Muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində məqsədyönlü fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyi yanacaqdoldurma məntəqələrində texniki və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl edilməsi məqsədilə maarifləndirmə və profilaktik tədbirlər həyata keçirir. Bütün bunları nəzərə alaraq nazirlik yanacaqdoldurma məntəqələrində müəssisə rəhbərləri və orada çalışan insanlar tərəfindən aşağıda qeyd olunan texniki və yanğın təhlükəsizlik qaydalarının tələblərinə ciddi əməl olunmasını tövsiyə edir.
Belə ki, yanacaqdoldurma məntəqələrinin istismarı zamanı təhlükəsizliyi qaydalarının pozulması, mövcud istismar qaydalarının tələblərinə əməl olunmaması və sair kimi hadisələr yanğın və partlayış təhlükəsi yarada bilər. Bundan əlavə, yeraltı maye yanacaq saxlama çənləri olan yanacaqdoldurma məntəqələrinin yaşayış, ictimai bina və qurğuların divarlarından ən azı 50 metr məsafədə tikilib-quraşdırılması tövsiyə olunur. Bu məsafə yanacaqpaylama kolonkalarından və yeraltı maye yanacaq saxlama çənlərindən başlayaraq hesablanmalıdır. Yalnız sutka ərzində yanacaq təchizatı 500 minik avtomobilindən çox olmayan yanacaqdoldurma məntəqələrinin yuxarıda qeyd etdiyimiz obyektlərədək olan məsafələri 25 metrə qədər azaldıla bilər.
Yanacaqdoldurma məntəqələrinin şəhərlərin yaşıllıq zonaları ərazisində, hidrometeoroloji stansiyalarının mühafizə zolaqlarında, su təchizatı mənbələri və su kəməri qurğuları sahələrinin, kurortların 1-ci sanitar-mühafizə zolaqlarında, tarixi və mədəni abidələrin mühafizə zolaqlarında, sürüşmə, qruntların çökmə, sel axını və qar uçqunu zonalarında yerləşdirilməsi qadağandır.
Yanacaqdoldurma məntəqələrində işə qəbul olunmuş hər bir əməkdaşın ümumi texniki, o cümlədən yanğın təhlükəsizliyi qaydalarını mükəmməl bilməsi çox vacibdir.
Belə obyektlərdə sutkalıq mühafizə təşkil edilməlidir. Yanacaqdoldurma məntəqələrində avtomobillərin təmiri üçün zərurət yaranarsa, bu iş paylayıcı kolonkalardan 25 metrdən az olmayan məsafədə həyata keçirilməlidir.
Məntəqələrdə yanğın və partlayış təhlükəsinə yol verməmək üçün digər qaydalara da əməl olunmalıdır. Belə ki, yanacaqdoldurma məntəqələrinin ərazisi, xüsusən paylayıcı kolonkaların ətrafı daim təmiz saxlanılmalı, avtomobillərə yanacağın doldurulması zamanı neft məhsulları yerə tökülərsə, dərhal təmizlənməlidir. Sərnişin daşıyan avtomobilləri sərnişinlərlə, partlayış, yanğın təhlükəli yüklər daşıyan avtomobillərin yüklə birlikdə yanacaqdoldurma məntəqələrinin ərazisinə buraxmaq, xüsusən də yanacaq doldurmaq üçün qəbul etmək qadağandır. Yanacaq doldurarkən avtomobillərin mühərriki söndürülməlidir. Yanacaqdoldurma məntəqələrində xidmətçilərin geyimlərinin yanacaqla kirlənməsinə yol vermək yanğın təhlükəsi yarada bilər.
Yanacaqdoldurma məntəqələrinə daxil olan və buradan çıxan avtomobillərin yolları bir-biri ilə kəsişməməli, hərəkətin sürəti saatda 20 kilometri keçməməlidir. Təhlükəsizlik məqsədilə yanacaqdoldurma məntəqələrinin müvafiq yerlərində yol-nəqliyyat nişanları qoyulmalıdır.
Yanacaqdoldurma məntəqələrində yeraltı və yerüstü yanacaqsaxlama çənlərində sızmanı nəzarətdə saxlayan avtomatik sistemin nəzarət lövhəsi fasiləsiz olaraq müşahidə altında saxlanılmalıdır. Yadda saxlamaq lazımdır ki, yanacaqdoldurma məntəqələrində yanacaq daşıyan avtomobillərdən çənlərə yanacağın boşaldılması zamanı mütləq torpaqlanma tədbirləri görülməlidir. Əks-təqdirdə yanacağın boşaldılması zamanı yaranan statik elektriklənmə xoşagəlməz və bədbəxt hadisələrə səbəb ola bilər. Yanacaqdoldurma məntəqələrinin ərazisində siqaret çəkilməsi qəti qadağan edilməli və bu, ciddi nəzarətdə saxlanılmalıdır. Yanacaqdoldurma məntəqələrinin ərazilərində texniki və yanğın təhlükəsizliyi qaydalarına əməl olunması üçün məlumatverici və qadağanedici lövhələr vurulmalı və göstərilən tələblərə ciddi riayət edilməlidir.
Bu məntəqələrdə normativlə seçilmiş ildırımötürücü qurğunun quraşdırılması təhlükəsizliyin təmin olunması üçün zəruridir. Yanacaq çənlərinin hər birində havalandırma üçün hava buxar klapanları quraşdırılmalı və onların daima işlək vəziyyətdə olması müəssisə rəhbərləri tərəfindən nəzarətdə saxlanılmalıdır.
Yuxarıda qeyd olunanlarla bağlı hər hansı bir yanğın hadisəsi baş verərsə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidməti telefonlarına zəng etməyi unutmayın.
Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı