Uşaqlıq illərindən sehrbazlara böyük marağım olub. Yaxşı yadımdadır, hər dəfə yeni il tətilində televizorda sehrbazların bir-birindən maraqlı gözbağlıcalarını göstərirdilər. Onlardan biri şapkasından dovşan çıxarır, digəri şarı iynə ilə deşərək o biri tərəfindən çıxarır, bir başqası isə əlcəyindən göyərçin uçururdu. O illərdə mən sehrbazların bunları necə etdiklərini bilməsəm də, dovşanın o şapkada yaşadığına özümü inandırmağa çalışırdım. Yoxsa başqa cür necə ola bilərdi ki?
O illərin üstündən çox sular axıb, indi onlardan da əcaib-qəraib işlər görən sehrbazlar var. Arabir yenə onları televiziya ekranlarında görürəm. Ancaq indi, açığını deyim ki, bütün bunlara o qədər də inanmıram. Elə televizora baxıb “Ay səni kələkbaz!” – deyə bu sehrbazların ünvanına deyinəndə də düşünmüşəm ki, kaş yenə uşaq olaydım və bütün bunlara inanaydım. Neyləmək olar, illəri geri qaytarmaq mümkün deyil, indi bizə bu sehrbazlara baxıb, yalnız xəfifcə gülümsəmək qalır.
Ancaq ötən günlərdə qarşılaşdığım bir hadisə məni yenidən bu sehrbazlara inanmağa məcbur etdi. Özü də bu sehrbazlığı televizorda yox, elə gözümün önündəcə etmişdilər və bu o qədər cəldliklə olmuşdu ki, bu işin necə başıma gəldiyini ayırd edə bilməmişdim.
Ötən həftənin şənbə günü anam məni ət almaq üçün bazara göndərəndə bilməmişdim ki, heç bir əziyyət çəkmədən sehrbazlıqla qarşılaşacağam. Xülasə, bazara çatıb birbaşa qəssabxanaya yollandım, oraya varid olarkən “ətin yaxşısı burda”, – deyə car çəkənlərə məhəl qoymayıb piştaxtalara göz gəzdirdim. Onlardan birinə yaxınlaşıb, əlimlə gözümə yaxşı dəyən bir tikəni qəssaba göstərdim və onu çəkməsini xahiş etdim. İnsafən, yaxşı seçim etmişdim və çox ehtimal ki, anam mənim ət almaq bacarığım ilə bağlı evdə xeyli yaxşı sözlər söyləyəcəkdi. Ancaq elə olmadı. Niyə olmadı, bu barədə bir az sonra...
Müharibədə qalib gəlmiş adam ədası ilə evə girib, ət olan zənbili masanın üstünə qoydum, təşəxxüslə, “Ana, bu dəfə ət deyil, qaymaq almışam”, – deyib öz otağıma keçdim. Bir azdan mətbəxə qayıdanda gördüm ki, anam bir balaca deyinməyə başlayıb. Səbəbini soruşanda dedi ki, bala, qəssab bazarda nə qədər yağ, piy varsa, zənbilə doldurub. “Ola bilməz, qəssabla o qədər mübarizə aparmışam, gözümü əlindən çəkməmişəm, bu, necə ola bilər ki?” – deyə xeyli pəjmürdə oldum. Yadıma yenə o uşaqlıq illərində tamaşasına durduğum əl cəldliyi olan sehrbazlar düşmüşdü. Görəsən, o qəssab bu lazımsız ət parçalarını nə zaman, hansı sehrli qüvvə ilə zənbilimə atmışdı?
Öz-özümə qərar verdim ki, gələn dəfə bu adamın necə hərəkət etdiyini saniyə-saniyə izləyəcəyəm. Nə isə, əti alanda baxdım ki, hər şey qaydasındadır, qəssab əti yavaşca tənəkə qaba sürüşdürəndə qeyri-ixtiyari əlimlə qabı özümə tərəf çəkib içinə baxdım. Demə, işin əsası burda imiş. Qəssab əvvəlcədən piy və sümükləri tənəkə qabın mənə tərəf olan, görünməyən hissəsinə yığmışdı. Yavaşca tənəkə qabı yerə boşaltdım, qəssaba “ay səni, kələkbaz”, – deyib əti də almadan bayıra çıxdım. Çox razı qalmışdım. Çünki sehrbazlardan birinin sirrini aça bilmişdim.
Hə, əziz oxucular, sizə də kim desə ki, bu dünyada sehr-filan var, inanmayın. Sadəcə, diqqətli olsanız, sizə sehr kimi görünən əməlin əsl mahiyyətini başa düşəcəksiniz.
Səbuhi HÜSEYNOV