Onu siz də tanıyın
(Oçerk)
Yaşadığı kənddə hamı onu ağaclara böyük sevgisi ilə seçilən birisi kimi tanıyır. 67 yaşı var. Bu yaşınadək müxtəlif sahələrdə çalışsa da, ağac əkməyi, ona qulluq etməyi ən çox sevdiyi məşğuliyyət hesab edib, bununla nəfəs alıb. Həyatda çətinlikləri az olmayıb, təbiətə məhəbbəti hətta sağlamlıq imkanını da məhdudlaşdırıb – bir qolunu itirib. Ancaq ağac əkəndə sevinib, o boy atdıqca fərəhlənib, bar verdikcə arzusunun həyata keçdiyinə inanıb. Ağaclara öz övladı kimi yanaşıb, onların hər nazını çəkib, təkcə gündüzlər deyil, gecələr də onları yoluxub. Beləliklə, heç zaman əkilməyən şoranlaşmış torpaqlarda 5 hektarlıq bağ salmağa müvəffəq olub. Necə deyərlər, inadkarlığı və zəhməti bir araya gətirərək yararsız, boş çöllük ərazini gülüstana çevirməyi bacarıb. Bununla da, tək əllə necə səs çıxarmağı hər kəsə sübut edib.
Kəngərli rayonunun Böyükdüz kəndində yaşayan Hümbət Həsənovla əvvəl kənddə, sonra isə əsl “iş yeri”ndə – Naxçıvan-Sədərək magistral yolunun kənarındakı bağda görüşdük. Söhbətə körpü salmaq üçün özünün həyat yolundan, bu işə necə könül verməsindən danışmağı xahiş etdik. Onun dediklərindən:
– Böyükdüz kəndinə 1966-cı ildə Şərur rayonunun Ərəbyengicə kəndindən köçmüşük. O zaman 16 yaşım vardı. Atamızı çox cavan ikən itirdiyimizə görə kiçik yaşlarımdan əməyə alışmışam, işləyib ailəyə kömək etmişəm. Hərbi xidmətdən sonra – o zaman Böyükdüz kəndinin yaxınlığında gəc istehsal edən bir sex vardı, orada işləməyə başladım. Bu sex indiki Naxçıvan-Sədərək magistralının kənarında yerləşirdi. Bu ərazilər şoranlıq olduğundan burada heç bir ağacı ərsəyə gətirmək mümkün deyildi. Ancaq mən sexin yaxınlığında əkdiyim bir neçə ağaca mütəmadi qulluq edərək onları böyüdə bilmişdim. Bu ağaclar mənim daim diqqətimdə idi. Günlərin bir günü işə gələndə gördüm ki, yaxınlıqda bir çoban sürünü ətrafa yayıb, qoyunlar da eləmə tənbəllik, yeni əkdiyim tinglərin çoxunun yarpaqlarını və şivlərini qoparıb yeyiblər. Buna görə də çobanla mübahisə etdik və gözləmədiyim anda qəfildən bıçaqla qoluma bir neçə zərbə endirdi. Sonra iş yoldaşlarım gəldi və köməklik edərək məni xəstəxanaya apardılar. Çoxsaylı bıçaq zərbələri qolumda böyük fəsadlar yaratmışdı. Müalicə üçün Bakıya göndərilsəm də, sonda həkimlər qolumun kəsilməsi ilə bağlı qərar verdilər. Bir müddət sonra Naxçıvana qayıtdım. Uzun müddət sağ qolumun yoxluğuna inanmasam da, sonralar reallıqla barışmalı oldum. Zamanla özümü sol əllə yemək yeməyə, yazmağa, işləməyə alışdırdım. Sonra kəndimizdəki poçt şöbəsində poçtalyon olaraq işə başladım. O zamanlar belə deyildi. Hər gün qəzetlər gəldikdən sonra onları dəstə ilə yığaraq kənddəki abunəçilərin evlərinə paylayırdım. Beləliklə, 40 ilə yaxın bir müddətdə poçtalyon olaraq çalışdım. Bu müddətdə ağac əkməkdən, onlara qulluq etməkdən heç yorulmadım. Nəhayət, indi gördüyünüz bu ərazidə – Naxçıvan-Sədərək magistral avtomobil yolunun kənarında ağac əkməyə qərar verdim. Ərazinin torpağı şor olduğundan burada heç bir ağac olmurdu. Məndən əvvəl də bunu təcrübədən keçirənlər olmuşdu, ancaq heç nə əldə edə bilməmişdilər. İlk olaraq burada gilənar ağacları əkdim, onlara nə qədər qulluq etsəm də, istəyim baş tutmadı, hamısı qurudu. Ancaq həvəsdən düşmədim. Növbəti ildə burada söyüd, iydə, tut tingləri əkdim və davamlı olaraq suvardım ki, torpağın şoranlığı getsin. Düzdür, bir neçəsi qurusa da, salamat qalanları da oldu. Bundan sonra əkdiyim ağacların sayını daha da artırdım. Yol kənarındakı bu ağacları qorumaq digər tərəfdən ona görə çətin idi ki, Böyükdüz kəndində mal-heyvan saxlayanlar çoxdur. Bu heyvanlar örüşə gedən zaman bağın yanından keçirdi. Yeni əkilmiş tingləri həm onlardan, həm də tanımadığım, ağaclara istənilən zaman zərər verə biləcək yoldan keçənlərdən qorumalı idim. Aradan bir neçə il keçdikdən sonra istəyimə çatdım. Ağaclar böyüdükcə, onların zərər görmək ehtimalı da azaldı. Hazırda burada böyüyən ağaclar 5 hektar ərazini əhatə edir. Torpağın şoranlığı da gedib. İndi bu yaşıllıqların içərisində meyvə ağacları da az deyil. Ərik, gilənar, alma ağaclarının gətirdiyi meyvələrdən hər il əsgərlərimizə sovqat göndəririk, yoldan keçənlər də yeyirlər.
Hümbət kişi deyir ki, meyvə mövsümü olmasa belə, hər gün, hətta gecələr də bağa gəlir. Buradakı ağacların hamısına öz övladı kimi yanaşır, onların hər birini nəzərdən keçirir, vaxtında aqrotexniki qulluq göstərir. Sevinir ki, indi insanlar onun əkib-becərdiyi bağın meyvəsindən yeyir, sərinliyində istirahət edirlər. Həmsöhbətimiz bunu da bildirdi ki, yaşıllıqlara, təbiətə olan sevgisi yolun digər tərəfində salınmış yeni tut bağının da ona həvalə olunmasına imkan verib. Hümbət kişi isə bütün bunlarla yanaşı, magistral yoldan Böyükdüz kəndinə ayrılan avtomobil yolunun digər tərəfindəki boş şoranlıq ərazini göstərərək burada da yeni ağaclar əkmək istəyini dilə gətirir. Bu işin də öhdəsindən gələcəyinə, quru çöllük ərazini yaşıllıqlara çevirəcəyinə inanır. Biz isə, öz növbəmizdə, ona “Xeyirli olsun”, – deyirik.
İndi Kəngərli rayonunda çoxları Hümbət Həsənovu işgüzar, zəhmətkeş bağban kimi tanıyır. Ağac əkib-becərməyi, yaşıllıqlara qulluq etməyi artıq özünün həyat tərzinə çevirən bu maraqlı və zəhmətkeş insan çoxlarımız üçün nümunədir.
Sonda müsahibimiz dilə gətirə bilmədiyim – “İndiyədək tək əllə işləmək sizə çətinlik yaratmayıb ki?” – sualını sanki gözlərimdən oxuyub dedi: “Mən həyatda itirdiyim qoluma təəssüflənmirəm, əkib-böyütdüyüm ağacların qol-budaqları ilə nəfəs alıram”.
Səbuhi HƏSƏNOV