Tarix yaşayır, tarix qorunur, gələcək nəsillərə ötürülür
Culfa rayonunun Xanəgah kəndindən yazı hazırlamağa gedərkən gülün gülü, çiçəyin çiçəyi çağırdığı yağışlı yaz günlərinin biri idi.
Avtomobilimiz Əlincəçayın sahili ilə irəlilədikcə bir-birini əvəz edən yaraşıqlı kənd mənzərələri fonunda uzaqdan görünən, bir zamanlar 14 il düşmən qarşısında məğrur dayanan Əlincə qalası ucalıq, qəhrəmanlıq, möhtəşəmlik simvolu kimi bu qədim yurd yerinin ulu tarixini yada salırdı. Hər daşında, qayasında şərəfli bir tarixlə bağlı həqiqətlər yaşanan Xanəgahı Əlincəçay iki yerə bölüb. Elə magistral yoldan çayın sol hissəsində daha bir tarixi abidə diqqəti cəlb edir. Bu, Xanəgah Abidə Kompleksidir. 2005-ci ildə bu kompleksdə əsaslı təmir işləri aparılıb. Kompleksə hürufilik cərəyanının başçısı Fəzlullah Nəiminin türbəsi, məscid binası, sərdabə və naməlum abidənin sütunları daxildir. Bu gün hər bir xanəgahlı bu kənddə yaşamaqdan qürur hissi duyur. Əlincə qalası, Xanəgah Abidə Kompleksi onlara yaşayış məntəqəsinin tarixini danışır. İnsana yüksək vətənpərvərlik, yurda bağlılıq, onun keçmişinə ehtiram hissləri aşılayan, tarixi özündə yaşadan abidələr Xanəgahın pasportudur.
Bu torpağa kimlərin ayağı dəyməyib? Eldəgizlərin saxlanc yeri, Naxçıvan hakimi Zahidə xatının iqamətgahı bu qalada yerləşib. Şah İsmayıl Xətai uşaqlıq illərini burada keçirib. Dünyaya meydan oxuyan Əmir Teymurun oğlu Miranşah tərəfindən qətlə yetirilən Fəzlullah Nəimi bu torpağın suyundan içib.
Mənimsə düşüncələrimə hakim kəsilən bu kəndin adının etimologiyası və yaşayış yerinin nə vaxt binə olması ilə bağlıdır. Yadıma filologiya elmləri doktoru Adil Bağırovun bu suallarla bağlı maraqlı elmi qənaəti düşür. Alim yazır ki, bu ad mənbələrdə Xangah, Xanəgah, sonralar isə Xanağa şəklində işlənib. “Xanəgah” ev mənası bildirən “xanə” sözünə “-gah” şəkilçisinin artırılması yolu ilə əmələ gəlib. Kəndin “Xanəgah” adlandırılması hürufilik təriqətinin adı ilə bağlıdır. Böyük mütəfəkkir və şair Şeyx Fəzlullah Nəiminin də burada dəfn olunması “Xanəgah” sözünün hürufiliklə bağlı olduğunu təsdiqləyir. “Xanəgah” təriqət başçıları dəfn olunan, onlar üçün tikilən binalara, müqəddəs ocaqlara deyilir. Ona görə də tarixçi alim M.Nemətova yazır ki, kənddə ziyarətgah olduğuna görə, bura “Xanəgah” adlanıb və kəndin əsasının qoyulması XIII əsrdən əvvəllərə aiddir.
Adil Bağırov onu da bildirir ki, el arasında kəndin Şıx, Şeyx piri, yaxud Şeyx Xorasan adlandırılması da Nəiminin adı ilə bağlıdır. Deyilənə görə, Nəiminin tərəfdarları sağlığında ona Şeyx Xorasan (“nur saçan Günəş”, “Günəş bəxş edən”) deyə müraciət edirmişlər.
Gəlinən qənaət odur ki, “Xanəgah” sözü “bir şeyx və ya mürşidin rəyasəti altında olan dərvişlərin yaşadıqları və ibadət etdikləri yer, təkyə” mənasındadır. Demək, sufi qələndərləri buranı məbədgaha çevirib ibadətlə məşğul olduqlarına görə kəndə “Xanəgah – Xaniqah” adı verilib və canlı danışıq dilində bu ad “Xanağa” şəklinə düşüb. Son illər kəndin adının “Xanəgah” variantı rəsmiləşdirilib.
Tarixi yaşadılan kənddə adət-ənənələr də yaşadılır
Milli Məclisin deputatı Hadı Rəcəblinin Azərbaycan xalqına məxsus olan adət-ənənələrin bu gün hansı səviyyədə qorunması ilə bağlı “Azərbaycan” qəzetində dərc etdirdiyi bir yazını xatırlayıram. Millət vəkili yüksək vətənpərvərlik hissi və ürək yanğısı ilə yazır ki, ölkəmizin bəzi bölgələrində, xüsusən də mərkəzlərdə yaşı min illərə çatan bəzi adət-ənənələrimizə bu gün biganəliklə yanaşılır. Bu unutqanlığın səbəbini axtarır. Çox düzgün olaraq bu qənaətə gəlir ki, bu cəhətdən Naxçıvan Muxtar Respublikası istisnadır. Kimsə bununla razılaşmaya bilər. Əsl həqiqətdə isə millət vəkili düzgün mövqedədir. Bunu muxtar respublikanın bütün bölgələrində görə bilərik. Xüsusilə də ucqar dağ yaşayış məntəqələrində adət-ənənələrimizə ehkam kimi yanaşılır. Biz bunu Xanəgah kəndinin timsalında da gördük. Ağsaqqallarla söhbətimizdə qətiyyətlə bildirdilər ki, heç kimin bu adət-ənənələrə arxa çevirməyə ixtiyarı yoxdur. Çünki bu adət-ənənələr xalqımızın mənəviyyat pasportudur. Bu pasportu olduğu kimi saxlamaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Ağsaqqallar dedilər ki, istər yas, istər toy mərasimləri, istər xalq bayramları 50-60 il bundan əvvəl necə keçirilibsə, indi də elə keçirilir.
Bizə isə o qalır ki, bu adətləri xatırlayıb vaxtınızı almadan xanəgahlıların onlara belə yanaşmasını təqdir edək.
Qədimliyin fonunda müasirlik
Rayon mərkəzindən 37 kilometr aralı məsafədə yerləşən bu yaşayış məntəqəsi gündən-günə gözəlləşməkdə, öz simasını dəyişməkdədir. Zəngin təbiəti, yaşıllığı olan bu yurd yeri Culfa rayonunun ən səfalı kəndlərindən biridir. Sakinləri elmə, təhsilə yüksək qiymət verən insanlardır. Əhalisi 1270 nəfər olan kənddə 351 təsərrüfat var. Yaşayış məntəqəsində müstəqillik illərinin bəhrələri hər addımda görünür. 2003-cü ildə bu yaşayış məntəqəsində 288 yerlik məktəb binası müəllim və şagirdlərin ixtiyarına verilib. Burada təhsilin yüksək səviyyədə qurulmasına şərait yaradılıb. Şagirdlərin doğma torpağa bağlı ruhda tərbiyə olunmasını diqqət mərkəzində saxlayan təhsil ocağı özünün ənənələri ilə həmişə fəxr edib. Kənd məktəbini bitirənlər arasında 1 akademik, neçə-neçə elmlər doktoru var.
Kəndə gəlmişkən məktəbə də baş çəkməyi unutmadıq. 2011-ci ildə məktəb binasında təmir işləri aparılıb, tədrisin müasir tələblər səviyyəsində qurulması üçün lazımi şərait yaradılıb. Yeri gəlmişkən qeyd edək ki, Xanəgah kənd tam orta məktəbi həmin il keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Ötən dərs ilində məktəbi bitirən 16 məzundan 10 nəfəri tələbə adına layiq görülüb. Növbəti dərs ilində bu rəqəmin artacağına əminliyini ifadə edən Azərbaycan Respublikasının əməkdar müəllimi Səidə Səfərova bildirdi ki, qazandıqları uğurların təməlində hərtərəfli dövlət qayğısı dayanır. Onlar da bu qayğıdan səmərəli istifadə etməyə səy göstərirlər. Getdikcə artan qayğı onların məsuliyyətini də artırır.
2011-ci ildə davam etdirilən quruculuq tədbirləri çərçivəsində Xanəgah avtomobil yolu, kənd və xidmət mərkəzləri istifadəyə verilib.
Əsaslı şəkildə yenidən qurulan yolun uzunluğu 3,5 kilometrdir. Avtomobillərin rahat hərəkəti üçün yolda bütün texniki tədbirlər görülüb, asfalt örtüyü yenilənib, 260 metr məsafədə istinad divarları, 55 metr məsafədə suötürücü qurğular və 24 paqonometr su keçidləri inşa olunub.
Yeni quruculuq obyekti olan kənd mərkəzi iki mərtəbədən ibarətdir. Mərkəzin birinci mərtəbəsində polis sahə və baytarlıq məntəqələri, rabitə evi, kitabxana yerləşir. Yaşayış məntəqəsinin sakinləri kənd mərkəzində yerləşən kitabxananın, 192 nömrə tutumlu yeni elektron ATS qurulmuş rabitə evinin, müasir dərman preparatları və lazımi avadanlıqlarla təchiz edilmiş baytarlıq məntəqəsinin nümunəvi fəaliyyətindən istifadə etmək imkanı qazanıblar.
Kənd mərkəzinin ikinci mərtəbəsində icra nümayəndəliyinin, bələdiyyənin, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının, kənd mədəniyyət evinin fəaliyyəti üçün lazımi şərait yaradılıb, arxiv və 70 yerlik zal istifadəyə verilib.
Kəndin ulu və şərəfli tarixini özündə yaşadan Xanəgah Abidə Kompleksi barədə yazımızın əvvəlində qısaca da olsa, məlumat verdik. Qeyd edək ki, bu tarixi abidə 2007-ci ildə əsaslı surətdə bərpa edilib. 2011-ci ildə isə Xanəgah kəndinin mərkəzindən abidəyə 1300 metr məsafədə yeni avtomobil yolu çəkilib, ətrafı abadlaşdırılıb, yola asfalt örtük salınıb.
Bütün evlərin qazlaşdırıldığı və telefonlaşdırıldığı kənddə təsərrüfatda da xeyli uğurlar qazanılıb. Kənd təsərrüfatının inkişaf etdirilməsinə hərtərəfli imkanlar yaradıldığı bir vaxtda torpaq mülkiyyətçiləri ilbəil əldə etdikləri göstəriciləri təzələyir, daxili bazarın yerli istehsal məhsulları ilə təminatına töhfələrini verirlər.
Kəndin təsərrüfat həyatı və ya ağsaqqallar dedilər ki...
Xanəgah kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Ramin Paşayev bu barədə ətraflı məlumat verərək bildirdi ki, xanəgahlılar harada, hansı vəzifədə, hansı peşədə çalışmalarından asılı olmayaraq, həm də əsl torpaq adamlarıdır. Onlar bu qiymətli sərvəti daimi iş yeri hesab edirlər. Ümumi torpaq sahəsi 7584 hektar olan Xanəgahda əhalinin öhdəsində 119 hektar pay, 100 hektara yaxın həyətyanı torpaq sahəsi var.
Dağətəyi zonada yerləşsə də, burada əkinçiliyin inkişafı üçün əlverişli imkanlar mövcuddur. Son illər Xanəgahda taxılçılığa marağın daha da artdığını bildirən müsahibim qeyd etdi ki, ötən təsərrüfat ili də onlar üçün uğurlu olub. Torpaq mülkiyyətçiləri taxıl əkini sahələrindən dağlıq ərazilər üçün yüksək nəticə hesab edilən məhsuldarlığa nail olublar. Cari ildə də yaxşı göstəricilər qazanacaqlarına inanırlar.
Ömrünün 9-cu onilliyini yaşayan İdris Paşayev bildirdi ki, sovet dönəmində digər yaşayış məntəqələrimiz kimi, Xanəgahda da belə bir fikir formalaşmışdı ki, dağlıq ərazilərdə yüksək keyfiyyətli taxıl istehsal etmək mümkün deyil. Ancaq torpaqlar kənd adamlarına paylandıqdan sonra bu qənaətin kökündən səhv olduğunu gördük. Bu gün Xanəgahın hər bir torpaq mülkiyyətçisi qayğı ilə əhatə olunub. Kənddə su problemi tamamilə həll olunub. Əlincəçaydan, həmçinin 7-8 kilometr məsafədə çağlayan bulaqlardan kəndə su çəkilib. Kəndin ərazisində 7 bulaq var. Qızdırma, Cəfər və Yuxarı çeşmələrin yaşı, bəlkə də, kənddən çoxdur. Ancaq bu təbii su mənbələrinin suyunun azaldığını görən olmayıb. Kənddə 2 artezian quyusu vurulub. Bu da sahələrin suvarılmasında əlimizdən tutur. İstehsal etdiyimiz məhsulun üyüdülməsindəki problemi isə Camaldın körpüsü yaxınlığında, Əlincəçayın sol sahilində istifadəyə verilmiş un dəyirmanı aradan qaldırıb. Kənd adamlarına göstərilən qayğılar bununla bitmir. Onlara güzəştli kreditlərin verilməsi, lizinq yolu ilə texnikalardan istifadə olunmasına şərait yaradılması da taxılçılığa marağın artmasını şərtləndirən amillərdir.
Qeyd edək ki, kənd sakinlərinin iqtisadiyyatını gücləndirən məşğuliyyət sahələri içərisində meyvəçiliyi, arıçılığı və heyvandarlığı da göstərmək olar.
Bu gün Xanəgahda 60 hektara yaxın meyvə bağı var. Hər ailə ildə 3-4 ton məhsul götürür, gün-güzəranını yaxşılaşdırır. Arıçılığa artan marağın nəticəsidir ki, kənddə 600-dək arı ailəsi saxlanılır, yaxşı da qazanc əldə edilir. Yaşı 80-ni haqlamış Əli Məmmədov deyir ki, əsl kənd adamı yaşadığı ərazidə mümkün olan bütün təsərrüfat sahələrini inkişaf etdirməlidir. Çünki muxtar respublika əhalisinin 70 faizi kəndlərdə yaşayır. Deməli, keyfiyyətli, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, daxili bazarı bu məhsullarla təmin etmək də onların üzərinə düşür. Mən kənd məktəbində müəllim işləyən oğlum İlyasla 50 arı ailəsi saxlayıram. Hər il də bol məhsul götürürük. İnanıram ki, 2013-cü ildə də qazancımız xeyli olacaq.
Kənd ağsaqqalı İdris Paşayev də söhbətə qoşulur:
– Son illərdə kənd təsərrüfatının inkişafı ilə bağlı nə qədər qərar verilib. Bunların hamısı kənd adamına qayğıdır, böyük dəstəkdir. Kim bu qayğıdan səmərəli istifadə edirsə, o, təkcə öz yaşayışını yaxşılaşdırmır, həm də ölkənin iqtisa-diyyatının gücləndirilməsinə töhfələrini verir.
Xanəgah kəndində bir neçə saat ərzində bu yaşayış yeri, onun insanları, kənd sakinlərinin təsərrüfatda qazandığı uğurlarla tanış oldum. Bu uğurların onların gün-güzəranına gətirdiyi yeniliklər məndə xoş duyğular yaratdı. Son illərdə bu kənddə 50-dək şəxsi minik maşınının alındığı, hər il bir neçə fərdi yaşayış evi tikildiyini qürurla söyləyən kənd ağsaqqalı Adil Süleymanovun sözlərinə haqq qazandırdım:
– Çörəyi ver çörəkçiyə, birini də üstəlik. Bu kəndin adamları da onlara verilmiş pay torpaq sahələrindən, yaradılmış şəraitdən, hərtərəfli dövlət qayğısından səmə-rəli istifadə etməyi bacarırlar, çünki yaxşı yaşamağın da yolu bundadır.
Qədim yurd yerindən ayrılarkən yadıma Ali Məclis Sədrinin sözləri düşdü: “Xanəgah kəndi qədim tarixə malikdir. Böyük bir məktəb yaratmış Fəzlullah Nəiminin məzarı buradadır. Xanəgah həm də tarixə qəhrəmanlıq rəmzi kimi daxil olmuş Əlincə qalasının ətəyində yerləşir. Bu səbəbdən də kəndə xarici qonaqlar, turistlər tez-tez gəlirlər. Ona görə də Xanəgahda abadlıq, təmizlik qorunmalı, bu kənd daim öz səliqə-sahmanı ilə seçilməlidir”.
Dönüb Əlincə qalasının ətəyinə sığınan kəndə baxdım. Yağış yağmağında, mənsə düşüncələrimdə, kənd öz qaynarlığında idi. Pay torpaq sahələrindən ev-eşiyinə qayıdan insanların üzündə yorğunluqla yanaşı, çəkdikləri zəhmətin bəhrəsindən yaranan sevinc hisslərini duymaq çətin deyildi. Müasir Azərbaycan kəndinin nümunəsi olan Xanəgah və xanəgahlılar daha bir günü başa vururdular. Sabaha daha böyük inam və ümidlə. İnam və ümidləriniz həmişə doğrulsun.
Muxtar MƏMMƏDOV