Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlar dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar. Onların sosial müdafiəsi, təhsili, cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” mühüm əhəmiyyətə malikdir. Dövlət proqramının tətil günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili bəndinin icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə avqustun 17-də uşaqların Naxçıvan şəhərində ekskursiyası təşkil olunub.
Həmin gün sağlamlıq imkanları məhdud 20 uşaq Naxçıvan şəhərində fəaliyyət göstərən Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzində, Naxçıvan Biznes Mərkəzində, “Ləzzət Biskvit və Şokolad Fabriki” və “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli cəmiyyətlərində istehsal prosesi ilə tanış olub.
Sonra uşaqların Əyləncə və İstirahət Mərkəzində istirahətləri təşkil olunub. Nahar yeməyindən sonra onlar müxtəlif əyləncə guşələrindən və attraksionlardan istifadə ediblər. Uşaqlar ekskursiyadan xoş ovqatla ayrılıblar.
Naxçıvan Muxtar Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti