Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun və Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dünən Culfa rayonunda idarə, müəssisə işçilərinin, özəl sektor üzrə hüquqi və fiziki şəxslərin, o cümlədən torpaq mülkiyyətçilərinin iştirakı ilə “Pensiya siyasəti, sosial sığorta qanunvericiliyi, sosial sığorta sistemində fərdi uçotun tətbiqi” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim İmaməliyev açmışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Yaşar Məmmədov, Fərzi Seyidov, Bahadur Quliyev çıxış edərək könüllü sosial sığortanın mahiyyəti və üstünlükləri, əmək pensiyaları haqqında qanunvericiliyin tətbiqi, pensiyaların təyinatı, ödənişi ilə bağlı tədbir iştirakçılarına məlumat vermişlər.
Tədbirin sonunda yeni əmək fəaliyyətinə başlayan bir qrup vətəndaşa onların fərdi uçot sistemində qeydiyyata alındığını və onlar üçün fərdi şəxsi hesab açıldığını təsdiq edən sosial sığorta şəhadətnaməsi verilmişdir.
Xəbərlər şöbəsi