23 Dekabr 2024, Bazar ertəsi

Uşaqlar həyatı bu filmlərdən öyrənirlər 

Diqqət etsək, görərik ki, azyaşlı uşaqların çoxu özünü hər hansısa bir cizgi film qəhrəmanına oxşatmağa çalışır, onun kimi danışır, hərəkətlərini təqlid edir. Məsələn, tanıdığım bir uşaq özünü “Maşa və ayı” cizgi filminin qəhrəmanı Maşaya oxşadır, onun etdiyi dəcəllikləri etməklə ərköyünlük sərgiləyirdi. Valideyninin dediyinə görə, hətta cizgi filminin hər seriyasından sonra orda gördüyü hərəkətləri eynilə təkrarlamağa cəhd edirdi.
Belə çıxır ki, cizgi filminin verdiyi tərbiyə valideynin tərbiyəsini üstələyib ki, uşaq özünü cizgi film qəhrəmanına oxşatmaqla bərabər, eyni zamanda valideynlərini, onların rəftarını da həmin personajlarla müqayisə edir. Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, bu kimi hallar heç bir valideynin xoşuna gəlmir, əksinə, uşaq olmaqlarına baxmayaraq, təkrarladıqları hərəkətlər onların bəzilərini hövsələdən belə, çıxarır. Bəs bu halları yaradan kimdir? Cizgi filminin ssenarisini yazanmı, yoxsa onu izləyənmi? Bəlkə, elə izləməyə şərait yaradan?
Deyirlər ki, uşaqlar həyatı cizgi filmlərindən öyrənir. Bəs, görəsən, həmin filmlər onlara həyatı necə öyrədir? Övladlarımıza bizim öyrətmək istədiyimizi, yoxsa tam əksini? Mövzu ilə bağlı psixoloq Şahnaz Məmmədova ilə həmsöhbət oluruq. Onun dediklərindən:

– Uşaqlarımızın intellektual səviyyədə yetişməsi üçün onu heç nədən məhrum ­etməməli, hər yaş dövrünün özünəxas məşğuliyyətləri ilə vaxt keçirmələrinə icazə verməliyik. Təbii ki, müəyyən çərçivə daxilində. Uşaqlar çox kiçik yaşlarından te­leviziyaya maraq göstərirlər. Onlar 18 aylıqdan etibarən televizordan gələn səs və görüntülərə reaksiya verirlər. 3-6 yaşlarda isə bu rolun əhəmiyyəti daha da artır. Çünki bu yaş qrupundan olan uşaqlar cizgi filmini izləyərkən artıq onun məzmununu da dərk edirlər. Buna görə də onların hansı məzmunda cizgi filminə baxdığına diqqət yetirməliyik. Biz özümüz də cizgi filmləriylə böyüyən nəsil olmuşuq. Amma, gəlin nəzər salaq, ozamankı cizgi filmlərinə və onların qəhrəmanlarına. Məsələn, yerli cizgi filmlərimizdən “Cırtdan”, “Tıq-tıq xanım”da dostluq, dürüstlük var. Hətta “işıq gələn tərəfə get” kimi zaman-zaman işlədilən belə cümlələrlə onlar bizə yol da göstərirdilər. Bu cizgi filmlərində nə qəhrəman o birini döyür, nə də kimisə təhqir edirdi ki, biz də onlardan təsirlənərək kiməsə şiddət tətbiq edək.
Lakin bugünkü bəzi cizgi filmləri, kompüter oyunları uşaqlarda daha çox mənfi xüsusiyyətlər formalaşdırır. Bəzi valideynlər mənə uşaqlarının kinli, başqalarına qarşı daim hikkəli olması, yaşıdlarına, bağça, məktəb yoldaşlarına şiddət göstərməsi şikayəti ilə müraciət edir. Onlarla söhbətlərdən də aydın olur ki, həmin uşaqlar günün əksər hissəsini kompüter oyunları oynamaqla keçirirlər. Çünki bu oyunların çoxunda silahla qarşındakı hədəfi vurmaq tələb olunur. Kiçik yaşından belə şiddət təbliğ edən oyunlar oynayan uşaqlar zaman-zaman özlərini həmin oyunun bir parçası, hətta qəhrəmanı hesab etdiyindən kənardakılara da şiddət göstərirlər.
Cizgi filmlərinə gəldikdə isə, bu baxımdan onların da bəziləri kompüter oyunlarından geri qalmır. Davamlı olaraq aqressiv xarakter aşılayan cizgi filmi izləyən uşaqların digər yaşıdlarına görə daha çox dalaşdıqları və daha gərgin olduqları müşahidə edilməkdədir. Bu uşaqlar ana-ata və böyükləriylə münasibətlərində də səbirsiz olurlar. Uşaqdır, gələcəkdə xatırlamaz deyib keçməyin, uşaqların qavradığı hər şey illər sonra ortaya çıxır. Buna görə də kiçik yaşlarında öyrəndikləri onların gələcəklərinə bila­vasitə təsir edir.
Şahnaz Məmmədova onu da qeyd edir ki, bütün bunlara baxmayaraq, uşaqları cizgi filmlərindən məhrum, onları yaşlarından böyük pro­qramlara baxmağa vadar etmək də düzgün deyil. Sadəcə, valideynlər seçimdə diqqətli olmalıdırlar. Beləliklə, xüsusilə aqressiya məzmunlu cizgi filmlərindən uşaqları uzaq tutmalı, hətta əvvəlcədən onu özü izləyib uşaq üçün yararlı olub-olmadığı qənaətinə gəlməli, övladının, müsbət mənada, təsirlənəcəyi cizgi filmlər barədə maraqlanmalı, maariflənməlidirlər. Cizgi filmini izlədikdən sonra onun məzmunu, qəhrəmanları barədə müzakirə aparmalı, uşağın ondan tam olaraq nə qavradığını, hansı nəticəni götürdüyünü öyrənməlidirlər. Əgər övladları hər hansısa bir hadisəyə yanlış qiymət veribsə, ona filmdə gördüklərini düzgün qiymətləndirməyə kömək etməli, hadisələri müsbət və doğru istiqamətdə izah edib aydınlıq gətirməlidirlər. Bundan əlavə, cizgi filmi izləməyin də saatı olmalıdır. Beynimiz biz istədiyimiz tərzdə işləmir. İstər uşaq, istərsə də böyük, yaşdan asılı olmayaraq, betta dalğasında olur. Məktəbəqədər dövrünə kimi uşaqlara gün ərzində ən çoxu 30 dəqiqə, daha yuxarı yaşlarda isə gün ərzində 1 saat olmaqla, te­levizor izləməyə icazə vermək olar.
Psixoloqun da vurğuladığı kimi, ekran qarşısında uzun müddət qalan uşaqlar artıq sosial sferada kifayət qədər vaxt keçirmədikləri üçün sosial həyatlarında vacib olan bacarıq və vərdişlərdən geridə qalmış olur və bununla da, sosial münasibətlər qurmaqda çətinlik çəkirlər. Uşaqları bütün günü ekran qarşısında oturtmaq yerinə, onları digər faydalı fəaliyyət sahələrinə yönəltmək, birlikdə oyunlar oynamaq daha məqsədəuyğundur.
Xaricdə çəkilmiş cizgi filmləri arasında ən çox Türkiyə, yaxud da fərqli ölkələrin istehsalı olub, türk dilinə tərcümə edilənlər daha çox izlənilir. Müşahidə aparsaq, görərik ki, bu cizgi filmlərinə baxan uşaqlar fikirlərini Azərbaycan dilində ifadə edəcək sözlər tapa bilmir, həmin sözün türkcə qarşılığını deyərək ətrafındakıları başa salmağa çalışırlar. Bunun özü də mənfi amildir. Hətta deyərdim ki, kiçik yaşlarda cizgi filmi ilə başlayan məşğuliyyət müəyyən yaşdan sonra seriallarla əvəzlənir. Uşaqları mümkün qədər onlardan da uzaq tutmaq lazımdır. Çünki uşaq, yaxud da yeniyetmə cizgi filmindəki, serialdakı qəhrəmanın rahat, problemsiz həyatını arzulayır, hətta bəzən arzulamaqla qalmayıb təkidlə istəyir, onların filmdə, yəni gerçək həyatdan kənar bir yerdə etdiyi hərəkətlərin eynisini edir. Bütün bunlar da bizim istər ailə dəyərlərimizə, istərsə də mentalitetimizə tamamilə zidd hallardır.
Çalışaq ki, uşaqlarımız milli dəyərlərimizə uyğun dürüstlüyü, zəhmətkeşliyi, dostluğu özündə simvolizə edən cizgi filmləri izləsinlər və gələcək nəsil də məhz elə bu meyarlar üzərində yetişsin.

 Fatma BABAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR