Naxçıvan Muxtar Respublikasında uşaqların inkişafı, onların cəmiyyətin layiqli üzvü kimi yetişməsi üçün sağlamlıq imkanları məhdud uşaqların da təhsilə cəlb olunması və reabilitasiyası diqqət mərkəzindədir. Bu məqsədlə müvafiq dövlət proqramları qəbul edilib, audio və elektron kitabxana, Distant Tədris Mərkəzi yaradılıb, Uşaq Bərpa Mərkəzinin fəaliyyəti gücləndirilib.
Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, cəmiyyətə fəal inteqrasiyası istiqamətində bu gün muxtar respublikada kompleks tədbirlər həyata keçirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası nəticəsində onların təhsilə cəlbi və cəmiyyətə inteqrasiya olunması sistemli xarakter almış, inklüziv təhsil üçün əsaslı zəmin hazırlanmışdır. Dövlət proqramının icrasına uyğun olaraq 2014-cü il oktyabrın 1-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilmişdir. Bununla da, hərəkət qabiliyyəti məhdud uşaqların təhsilə cəlbi təmin olunmuşdur. Distant tədrisə cəlb edilmiş uşaqların yaşadığı mənzillərdə asinxron rəqəmsal abunəçi avadanlığı, noutbuk və vebkameralar quraşdırılmışdır. Eyni zamanda mərkəzdə çalışan 3 müəllimə və uşaqların valideynlərinə sistemdən istifadə qaydalarının öyrədilməsi məqsədilə kurslar keçirilmişdir.
Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, onların təlimində mütərəqqi üsulların tətbiqi, bu istiqamətdə kadr hazırlığının daha da gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.
Dövlət proqramının məqsədi sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması, inklüziv və distant təhsilin əhatə dairəsinin genişləndirilməsi, onların sosial reabilitasiyasında müasir üsulların tətbiq edilməsi, müasir informasiya texnologiyalarından istifadə imkanlarının artırılması və bu sahədə müvafiq pedaqoji kadrların hazırlanmasıdır.
Hazırda Distant Tədris Mərkəzində sağlamlıq imkanları məhdud 24 uşaq təhsil alır. Bununla yanaşı, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində eşitmə qabiliyyəti məhdud 7 uşaq üçün də distant dərslər keçilir. Onu da qeyd edək ki, proqramın icrasından ötən dövr ərzində sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülmüşdür. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində fəaliyyət göstərən brayl kitabxana, gözdən əlillər üçün brayl displeylər, sürətli internet, oxu materialını böyüdən avadanlıqlar, yazı formatında olan kitabları səsləndirən oxu maşını və subtitrli filmləri nümayiş etdirən kinozalın xidmətlərindən istifadə etmək mümkündür. Müvafiq dövrdə reabilitasiya təlimlərinə 104 uşaq cəlb edilmişdir. Mərkəzin kitabxana fondunun zənginləşdirilməsi daim diqqət mərkəzindədir. Görmə qabiliyyəti məhdud məktəbli uşaqlar üçün “Şəfəq” və “Könül işığı” adlı brayl jurnallarının xüsusi buraxılışı da hazırlanmışdır.
Eyni zamanda mərkəzdə nitq problemi olan uşaqlar üçün defektoloji bölmə, kinetik və əmək terapiyası, audio və elektron kitabxana xidmətləri fəaliyyətə başlamış, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 8 nəfər görmə qabiliyyəti məhdud olan şəxsə brayl kurslar təşkil edilmişdir.
Mərkəzdə uşaq serebral iflici, autizm, daun sindromu və periferik sinir sistemi xəstəlikləri olan uşaqların valideynləri ilə maarifləndirici görüşlər keçirilmiş, bu kateqoriyadan olan uşaqlarla təlim-tərbiyənin təşkili, evdə davranış və ünsiyyətqurma bacarıqlarının inkişaf etdirilməsinə dair məsləhətlər verilmişdir.
Proqramın icrasını həyata keçirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət komissiya yaradılmışdır. Komissiya sağlamlıq imkanları məhdud uşaqlarla bağlı yaranmış çətinliklərin aradan qaldırılması, ümumtəhsil müəssisələrində tədrisə cəlb edilmiş belə uşaqların dərslərdə iştirakının təmin olunması, onların fərdi nəticələrinin müəyyənləşdirilməsi və bu sahədə görülən işlərə nəzarət edilməsi və uşaqlara qarşı tolerant mühitin yaradılması məqsədilə muxtar respublikanın məktəbəqədər, ümumtəhsil, tam orta, məktəbdənkənar təhsil müəssisələrində və uşaq musiqi məktəblərində monitorinqlər aparmışdır. Monitorinqlər zamanı bu qəbildən olan uşaqlarla fərdi qaydada söhbətlər təşkil edilmiş, məktəblərdə valideyn, şagird və müəllimlər arasında maarifləndirici tədbirlər həyata keçirilmişdir. Hazırda muxtar respublikanın ümumtəhsil müəssisələrində sağlamlıq imkanları məhdud 940 nəfər uşaq təhsil alır ki, bunlardan 61 nəfəri 1-ci sinfə cəlb olunanlardır.
Bundan başqa, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Bu qəbildən olan uşaqlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. 2007-ci ildə Naxçıvan Uşaq Bərpa Mərkəzinin istifadəyə verilməsi sevindirici hal olub. Mərkəzdə anadangəlmə və ya sonradan müəyyən səbəblərdən sağlamlıqlarını qismən itirən uşaqların muxtar respublikadan kənara getmədən tamamilə dövlət vəsaiti hesabına müayinə və müalicə olunmalarına hər cür şərait yaradılıb.
Dövlət proqramının icrasına uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların ünsiyyətqurma bacarığının inkişafı və sosial reabilitasiyası da diqqət mərkəzində saxlanılmış, bu məqsədlə Naxçıvan Uşaq Bərpa Mərkəzində multisensorlu terapiya otağı istifadəyə verilmişdir. Bununla yanaşı, mərkəzdə elektriklə müalicə otağı, infraqırmızı və mikrodalğa ilə müalicə otağı, su prosedurları, masaj, müalicəvi bədən tərbiyəsi zalı və parafin aplikasiya otaqları da fəaliyyət göstərir.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölməsinin Şərur və Ordubad rayonlarında yeni filialları fəaliyyətə başlamışdır.
Sağlamlıq imkanları məhdud uşaqların idmana cəlbi də diqqət mərkəzində saxlanılmışdır. Bu kateqoriyadan olan uşaqlar arasında idmanın kütləviliyinə nail olmaq üçün Naxçıvan şəhərində şahmat, üzgüçülük, qolbol, boccia, tennis və bədii gimnastika bölmələri, Şərur rayonunda 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlardan ibarət bədii gimnastika, üzgüçülük, masaüstü tennis, atıcılıq və şahmat bölmələri, Ordubad rayonunda şahmat və basketbol bölmələri, Culfa rayonunda şahmat və futbol bölmələri, Şahbuz rayonunda şahmat bölməsi, Kəngərli rayonunda şahmat, voleybol və futbol bölmələri və Şahtaxtı kəndində stolüstü tennis bölməsi fəaliyyətə başlamışdır.
Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının dəvəti ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin masaüstü tennis idman növü üzrə baş məşqçisi və II Respublika Uşaq Paralimpiya Oyunlarının qalibi olan sağlamlıq imkanları məhdud 2 uşaq muxtar respublikamızda olmuşlar. Sağlamlıq imkanları məhdud uşaqlar arasında idmanın bu növünü genişləndirmək məqsədilə Naxçıvan Əlillərin Bərpa Mərkəzində valideynlər ilə görüş keçirilmiş, Şərur Olimpiya-İdman Kompleksində Naxçıvan Paralimpiya Federasiyasının Şərur rayonunda fəaliyyət göstərən masaüstü tennis bölməsinə cəlb olunan uşaqlar üçün təlim-məşq toplanışı olmuş, daha sonra isə sağlamlıq imkanları məhdud uşaqlar arasında Naxçıvan şəhərindəki Uşaq Bərpa Mərkəzində stolüstü tennis idman növü üzrə yarış təşkil edilmişdir.
Proqramın icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sağlamlıq imkanları məhdud uşaqların elektron məlumat bazası yaradılmışdır. Bu qəbildən olan uşaqların ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilməsi və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olan əsas məsələlərdəndir.
Əmir ASLANOV
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin baş məsləhətçisi