23 Dekabr 2024, Bazar ertəsi

Tarixən cəmiyyət inkişaf etdikcə həyatda rast gəlinən müxtəlif təsadüfi bədbəxt hadisələrin vurduğu maddi zərərlərin sığorta vasitəsilə ödənilməsi də mühüm bir tələbat halına gəlib. Bu baxımdan digər təxirəsalınmaz işlər kimi, sığorta olunmağa göstərdiyimiz münasibət günümüzün mədəni normaları arasında özünə yer tutmaqdadır. 

Müasir dövrdə informasiya almaq imkanlarımız xeyli genişlənib. Hər gün çoxlu sayda təbii fəlakətlər, texnogen qəzalar, insanların səhvi və ya şəraiti düzgün qiymətləndirməməsi ucbatından baş verən arzuedilməz hadisələr haqqında xəbərlər alırıq. Bu hadisələr nəticəsində insanlar həyat və sağlamlığını itirir, maddi zərərlərə məruz qalırlar. Ehtimalı nə qədər az olsa da, hər an baş verə biləcək belə qəfil hadisələr insanları çətin maddi vəziyyətə salır, ailələrin büdcəsinə zərər vurur. Odur ki, müasir dövrdə ailə büdcəsinə nəzarət, gəlir və xərclərin düzgün idarə olunması ilə yanaşı, həm də sığorta savadlılığının artırılması istiqamətində insanların maarifləndirilməsinə çalışılır. Məqsəd isə hər bir ailənin iqtisadi təhlükəsizliyinin təmin olunmasıdır.

Qeyd etmək lazımdır ki, müasir dövrümüzdə digər sahələr kimi, sığorta işinin texnologiyasında, onun həyata keçirilmə mexanizmində, sığortaçı ilə sığorta­olunan vətəndaşlar arasında hüquqi, təşkilati məsələlərin həllində də xeyli təkmilləşdirmələr aparılmışdır. Başqa sözlə, müasir sığortanın tarixi bir neçə yüz illərə qədər gedib çıxsa da, dünyada, o cümlədən ölkəmizdə sığorta sahəsində cəmiyyətin inkişafına uyğun olaraq daim yeni qanun və qaydalar tətbiq olunur. Təkcə icbari sığortanın bir sıra növlərinə, məsələn, daşınmaz əmlakın, avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortasına nəzər salsaq, burada vətəndaşların rahatlığı naminə nə qədər üstünlüklər olduğunu görərik. Belə ki, özünə avtomobil almış və hərəkət zamanı hər hansı qəfil hadisə nəticəsində üçüncü bir şəxsə vura biləcəyi maddi zərəri ağlına belə gətirməyən bəzi vətəndaşlara bunları xatırlatmaq onun gələcəyinə ən böyük zəmanətdir. Bundan başqa, müasir texnoloji imkanlar da vətəndaşların sığorta tələbatlarını ödəmək üçün çox əlverişlidir. İndi həyata keçirilən mütərəqqi üsullarla çox az bir müddət içində vətəndaşların sığortalamaq istədiyi daşınmaz əmlak, ev əmlakı, avtomobil və digər dəyərli və qanunla sığortalanması mümkün olan bütün obyektlərin sığorta sənədləri hazır­lana bilir. Eynilə də baş vermiş sığorta hadisəsi zamanı sığortalı vətəndaşın müraciətindən dərhal sonra sığorta agentliyinin nümayəndələri hadisəni aktlaşdıran digər müvafiq dövlət qurumu nümayəndələri ilə birgə hadisə yerində faktları dəqiqləşdirirlər. Bütün bunlar isə ölkəmizdə və muxtar respublikamızda həyatın bütün sahələrində davam edən inkişaf prosesləri fonunda mümkün olur.
Cəmiyyətdə sığorta mədəniyyətinin formalaşması bir sıra amillərdən asılıdır. İlk olaraq bu, sığorta fəaliyyətini təşkil edən müxtəlif təşkilatların, qurumların və sığorta olunmağa maraqlı olan şəxslərin qarşılıqlı etibarlı əməkdaşlığı nəticəsində formalaşır, sığorta bazarı iştirakçılarının davranışlarını tənzimləyən normalar sisteminə çevrilir. Qeyd olunduğu kimi, burada ilk mühüm şərt formalaşmış etibardan ibarətdir. Bu elə bir vacib məqamdır ki, bu zaman sığortaolunanın sığorta­edənə, sığortaedənin isə sığortaolunana qarşılıqlı inamı yaranır və sığorta tərəflər arasında vacib bir sosial-iqtisadi tələbat modelinə çevrilir. Bundan sonra əhalinin sosial müdafiəsinin təşkili, təsadüfi, gözlənilməz hadisələr baş verdikdə onların maddi itkilərinin sığorta fondu vasitəsilə əvəz olunması, beləliklə də, onların çıxılmaz vəziyyətdən qurtarılması sığorta işini təşkil edənlərin vəzifəsinə, vaxtında sığortalanmaqla onun üstünlüklərindən istifadə etmək isə bütün sığortaolunanların borcuna və sosial məsuliyyətinə çevrilir.
Muxtar respublikamızda əhali arasında sığorta maarifçiliyinin genişləndirilməsi, bu sahədə mədəniyyətin formalaşdırılması istiqamətində işlər görülür. Belə ki, sığorta işinin genişləndirilməsi və bu sahədə mədəni xidmətin təmin olunması üçün dövlət tərəfindən sığorta orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tələblərə cavab verən yeni inzibati binanın, nəqliyyat vasitələrinin, informasiya sistemlərinin istifadəyə verilməsi bu işin yüksək səviyyədə həyata keçirilməsinə təminat yaradır. Bununla yanaşı, muxtar respublika Dövlət Baş Sığorta Agentliyi tərəfindən idarə, müəssisə və dövlət orqanlarında maarifləndirmə tədbirləri keçirilir, müasir sığortanın mahiyyəti və əhəmiyyəti barədə ətraflı məlumat verilir. Eləcə də icbari və yaxud könüllü sığorta müqaviləsi bağlayan hər bir şəxsə bağladığı müqavilənin mahiyyəti, onun əhəmiyyəti, habelə sığorta hadisəsi baş verdikdə ona müraciət etmək və bu müqavilədən faydanlanması yolları izah olunur. Sığorta müqavilələrinin bağlanılma işlərinin sadələşdirilməsi üçün onların elektron formada həyata keçirilməsi də bu istiqamətdə görülmüş ­işlərdəndir.
Bununla yanaşı, cəmiyyətdə müsbət sığorta ənənəsi yaratmaq, onu inkişaf etdirmək üçün təkcə bir qurumun deyil, bütün insanların səyləri tələb olunur. Belə ki, məsələn, bir çoxları yeni tanış olduqları insanların evi, və ya bahalı avtomobili ilə maraqlanırlar. Ancaq nədənsə, sığortası olmayan evin və ya avtomobilin nə zamansa ola biləcək qəfil bir hadisədən sonrakı dəyəri çox vaxt yada düşmür. Halbuki sığorta məbləği 20 min manatla ölçülən daşınmaz əmlakın cəmisi 40 manatlıq sığortası ilə bir il müddətində onun dəyərini zəmanət altına almaq olar. Əks halda, mütaliə həvəskarlarına yaxşı tanış olan “Merfi qanunları”nda deyildiyi kimi, avtomobilin yaxud evin sığorta müqaviləsi müddətində heç bir hadisə baş vermədiyi halda müqavilə müddəti bitəndən bir gün sonra baş verə biləcək bir hadisənin kim zəmanətçisi ola bilər ki? Ona görə də vaxtında sığorta olunmaqla, sığorta müqaviləsinin qurtardığı anda yenidən müqavilə bağlanılmasını təmin etməklə sığorta şəhadətnaməsi almaq ən təxirəsalınmaz işlərdən biri olmalıdır. Müddəti bitmiş sığorta müqaviləsinin həmin gün yenilənməsi ola biləcək qəfil hadisələrin qarşısında çətin vəziyyətə düşməməyə imkan verir. Çünki heç bir qəfil hadisənin gəlişini əvvəlcədən xəbər vermək mümkün deyil.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR