisbətən yüksək risk səviyyəsi mövcud olduqda min manatlıq sığorta məbləği üçün 1 faiz tarif dərəcəsi ilə 10 manat sığortahaqqı, beş min manatlıq sığortaməbləği üçün isə 50 manat sığortahaqqı ödənilməklə müqavilə bağlanır. Fərdi qəza sığortası üzrə sığortahaqqı nağd və nəqdiyyəsiz qaydada ödənilə bilər.
İnsanların fəal həyat tərzi gözlənilməz qəfil qəza hadisələrinin də rastgəlmə ehtimalının artmasına səbəb olur. Odur ki, belə gözlənilməz bədbəxt hadisələrdən vaxtında sığortalanmaqla yaranmış çıxılmaz vəziyyətdən, maddi zərərlərdən xilas olmaq mümkündür.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR