“Zamanının qədrini bil, onu lazımsız işlərə sərf etmə”. Valideynlərimiz tərəfindən məyuscasına deyilən bu cümləni, yəqin ki, vaxtaşırı hər birimiz eşidirik. Eşitməyənlər isə, çox güman ki, böyüyüb valideyn olub və artıq özləri övladlarına bunu nəsihət edirlər. Zamanını nə qədər səmərəli keçirsən də, vaxt ötdükdən sonra “kaş ki”lərin qalır geridə. Çox uzağa getmirəm, lap elə götürək gün növbələşməsini. Heçmi olmayıb günün sonuna çatdığınızın fərqinə vardığınızda zamanınızı səmərəli keçirməyinizə baxmayaraq, “kaş ki bir az daha cəld olsaydım və filan işimi də yoluna qoysaydım”, – dediyiniz?! Bəs yaxşı, heyifsilənməyimiz nəsə ifadə edirmi? Əfsuslar olsun ki, arxada qoyduğumuz zaman, sadəcə, keçmişə çevrilir.
Zaman su kimi axıb gedir. Onu nə mən, nə sən, nə də bir başqası dəyişdirə, qabaqlaya, yaxud da saxlaya bilər. Saatın əqrəbi, təqvimin günləri, ilin fəsilləri bizə məhəl qoymadan öz işini görür, yəni addım-addım bizi gələcəyə aparır. Yazıçı Elçin Əfəndiyevin dediyi kimi, təqvim özü də son payız çağında üşüm-üşüm üşüyən ağacdır: gündə bir sarı yarpaq salır. Bəli, payızda yarpaqlarını bir-bir yerə tökən ağacın qışdakı mənzərəsinə hamımız şahidik. Bu, çox gözəl bənzətmədir, lakin bir fərq də var ki, ağac yazda yenidən çiçəkləyir, lakin insan elədirmi? Onun üçün zaman bir daha geri qayıtmamaq şərtilə keçib gedir.
Bir Afrika atalar sözündə deyilir ki, bu həyatda hər ötən gündən daha sürətli qaçmaq lazımdır. Deyirlər, insan bir sağlamlığının, bir də gəncliyinin qədrini yalnız onları itirdikdən sonra anlayır. Əlimizdəkilərin qədrini onların başına bir şey gəlməmişdən əvvəl bilməli və tələsməliyik. Peyğəmbərimiz deyir ki, xəstəlik gəlmədən əvvəl səhhətin, yaşlılıq gəlmədən əvvəl gəncliyin, kasıblıq gəlmədən əvvəl zənginliyin, məşğuliyyət gəlmədən əvvəl boş vaxtın, ölüm gəlmədən əvvəl dünya həyatının qədrini bilin.
Zaman axar çay kimidir. O həm özünü aparar, həm də üzərindəkiləri.
Bəli, zaman axıb gedir və özü ilə birlikdə bizim gücümüzü, cavanlığımızı, həvəsimizi də aparır. Bununçün deyilib ki, hər işi öz zamanında görmək daha səmərəlidir.
Əziz oxucular, unutmayaq, kim olduğumuzun heç bir önəmi yoxdur, zaman kimsə üçün geri qayıtmaz. Düşünün, dünyanın ən varlı insanısınız və lazım olduğunda əlinizin çatmadığı yer yoxdur. Sahib olduqlarınızla uşaqlığınıza, ya da gəncliyinizə geri qayıtmaq istəsəniz bacararsınızmı? Bəlkə də, hə. Əldə edə bilərsiniz, lakin həmin illərə aid çox olsa, bir neçə foto, yaxud da köhnə tanış... Gerisi mümkün deyil.
Mövzuyla əlaqəli bir internet portalında rast gəldiyim çox maraqlı bənzətmə ilə sizi tanış etmək istəyirəm. Ümid edirəm ki, sizin üçün də faydalı olacaq: “Təsəvvür edin ki, bankda hesab açmısınız və hər gün bu hesaba 86 min 400 manat qoyursunuz, amma axşamadək o pulları xərcləməli olursunuz. Pulu xərcləməyinizdən asılı olmayaraq, hesabınız sıfırlana bilər. Belə olduğu təqdirdə nə edəcəksiniz? Təbii ki, pulun hamısını xərcləməyə çalışacaqsız. İndi isə deyilənlərə diqqət edin! Hər birimiz zaman adlı bankın müştəriləriyik. Hər səhər 86 min 400 saniyəyə sahib oluruq. Bu saniyələr həmin gün tükənir və ertəsi gün bizə qaytarılmır. Bir sözlə, geriyə yol yoxdur. Saniyələri elə həmin halda yaşamalı və sabaha saxlamamalıyıq. Elə isə hər anın dəyərini bilib ondan səmərəli istifadə etməliyik”.
Hər yeni günlə yeni bir fürsət, yeni bir imkan təqdim edilir bizə. “Al, bu gün sənindir. Bu gün də sənə bir fürsət verildi”, – deyilir. Amma məsələnin mahiyyəti insanın o fürsətdən necə istifadə etməsindədir.
Vaxt öldürmək ən bahalı əyləncədir. Onu israf etməyin qarşılığı çox sərt şəkildə üzümüzə çırpıla bilər. Bu, eyni şəkildə “Qurani-Kərim”in bir çox ayəsində qadağan olunmuş və qulların bundan çəkinməsi ifadə edilmişdir. Texnologiyanın həyatımızı “əsir almasından” sonra zaman bizə yetməməyə başladı və hətta zamansızlıqdan şikayət edər hala gəldik. İnsan həyatını məşğul edən hər şey onun zamanını işğal etməkdədir. Vaxtdan istifadə edə bilməyən adam həmişə onun yel kimi uçmasından gileylənər.
Bəs zamanımızdan necə səmərəli istifadə edə bilərik?
Yəqin ki, çoxları çatışmazlığının plansızlıq olduğunu özləri də etiraf edərlər. Elə isə işə günlük plan hazırlayaraq başlaya bilərsiniz. Hər iş üçün saat limiti qoyun.
Təqvimdən istifadə edin. Özünüzə son tarix qoyun. Məsələn, öz-özünüzə deyin ki, nə olur-olsun, filan tarixə qədər bu işi görüb qurtaracam.
“Yox” deməyi bacarın. Bəli, əgər yox deməyi bacarırsınızsa, bu, çox yerdə karınıza gələcək. Biz insanlar bəzən yanlış işlərə həddindən artıq çox vaxtımızı sərf edirik.
Erkən qalxmağı hədəfləyin. Çox güman ki, bu, bilmədiyiniz bir şey deyil. Bu, eyni zamanda sağlamlıq baxımından da faydalıdır. Səhərlər tez yuxudan qalxan insanlar həm gümrah olur, həm də işləri bir-neçə saat tez görüb qurtarır.
Heç xoş ovqat yaratmasa da, bu, həqiqətdir ki, gündəlik yaşamımızda yemək yemək, yol getmək, ictimai nəqliyyatı gözləmək, yatmaq və sair kimi işlər vaxtımızı həddindən çox aparır. Zamanımıza nə qədər qənaət etsək də, bütün bunlar olmadan da mümkün deyil. Heç olmazsa, yerdə qalan zamanımızı mənalı, səmərəli yaşayaq. Heç olmazsa, sabahımızın xətrinə bu günümüzün qədrini bilək.
Fatma BABAYEVA