Naxçıvan Regional Peşə Tədris Mərkəzində regionun əmək bazarında ciddi tələbat yaranan və unudulmaqda olan peşələr üzrə kurslar təşkil edilməklə bu sahədəki vəzifələrin həllinə ciddi diqqət yetirilir.
İndiyə qədər peşə ixtisasları üzrə müxtəlif kursların təşkil olunduğu Naxçıvan Regional Peşə Tədris Mərkəzində də həmin vəzifələrin həlli istiqamətində xeyli işlər görülmüş, muxtar respublikanın bütün bölgələrindən cəlb olunmuş müdavimlər müxtəlif peşələrə yiyələnmişlər.
Mərkəzdən aldığımız məlumatda bu tədris müəssisəsinin fəaliyyətə başladığı 2009-cu ilin aprel ayından indiyədək burada təşkil edilmiş kursları 3 mindən çox müdavim bitirərək sertifikatlarla təmin olunmuşdur. Ümumilikdə isə həmin ildən bu günə qədər Naxçıvan Regional Peşə Tədris Mərkəzində kompüter istifadəçisi, kabel lehimləyicisi və elektrik montyoru, elektron avadanlıqların təmiri üzrə elektromexanik, bərbər-manikürçü, traktorçu-maşinist, xalçaçı, dərzi, buldozer maşinisti və digər peşə hazırlığı kursları təşkil edilmişdir. Bundan əlavə, televiziya üçün teleaparıcı, kinooperator, televiziya rejissorluğu, “Naxçıvanqaz” İstehsalat Birliyinin işçiləri üçün qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri üçün dəmir yolu nəqliyyatında elektrik montyoru peşələri üzrə ixtisasartırma, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müraciətləri nəzərə alınaraq bir sıra kurslar təşkil edilmişdir.
Təhsil ocağında müdavimlərin normal təhsil almaları üçün bütün lazımi şərait yaradılmışdır. Burada təşkil olunan peşələrə uyğun ixtisaslaşdırılmış sinif otaqları vardır. Mərkəzdə kabinələr, emalatxanalar, istirahət və elektron lövhə otaqları fəaliyyət göstərir. Kabinə və emalatxanalar əyani vəsaitlər, elektron lövhə otağı isə sürətli internet və tədris üçün videomateriallarla təmin edilmişdir ki, bu da tədrisin keyfiyyətlə aparılmasında mühüm rol oynayır.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində 44 yerlik yataqxana, camaşırxana, yeməkxana, mətbəx, kitabxana fəaliyyət göstərir. Muxtar respublikanın rayonlarından gəlmiş müdavimlər yataqxanada qeydiyyata alınaraq gündə 3 dəfə yeməklə təmin olunurlar. Kursa cəlb edilənlər arasında Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın Babək, Şərur, Culfa, Şahbuz rayonlarından gələn müdavimlər də üstünlük təşkil edirlər. Müdavimlərin yaş həddi isə 16-55 arasında dəyişir. Bu isə hər yaşda peşələrə yiyələnmək istəyənlərin olduğunu göstərir.
Mərkəzdə peşə hazırlığı istiqamətində gələcəkdə aparılacaq işlərin təkmilləşdirilməsi məqsədilə əmək bazarında müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi üçün rübdə bir dəfə muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlarda sorğular təşkil edilir. Belə sorğuların nəticəsi və işaxtaranların fərdi müraciətləri gələcəkdə regionun əmək bazarına və rəqabətə uyğun peşə hazırlığı üçün tələbatı müəyyən etməyə imkan verir.
Onu da qeyd edək ki, peşə hazırlığı kurslarında tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə muxtar respublikada və ölkəmizin digər regionlarında, o cümlədən xarici ölkələrdə fəaliyyət göstərən mütəxəssislər dəvət olunur. Bacarıqlı peşə sahiblərinin hazırlanmasına və onların peşə yönünə görə işlə təmin olunmalarına göstərilən diqqət mühüm əhəmiyyət kəsb edir.
Ramiyyə ƏKBƏROVA