23 Dekabr 2024, Bazar ertəsi

Ekoloji tərbiyə ahəngdar şəxsiyyət tərbiyəsinin mühüm tərkib hissəsidir. O, gənc nəsli ekoloji biliklərə yiyələnməyə, onlarda ekoloji mədəniyyəti formalaşdırmağa yönələn tədbirlər sistemidir. Ekoloji tərbiyənin əsasını təbiətə sevgi, onun mühafizəsi işi təşkil edir. İnsan təbiətin bir üzvüdür. Təbiət öz sərvətləri ilə insanı yaşadır, fiziki və mənəvi cəhətdən inkişaf etdirir, ona həyat verir. Lakin bəzən insan öz yaşamaq mənbəyinə – təbiətə, ekoloji mühitə ziyan vurur, udduğu havanı, içdiyi suyu, məhsulunu yediyi torpağı zəhərləyir. Bu yolla insanlıq özünüməhvə aparır, özü üçün dəhşətli fəlakətlər, xəstəliklər yaradır. Bunun qarşısını almaq üçün kiçik yaşlardan uşaqları təbiətə qayğı ruhunda tərbiyə etmək, ekoloji şüuru və mədəniyyəti formalaşdırmaq lazımdır. 

Naxçıvan şəhərində fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzi də öz işini bu istiqamətdə qurub. Buranın fəaliyyəti haqda məlumat əldə etmək məqsədilə həmin ünvanda olduq. Mərkəzin direktor əvəzi Həcər Heydərova bizimlə söhbətində bildirdi ki, 1971-ci ildə Gənc Təbiətçilər Stansiyası kimi yaradılan müəssisə 1991-ci ildən Ekoloji Tərbiyə Mərkəzi kimi fəaliyyət göstərir.

Mərkəzin yerləşdiyi bina əsaslı şəkildə yenidən qurularaq 2013-cü ildə istifadəyə verilib. Məktəbdənkənar müəssisədə “Faunanın ekologiyası”, “Floranın ekologiyası”, “Əhali və ətraf mühit”, “Kütləvi-təşkilati işlər”, “Metodika”, “Yeni yaradılmış ekoloji ictimai birliklərlə iş”, “Kənd təsərrüfatı və ekologiya” adlı 7 kabinə, “Naxçıvan Muxtar Respublikasının heyvanlar aləmi və onun ekologiyası”, “Dərman bitkiləri və onun ekologiyası”, “Təbii sərvətlər və onun ekologiyası”,“Gülçülük və ailə”, “Gülçülük və insan psixologiyası” kimi dərnəklər təşkil edilib. Ümumilikdə, 32 adda 102 dərnək məktəblilərin ekoloji tərbiyəsi ilə məşğul olur. Dərnəklərə 1422 şagird cəlb edilib. Mərkəzin kollektivi Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəbləri şagirdlərinin dərnəklərə cəlbini yaxşılaşdırmaq, onların bu sahədə biliklərini daha da inkişaf etdirmək və asudə vaxtlarının səmərəli təşkili məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Dərnək rəhbərləri şagirdlərdə doğma yurdun təbiətinə məhəbbət hissləri formalaşdırmaq üçün bütün imkanlardan istifadə edirlər. Mərkəzdə çalışan müəllimlər öz məşğələlərini günün tələbləri səviyyəsində qurur, mövzu ilə əlaqədar bəzi məşğələləri təbiətin qoynunda keçirməyə üstünlük verirlər.
Həcər Heydərova onu da bildirdi ki, dərnək üzvlərinin muxtar respublika səviyyəli tədbirlərdə iştirakı da diqqət mərkəzində saxlanılır. Onların qədim diyarımızın təbiət abidələrinə ekskursiyaları təşkil olunur. Bu ekskursiyalar zamanı muxtar diyarımızın zəngin fauna və florası barədə söhbətlər aparılır, herbarilər, müqəvvalar, kolleksiyalar düzəldilir. Mərkəzdə həmin eksponatlardan ibarət sərgi otağı da vardır.
Yerli şəraitdən asılı olaraq təbiəti mühafizə işinin müxtəlif formalarından istifadə olunur: məktəb meşəçiliyi, gənc təbiətçi dərnək və klubları, məktəb qoruqları, meyvə bağları, ekologiya üzrə olimpiada və viktorinalar, məktəb ekologiya cəmiyyəti və sair belə maraqlı formalardandır.
Mərkəzdə doğma diyarımızın təbiətinə aid müxtəlif mövzularda viktorinalar, seminarlar təşkil edilir ki, bu da uşaqların ekoloji biliklərinin daha da möhkəmləndirilməsinə imkan verir. Bunlardan əlavə, mərkəz tərəfindən uşaqların bu sahədə daha çox biliklərə malik olması üçün muxtar respublikanın faydalı qazıntıları və dərman bitkilərinə aid əlavə metodik və­saitlər hazırlanıb. Bunlardan da dərnək məşğələlərində geniş istifadə olunur. Mərkəzdə ilin müxtəlif ekoloji günlərindən ibarət təqvim də tutulub.
Məktəbdənkənar müəssisənin kabinə müdiri Pərvanə Vəliyeva deyir ki, dərnək üzvlərinin Payız meşəsinə, Nəbatat bağına, Duzdağ Fizioterapiya Mərkəzinə, Şahbuz Dövlət Təbiət Qoruğuna, Batabat Astrofizika Rəsədxanasına və muxtar respublikamızın digər guşələrinə ekskursiyaları təşkil edilib. Həmçinin ötən ayın 18-də Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Yay tətili uşaqların gözü ilə” devizi altında festival təşkil edilib. Festivalda Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvləri də fəal iştirak edib, 1 dərnək rəhbəri və 2 dərnək üzvü mükafatlandırılıb.
Ekoloji tərbiyənin formalaşdırılmasında rolu olan mərkəzin əsas vəzifəsi gənc nəsildə ekoloji təfəkkürün, mədəniyyətin, sağlam həyat tərzinin, ətraf mühitə məsuliyyətli və humanist münasibətin möhkəmləndirilməsidir.
Təbiətə və təbii sərvətlərə qayğıkeş, humanist münasibət gənc nəsildə ekoloji mədəniyyəti formalaşdırır və onların gələcəkdə ekoloji cəhətdən savadlı, səriştəli mütəxəssis kimi yetişməsinə imkan yaradır. Bu baxımdan mərkəzin fəaliyyəti ­təqdirəlayiqdir.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR