Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən avqustun 18-də Şərur, Babək, Ordubad, Culfa və Şahbuz rayonlarından olan və uzun müddət ünvanlı dövlət sosial yardımı alan 8 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün hər birinə yanında bir ədəd balası olan inək verilmişdir.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq aztəminatlı ailələrin özünüməşğulluqlarının təmin edilməsi üçün müxtəlif sosial layihələr həyata keçirilir. Belə ailələrdə ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılması barədə maarifləndirici tədbirlər aparılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə uzun müddət ünvanlı dövlət sosial yardımı alan və fərdi təsərrüfatlarını qurmaq üçün müraciət edən ailələrə köməklik göstərilməsi nəzərdə tutulmuşdur. Verilmiş tapşırığın icrası ilə əlaqədar özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edənlər içərisindən Şərur, Babək, Ordubad, Culfa və Şahbuz rayonları üzrə, ümumilikdə, 8 aztəminatlı ailə müəyyənləşdirilmişdir. Sonra həmin ailələrin təmsilçiləri təlim kurslarına cəlb edilmişdir. Bu gün isə həmin ailələrin hər birinə yanında bir ədəd balası olan inək veriləcəkdir.
Cavid Səfərov ailələri təbrik etmiş, dövlət tərəfindən onlara göstərilən bu dəstəkdən səmərəli yararlanacaqlarına, ailə təsərrüfatlarını genişləndirəcəklərinə əminliyini bildirmişdir.
Culfa rayon Bənəniyar kənd sakini Vüsal Hacıyev göstərilən qayğıya görə minnətdarlığını bildirmiş, ailə təsərrüfatından səmərəli yararlanacaqlarına söz vermişdir.
Qeyd edək ki, 2017-ci il iyunun 14-də də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən uzun müddət ünvanlı dövlət sosial yardımı alan 15 ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün “Simmental” cins inəklər verilmişdir.
Səbuhi HƏSƏNOV