Avqustun 23-də Culfa Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfindən rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələr barədə tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev tədbiri açaraq son dövrdə Culfada sığorta fəaliyyəti sahəsində görülmüş işlər haqqında danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək müasir dövrdə muxtar respublikada sosial-iqtisadi inkişafın dinamikasına uyğun olaraq sığorta işinin də geniş miqyas aldığını bildirib. Qeyd olunub ki, sığorta baş verən gözlənilməz hadisələrin vura biləcəyi zərərlərə qarşı hazırlıqlı olmağa şərait yaradır. Hazırda sığortanın bir çox növlərinin tətbiq olunması günün tələblərindəndir. Muxtar respublikamızda sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə genişləndirilməsi işində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyəti vardır.
Bildirilib ki, vətəndaşlar sığorta olunmaqla sığorta hadisələri baş verdiyi zaman sağlamlığa, daşınmaz əmlaka, avtomobillərə, kənd təsərrüfatı məhsullarına dəymiş maddi zərərlərə qarşı təminat alırlar. Bu da onların təhlükəsizlik təminatı baxımından çox əhəmiyyətlidir.
Vurğulanıb ki, Culfa rayonu üzrə cari ilin ilk 7 ayında, ümumilikdə, 4149 ədəd sığorta müqaviləsi bağlanılıb. Onlardan 861-i avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 2241-i isə daşınmaz əmlakın icbari sığortası üzrədir.
Baş direktor həmçinin qeyd edib ki, bunlarla yanaşı, rayonda daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, ev əmlakı, fərdi qəza, kənd təsərrüfatı sığortaları və digər sığorta növləri üzrə görülmüş işlərlə bərabər, hələ də daşınmaz əmlakını icbari sığorta etdirməyən vətəndaşlar və sahibkarlar vardır.
Nəzərə çatdırılıb ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən icbari qaydada sığorta olunmalı bütün obyektlərin sığortası təmin edilməlidir. Bu məqsədlə Culfa rayonunda vətəndaşlar arasında sığorta maarifləndirilməsi işlərinə diqqət daha da artırılmalıdır.
Tədbirdə Culfa Rayon Yanğın Təhlükəsizliyi Şöbəsinin rəis müavini Murad Qafarov, rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis kapitanı Tariyel Əliyev, rayon Dövlət Sığorta Agentliyinin direktoru Teymur Hacıyev görülmüş işlər barədə məlumat veriblər.
Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev tədbirə yekun vurub.
Əli CABBAROV