İnsan resursları istənilən ölkənin inkişafı üçün mühüm amildir və bu resurslar əmək bazarında tutduğu vəzifədən və həmin vəzifənin funksiyalarından asılı olmayaraq, bütün işçiləri əhatə edir. Bu amildən səmərəli istifadə olunması cəmiyyətin ümumi inkişafına töhfə verir.
Ölkəmizdə də indiyədək həyata keçirilmiş sosial-iqtisadi tədbirlərin mahiyyətində insan amili diqqət mərkəzində saxlanıldığından qazanılmış müsbət nəticələrdə əmək potensialından düzgün istifadə olunması bir daha özünü göstərir. Belə ki, indiyədək bu sahədə qəbul edilmiş dövlət proqramlarının mahiyyətində məqsəd bir tərəfdən müxtəlif sahələrin inkişaf etdirilməsi ilə bağlıdırsa, digər tərəfdən də potensial insan resursları ilə əlaqəlidir.
Azərbaycanda həyata keçirilən dövlət siyasətinin daha çox sosialyönümlü olması və bu sahədə dəqiq hədəflərin müəyyənləşdirilməsi ölkəmizin gələcək inkişafının davamlı xarakter daşımasını şərtləndirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əks olunmuş mühüm istiqamətlərdən biri də insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulmasıdır.
Bu sistemin formalaşdırılmasında təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması ilə yanaşı, əhalinin məşğulluq məsələlərinin həlli də mühüm yer tutur. Qeyd edək ki, ötən dövrdə Naxçıvan Muxtar Respublikasında da əhalinin səmərəli məşğulluğunun təmin edilməsi sahəsində mühüm işlər görülür. Belə ki, muxtar respublikada 2007-2010-cu illərdə məşğulluq strategiyasının həyata keçirilməsi və 2014-2015-ci illərdə əhalinin məşğulluğunun artırılması üzrə dövlət proqramlarının uğurlu icrası məşğulluq məsələlərinin həllini keyfiyyətcə yeni mərhələyə çıxarıb. Əgər 1995-ci ilin sonuna məşğulluq xidmətlərində rəsmi işsiz statusu alanların sayı 5 min 211 nəfər təşkil edirdisə, hazırda bu göstərici sıfır səviyyəsinə endirilib, əmək bazarında sabitlik təmin olunub.
Statistikaya nəzər salsaq, görərik ki, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas yekunlarına görə, bu dövrdə muxtar respublikada 22 min 296 yeni, o cümlədən 19 min 215 daimi iş yeri açılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası isə işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açıb.
Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada 6364 yeni iş yeri açılıb, əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi üzrə təhlillər aparılıb, 5537 işaxtaran müəssisələrdə mövcud olan vakansiyalar üzrə işlə təmin edilib, 627 nəfər ictimai işlərə göndərilib, əmək bazarının tələbinə uyğun olaraq işaxtaranlar üçün təşkil olunan peşə kurslarına 7595 nəfər cəlb edilib. Həmin dövrdə sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu da diqqətdə saxlanılıb, 158 nəfər kvota yerlərinə, sağlamlıq imkanları məhdud 171 nəfər münasib işlərə göndərilib, məhdud fiziki imkanlı 161 nəfər peşə kurslarına cəlb olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin növbəti və daha uzun müddəti əhatə edən, 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” isə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə, işaxtaranların məşğulluğunun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə imkan verən və işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şəraitin yaradılmasına səbəb olan və qarşıdakı illərdə regionun məşğulluq strategiyasını müəyyənləşdirən mühüm konsepsiyadır. Dövlət proqramında göstərilən istiqamətlərə nəzər yetirdikdə aydın olur ki, müasir mərhələdə dövlət məşğulluq siyasətinin davam etdirilməsinin əsas məqsədi əhalinin səmərəli məşğulluğunun inkişafına yönəldilən tədbirlərin davamlılığının təmin edilməsi, əmək ehtiyatlarının əmək bazarına uyğun formalaşdırılması, işaxtaranlar üçün özünüməşğulluq imkanlarının artırılması, əmək bazarında tələb və təklifin real vəziyyətinin qiymətləndirilməsi üçün təhlillərin aparılmasıdır.
Peşə hazırlığının əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması, işaxtaranların, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi də əsas məqsədlərdəndir. Rəqəmlərə diqqət yetirsək, görərik ki, 2016-cı ildə qəbul edilmiş dövlət proqramının icrasının birinci ilində 2 min 818 yeni iş yeri açılıb ki, bunun da 98 faizi daimi iş yerləri olub.
Muxtar respublikada həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri də əmək yarmarkalarıdır. Yeni dövlət proqramının icrası çərçivəsində Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 2017-ci ilin aprel ayında muxtar respublikamızın bütün bölgələrində əmək yarmarkaları təşkil olunub. Bu məqsədlə muxtar respublika ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda olan boş iş yerləri haqqında məlumatlar əldə edilərək məşğulluq mərkəzləri tərəfindən yarmarkaya çıxarılıb. Keçirilən əmək yarmarkalarına 125-i özəl sektor olmaqla, 229 idarə, müəssisə və təşkilatdan 1608 boş iş yeri təqdim edilib. Təqdim olunmuş iş yerlərindən 1305-i dövlət, 303-ü qeyri-dövlət müəssisələrinə aid olub. Əmək yarmarkalarında 206 nəfər daimi işlə təmin edilib, 125 nəfər dövlət müəssisələrində, 81 nəfər isə özəl sektorda işə düzəlib. Onlardan 61 nəfəri 29 yaşadək gənc, 5 nəfəri isə sağlamlıq imkanları məhdud şəxsdir. Keçirilən əmək yarmarkalarında 16 nəfər peşə hazırlığı kurslarına cəlb edilib ki, onlardan 14 nəfəri kənd xidmət mərkəzlərində işlə təmin olunmaq üçün kurslara göndərilib.
Bu ilin iyul-avqust aylarında da əmək yarmarkaları keçirilib. Dövlət Məşğulluq Xidmətinin verdiyi məlumata görə, əmək yarmarkalarına 231 idarə, müəssisə və təşkilatdan, o cümlədən 63-ü özəl sektor olmaqla, 1669 boş iş yeri təqdim edilib. Həmin boş iş yerlərindən 1274-ü dövlət, 200-ü qeyri-dövlət müəssisələrinə aid olub. Əmək yarmarkalarında 96-sı dövlət, 89 nəfəri isə özəl sahədə olmaqla, ümumilikdə, 185 nəfər daimi işlə təmin edilib. Onlardan 176 nəfəri fəhlə, 9 nəfəri isə xidmət sahələrində çalışır. Gənclər və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlanılıb. Onlardan 54 nəfəri 29 yaşadək gənc, 1 nəfəri isə sağlamlıq imkanları məhdud olan şəxsdir. Sonuncu əmək yarmarkalarında 4 nəfər peşə hazırlığı kurslarına cəlb edilib.
İqtisadi fəaliyyətin təmin olunmasında əmək potensialından düzgün istifadə mühüm şərtdir. Əmək yarmarkalarının təşkil olunması da müasir iqtisadi reallıqlar nəzərə alınmaqla əmək ehtiyatlarının əmək bazarına uyğunlaşdırılmasında yeni imkanları ortaya qoyur.
Səbuhi HƏSƏNOV