23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada “Naxçıvan təbiəti” albom-kataloqu işıq üzü görüb. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxan albom-kataloqda muxtar respublikanın zəngin təbiətini, flora və fauna ehtiyatlarını əks etdirən bir-birindən maraqlı fotoşəkillər oxuculara təqdim olunur.

Fotoşəkillərdə əks olunan ərazilər barədə Azərbaycan, rus və ingilis dillərində məlumat verilir. Yeni nəşrin giriş hissəsində  Naxçıvan Muxtar Respublikasının ərazisi, coğrafi mövqeyi, qədim tarixi və müasir inkişafı barədə üç dildə məlumat yer alır. Qeyd olunub ki, muxtar respublika ərazisində olan 1200-dən çox qədim tarixi abidə xalqımızın zəngin mədəni irsindən xəbər verir. 5 min illik şəhər mədəniyyətinə malik olan Naxçıvan şəhəri 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilib. Qədim tarixi, müasir inkişafı, zəngin mədəniyyəti və təhlükəsiz həyat şəraiti Naxçıvanda turizmin inkişafına səbəb olub.

 Albom-kataloqda qədim diyarın coğrafi mövqeyi barədə oxucuları maraqlandıran faktlar diqqətə çatdırılaraq bildirilib ki, Naxçıvan Muxtar Respublikası Zaqafqaziya yaylasının cənub-şərqində yerləşir. Dəniz səviyyəsindən orta yüksəkliyi 1450 metrdir. Mövcud 11 iqlim tipinin 9-a muxtar respublika ərazisində təsadüf olunur. Muxtar respublika ərazisinin çox hissəsini Kiçik Qafqazın Zəngəzur və Dərələyəz dağ silsilələri əhatə edir. Ən hündür zirvəsi Qapıcıq dağıdır (3904 metr). Ərazinin üçdə bir hissəsini Arazboyu düzənliklər təşkil edir. 200-dən çox mineral su bulağı, 400-ə qədər böyük və kiçik çayı vardır. Naxçıvan Muxtar Respublikasında Azərbaycanın nadir fauna və florası məskunlaşıb. Ərazidə olan flora və faunanın nadir növləri Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”na daxil edilib və xüsusi mühafizəyə alınıb. Muxtar respublikanın təbiəti, flora və faunası qorunur. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, Arazboyu, Ordubad və Arpaçay Dövlət Təbiət yasaqlıqları hesabına xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir.

“Naxçıvan təbiəti” albom-kataloqu ilə buradan keçid edərək tanış ola bilərsiniz.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR