Uşaq hüquqlarının tam təmin edilməsi, onların problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Respublikamızın sürətli iqtisadi inkişafı sosial problemlərin həlli üçün etibarlı zəmin yaradır. Bu baxımdan son illərdə ölkəmizdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil almaları üçün lazımi şəraitin təmin edilməsinə yönəlmiş mühüm addımlar atılmaqdadır.
Uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, onlara problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək məqsədilə 2009-cu ildə Azərbaycan Uşaqlarının I, 2011-ci ildə II, 2014-cü ildə isə III Ümumrespublika forumlarının keçirilməsi uşaqların hərtərəfli inkişafı, milli və mənəvi dəyərləri mənimsəmələri baxımından diqqətəlayiqdir. Forumlar ölkə üzrə bütün şəhər və rayonları təmsil edən uşaqların iştirakı ilə keçirilib. Ötən müddət ərzində bu tədbirlərdə iştirak edən uşaqlar tərəfindən səsləndirilən bütün təkliflər müxtəlif proqramlarda öz əksini tapıb. Forum həm də əsas verir ki, hər bir uşaq onu düşündürən, narahat edən məsələləri dilə gətirsin, problemlərin birgə həlli yollarını araşdırsın. Məhz bu forumlar istedadlı uşaqların üzə çıxarılmasında mühüm rola malikdir. Həmçinin bu forumlar uşaqların ictimai fəallıqlarının artırılmasında, iştirak hüququnun təmin edilməsində və liderlik keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyət daşıyır.
Bu il noyabr ayının 20-də Bakı şəhərində Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilib. Foruma Azərbaycanın bütün şəhər və rayonlarından fəallığı və intellektual səviyyəsi ilə seçilən, fikirlərini sərbəst şəkildə ifadə edə bilən 380 nəfərə yaxın uşaq, həmçinin xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar nümayəndə qismində seçiliblər. Forum çərçivəsində uşaqların əl işlərindən ibarət sərgi və uşaq hüquqlarına dair filmlər nümayiş etdirilib.
Qeyd edək ki, bu forumda muxtar respublikamızı şəhər və rayon məktəblərindən, Heydər Əliyev adına Hərbi Liseyin, Heydər Əliyev adına tam orta məktəbin və Qızlar Liseyinin hər birindən 1 uşaq olmaqla, ümumilikdə, 10 uşaq təmsil edib.
Tədbirdən əvvəl Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin, Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.
Dövlət Himninin oxunması ilə başlanan forumda ölkə Prezidenti cənab İlham Əliyevin forum iştirakçılarına təbrik məktubu oxunub. Forum çərçivəsində dövlət müəssisələrinin, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri çıxışlar edib, dövlət və hökumət nümayəndələri uşaqların suallarını cavablandırıblar. Forum zamanı uşaqlar üçün aktual olan mövzular – “Uşaq hüquqları: inkişaf üçün birləşək”, “Təhsildə yeni standartlar: çağırışlar və bərabər imkanlar”, “Uşaqların internet təhlükəsizliyi”, “Sağlamlığın qorunması, sağlam həyat tərzi. Ətraf mühitin mühafizəsi”, “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi”, “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti”, “Vətəni sevək, ona layiq olaq. Qarabağ həqiqətlərini dünyaya çatdıraq” mövzuları üzrə aidiyyəti dövlət orqanlarını təmsil edən ekspertlərin iştirakı ilə qruplarda müzakirələr aparılıb. Muxtar respublikanı təmsil edən uşaqlar bu müzakirələrdə fəal iştirak edib, təkliflər səsləndiriblər.
Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim olunacaq ölkəmizin bütün bölgələrindən gətirilmiş torpaqla hazırlanmış xəritəmiz göstərilib.
Sonda forum iştirakçıları adından dövlət başçısına müraciət ünvanlanıb. Tədbirdə Azərbaycan uşaqları adından dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara bəyanat, forumun bəyannaməsi qəbul edilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti