Cəmiyyətin sürətli inkişafı insanlara lazım olan bir çox xidmətlərin də təkmilləşməsini şərtləndirir. İqtisadi həyatda, alğı-satqı əməliyyatlarında pul ödəmələrinin təkmilləşdirilməsi ilə bağlı əldə olunmuş müasir dünya təcrübəsinin tətbiqi də bu baxımdan günün vacib məsələlərindəndir. Xüsusən plastik kartlardan geniş istifadə olunması ilə ödəniş əməliyyatlarında yaranan sürət və rahatlıq bu ödəmə formasına daha çox üstünlük verməyi tələb edir. Məqsəd insanların müxtəlif ödənişləri sürətlə yerinə yetirməsilə öz vaxtına qənaət etməsi, günün istənilən saatında və praktik olaraq dünyanın istənilən yerində pul ödənişlərini həyata keçirməsidir. Qloballaşan dünyada hər dəqiqənin dəyərini yüksək qiymətləndirən hər bir insana lazım olan mühüm tələbatlardan biri də budur.
Bir ödəniş vasitəsi olaraq pul insan həyatında, onun iqtisadi fəaliyyətində mühüm yer tutur. Dəyər ölçüsü kimi pulla əlaqədar məsələləri üç qrupa ayırsaq, bunlar pulun əldə olunması, mühafizəsi və xərclənməsi zamanı yaranan, hər birimizin tez-tez rastlaşdığımız problemlərdir. Pulun daha çevik və sürətli dövriyyəsi, onun etibarlılığı isə bir başqa problem kimi özünü göstərməkdədir. Buna görə də hazırda elektron pullar kimi tanınan plastik kartlardan istifadə ilə ödənişlərə geniş yer verilməsi belə problemlərin həllinə şərait yaradır. Ölkəmizdə “Elektron hökumət” layihəsi istiqamətində həyata keçirilən tədbirlər kimi, plastik kartlara keçid də öz bəhrəsini verməkdədir. Belə ki, 1 may 2013-cü il tarixə olan məlumata görə, Naxçıvan Muxtar Respublikası üzrə ödəniş kartlarının sayı 170846-ya, POS-terminalların sayı isə 177-ə çatmışdır. Lakin bununla yanaşı, belə bir fakt hələ də vardır ki, insanlar bu mütərəqqi ödəniş formasından tam istifadə etmir, əksər hallarda daha əziyyətli yollarla vaxtlarını boşa keçirərək ənənəvi ödənişə – nağd pulla hesablaşmalara üstünlük verirlər. Bunlar gündəlik həyatımızda tez-tez müşahidə olunan hallardır.
Bütün bunlara səbəb kimi plastik kartlardan istifadə sahəsində maarifçiliyin zəif olması qənaətinə gələrək bir daha bank işçilərinə müraciət edib biliklərimizi zənginləşdirmək istədik. Bu gün müxtəlif banklara məxsus plastik kartlar çoxlu sayda xidmətlər təklif etsə də, əhalinin əksəriyyəti bu kartlardan yalnız nağd pul əldə olunması vasitəsi kimi istifadə edir. Halbuki plastik kartlarla ölkəmiz daxilində və xaricdə bankomatlar vasitəsilə nağd pul almaqla yanaşı, ödəmələr etmək, mobil operatorların xidmət haqlarını ödəmək, respublika ərazisində və xarici ölkələrdə xidmət və mallar üçün ödəniş etmək, “Card to Card” xidməti ilə kartdan karta pul köçürmələri etmək mümkündür. Bunlardan əlavə, PİN kodla mühafizə olunan kartda vəsaitin etibarlı şəkildə qorunması qeyri-nağd vəsaitlərə üstünlük verilməsinə ciddi əsas verir. Plastik kartlarla hazırda istifadə etdiyimiz bankomatdan pul çıxarılması və POS-terminallar vasitəsilə ödənişlər etmək xidmətindən başqa, digər çoxlu xidmətlərdən də istifadə etmək mümkündür. Əgər internetə çıxış imkanlarınız və ya yaxınlıqda bankomat vardırsa, onda sizə məxsus plastik kartdakı vəsaitdən istifadə edərək yuxarıda qeyd olunan xidmətlərdən əlavə olaraq, elektron məkandan təklif olunan digər xidmətlərin xərcləri də bu vasitə ilə ödənilə bilər. Qeyd edək ki, cəmiyyətdə iqtisadi inkişafın sürətlənməsi və qloballaşmanın təsiri ilə insanların elektron ödənişlərlə istifadə etdiyi xidmətlərin sayı get-gedə artmaqdadır. Təkcə bir faktı qeyd edək ki, bu gün bir çoxlarımızda olan Master Card və VISA plastik kartları Azərbaycanda və dünyanın 200-dək ölkəsində istifadə olunur. Deməli, xarici ölkələrə səyahət etdikdə belə, plastik kartda olan vəsaiti bəyan etməməklə vəsaitlərinizi təhlükəsiz şəkildə xaricə aparıb oradakı bankomatlardan istifadə olunmaqla xarici valyuta şəklində nağd pul ala bilərsiniz.
Plastik kartlardan istifadə etməklə bəzən bir çoxlarımıza tez-tez lazım olan hesabımıza nağd pul ödənişləri və onlardan istifadə üzrə son 10 əməliyyat üzrə hesabdan çıxarışları da əldə etmək olar. Bununla da, sərbəst şəkildə gəlirlərimizə və xərclərimizə nəzarəti, ailə büdcəmizə qənaəti həyata keçirə bilərik. Bütün bu əməliyyatların öhdəsindən gəlmək isə bu gün geniş yayılmış ağıllı telefonların idarə edilməsindən heç də çətin deyil.
Əli CABBAROV