Yazın əvvəllərindən sinoptiklər Naxçıvanda kəskin istilərin olacağını proqnozlaşdırmışdılar. İyun ayından başlayaraq bu proqnozlar özünü doğrultdu. Yay fəsli bir-birindən dadlı-tamlı meyvələri ilə bərabər, yüksək temperaturu da gətirdi. Ancaq muxtar respublikada insanların mənzil-məişət, iş və istirahəti üçün yaradılan şərait indi isti yay fəslini də normal keçirməyə imkan verir.
Təbii ki, isti yay günlərində Naxçıvan şəhərində Günəşin yandırıcı istisindən qorunmaq üçün əsas məkanlar yaşıllıq zolaqları, park və xiyabanlardır. Çünki yaşıllıqlar iqlimi əhəmiyyətli dərəcədə yüngülləşdirir, rütubət və istilik rejimini yaxşılaşdırır, soyuq, isti və quru küləklərin təsirini öz üzərinə götürür. Yaşıllıqlar gecə vaxtı istiliyi nəzərəçarpacaq dərəcədə aşağı salır, gündüzlər tutduğu sahədə havanın temperaturunu azaldır. Məhz buna görə də yayın bərk isti vaxtlarında parklarda, bağlarda havanın temperaturu digər yerlərə nisbətən 2-3 dərəcə aşağı olur. Şəhərin seyrinə çıxdıqda yolların kənarlarında nizamla salınmış yaşıllıqlar, əkilən güllər, dekorativ ağaclar insana zövq verməklə bərabər, həm də yaşadığımız bu diyarın gözəlliyinə xüsusi çalarlar gətirir.
Yaşıllıqların isti yay fəslindəki faydaları nəzərə alınaraq muxtar respublikada bu günlərdə ağaclara xüsusi qayğı göstərilir, onlar hər gün suvarılır, dibləri yumşaldılır, ərazilər kol-kosdan təmizlənir. Bütün bu işlərin həyata keçirilməsində Naxçıvan Şəhər Yaşıllaşdırma İdarəsi bağbanlarının, müxtəlif idarə, təşkilat və müəssisələrin əməkdaşlarının, eləcə də ictimaiyyətin əməyini xüsusi qeyd etmək lazımdır. İndi, demək olar ki, hər gün bu insanları park və xiyabanlarımızda alın təri axıdaraq ağaclara qulluq edərkən görmək olar.
Naxçıvan şəhərində aparılan yaşıllaşdırma işləri, bu yaşıllıqların qorunması ilə bağlı Naxçıvan Şəhər Yaşıllaşdırma İdarəsinin müdiri Fətulla Nabatovla həmsöhbət olduq. Öyrəndik ki, yay fəsli başlanandan idarənin işçiləri parklar, xiyabanlar, yol kənarları daxil olmaqla, bütün yaşıllaşdırma ərazilərində fəal iş rejiminə keçiblər. Havaların isti keçməsi onların qayğılarını artırıb. Bu da təbiidir. Çünki illərlə qorunub ərsəyə gəlmiş ağacları, yaşıl örtükləri, təbii və dekorativ gül kollarını qızmar Günəşdən, bürküdən, istidən qorumaq elə də asan deyil. Bu məqsədlə həmin yaşıllıqlar hər gün suvarılır. Bunun üçün bütün suvarma texnikalarından istifadə olunur.
Bu xeyirxah tədbirdə Naxçıvan şəhərinin müvafiq dövlət qurumlarının əməkdaşları da öz vətəndaşlıq borclarını yerinə yetirirlər. Ancaq gəlin görək, Günəşin torpağı, necə deyərlər, qovurduğu bu günlərdə sığındığımız ağac kölgələrini bəzən hansı vəziyyətdə görürük? Bu suala cavab tapmaq o qədər də çətin deyil. Çünki səhər saatlarında park və xiyabanlarda sıra ilə, səliqəylə düzülmüş skamyaların yanından keçərkən sualın cavabı gün kimi aydın olur. Bu skamyalara çətir tutan ağacların diblərinin və səkilərin axşamlar bəzi sakinlər tərəfindən müxtəlif tullantılarla zibilləndiyini görürük. Ağaclara qulluq edən insanlarla söhbət zamanı belə bir fikir hasil olur ki, yayda, demək olar ki, hər gün eyni vəziyyətlə qarşılaşırlar. Bu halın aradan qaldırılması isə vaxt aparır.
Ötən günlərdə parklarımızdan birində həmsöhbət olduğum təqaüdçü Nəzmiyyə Zamanbəyovanın dediklərini xatırlayıram: – Demək olar ki, hər gün nəvəmlə birlikdə parka üz tutur, ağac kölgəsində sərin bir guşə tapıb bir-iki saat vaxt keçiririk. Bəzən müşahidə etdiyim hadisələr, sözün həqiqi mənasında, qəlbimi ağrıdır. Min bir əziyyətlə əkilib-becərilmiş ağacların ya budaqlarını kimsə qırır, ya da diblərini tum və siqaret kötükləri yığnağına çevirirlər. Məncə, belə adamlar təbiətin ən böyük düşmənləridir. Necə ola bilər ki, ağac öz gözəlliyi və təravəti ilə bir insana zövq, nəfəs versin, insan isə bunun qarşılığında o ağaca zərər vursun. Həmişə çalışıram ki, belə hallara qarşı iradımı bildirim, park və xiyabanlarda bizim yaxşı istirahət etməyimiz üçün tər tökən insanların nə qədər zəhmət çəkdiklərini onlara anladım. Əgər hər bir kəs bu məsələdə həssas olsa, onda bu xoşagəlməz halların sayı da az olar. Çünki təbiətə necə münasibət göstəririksə, təbiət də bizə zamanı gələndə eyni qarşılığı verəcəkdir.
Bəli, bu gün isti yay günlərində Naxçıvan şəhərində yaşıl məkanlar çoxluq təşkil edir. Birlikdə çalışmalıyıq ki, bu məkanlarda keçirdiyimiz mənalı zamanın qədir-qiymətini bilək, ağacları qoruyaq, belə əraziləri səliqəli saxlayaq. Bu, hər birimizin vətəndaşlıq borcuna çevrilməlidir.
Nail ƏSGƏROV